Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva Paris şəhərinin yeddinci
rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati
ilə görüşmüşdür
Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Paris şəhərinin yeddinci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati ilə görüşmüşdür.
Qonağı Bakıda görməkdən məmnun olduğunu deyən Mehriban xanım Əliyeva forumda iştirakına görə Rəşidə Datiyə təşəkkürünü bildirmişdir.
Azərbaycanın birinci xanımı Rəşidə Datinin tədbirdəki çıxışının maraqlı və məzmunlu olduğunu demişdir.
Azərbaycana dəvətə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən Avropa Parlamentinin üzvü Bakı forumunda keçirilən müzakirələrdə iştirak etməkdən məmnun olduğunu vurğulamışdır.
Qonaq Mehriban xanım Əliyevanın qadınların cəmiyyətdə rolunun təşviqi sahəsində gördüyü işləri yüksək qiymətləndirmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 9 aprel.- S. 3.