Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiya keçirilmişdir

 

Sonra sessiyanın digər həmsədri, YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina STENOU çıxış edərək YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya səmərəli fəaliyyətinə görə minnətdarlıq etmişdir.

"Mədəniyyətlərarası dialoqa bir çox hallarda ümumiləşdirilmiş ideya sistemi kimi baxılır",- deyən Katerina Stenou bildirmişdir ki, mədəniyyət sırf homogen məfhum deyil və ümumi mədəniyyətin tərkibində çoxsaylı fərqlərlə də rastlaşmaq mümkündür. Bu məsələdə qadınların roluna diqqət çəkən YUNESKO-nun rəsmisi vurğulamışdır ki, keçmişi qoruyan qadınlar yenilikləri və dəyişiklikləri də aramıza gətirən şəxslərdir. Odur ki, qadınlar mühafizəkar mövqelərdən uzaq olaraq hər zaman dəyişikliyə can atırlar.

"Mədəniyyət insan hüquqlarının pozulmasına görə də məsuliyyət daşıyır",- deyən Katerina Stenou bu forum çərçivəsində yeni elementlərin tapılmasına yardım etməyin vacib olduğunu demişdir.

 

* * *

 

Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Svetlana ORLOVA tam əmin olduğunu bildirmişdir ki, Bakıdan başlanan bu yol dünya miqyaslı platformaya çevriləcəkdir.

Bu məsələdə qadınların roluna gəlincə S.Orlova qeyd etmişdir ki, Azərbaycan bu sahədə öncül sıradadır. Çünki hələ 90 il əvvəl Şərqdə ilk dəfə qadınların seçki hüququ Azərbaycanda tanınmışdır.

"Mədəni müxtəlifliyin özü bir çağırışdır",- deyən S.Orlova bildirmişdir ki, müxtəlif risklərin ziddiyyətlərin mövcud olduğu dünyada mədəniyyətlərarası dialoqun təmin edilməsi vacibdir. Bu məsələdə tolerantlığın da diqqətdə saxlanılması, mədəni dəyərlərin daha çox gündəmə gətirilməsi zəruri xarakter daşıyır. Dünyada sülhün bərqərar olmasında qadınlarla yanaşı, təhsil elm mühüm rol oynayır.

 

* * *

 

Paris şəhərinin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə DATİ Bakıda gedən inkişaf proseslərindən danışmışdır. O demişdir ki, Bakıda gedən müsbət dəyişikliklər bu şəhərin dəyərini başa düşən insanların əməyinin bəhrəsidir. Qonaq bu müsbət dəyişikliklərin dünyanın bir çox şəhərlərində də həyata keçirməyin mümkünlüyünə toxunmuş, Azərbaycan paytaxtının qazandığı nailiyyətlər münasibətilə Mehriban xanım Əliyevanı təbrik etmişdir.

"Bakıda müxtəlif sivilizasiyalar qovuşur",- deyən R.Dati bildirmişdir ki, Azərbaycan bu cür tədbirləri keçirməklə prosesə olan sadiqliyini göstərir. R.Dati böyük ictimai fəaliyyətlə məşğul olan Azərbaycanın birinci xanımının ölkəmizin mədəni dəyərlərinin təbliğindəki fəaliyyətindən xəbərdar olduqlarını və bunun beynəlxalq miqyasda təqdir edildiyini bildirmişdir.

 

* * *

 

Mərakeş parlamentinin üzvü Mbarka BUAYDA ölkəsindəki qadın hərəkatı barədə danışmış, qadınların Mərakeş parlamentindəki səmərəli fəaliyyətindən bəhs etmişdir. M.Buayda müasir cəmiyyətin qurulmasında qadınların rolunun daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.

 

* * *

 

Rusiyanın İqtisadi Strategiyalar İnstitutunun direktoru Aleksandr AGEEV demişdir ki, qadınlar hər zaman kişilərin rəyinə güclü təsir göstərmiş və bu baxımdan onlar böyük hakim qüvvədir.

Qadınların iqtisadi proseslərə təsiri barədə fikirlərini forum iştirakçıları ilə bölüşən Aleksandr Ageev bildirmişdir ki, dünya qloballaşdıqca cəmiyyətlərdə qadınların da rolu artır. Bununla belə, qadınların karyera qurulmasında kişilərin yardımçı rolu daha da artırılmalı, tərəqqini daha da gücləndirmək üçün qadın amili mütləq nəzərə alınmalıdır.

 

* * *

 

ABŞ-ın Mədəniyyətlərarası Dialoq Mərkəzinin direktoru Vendi LİDS-HURVİTS vurğulamışdır ki, mədəniyyətlərarası dialoq hələ də mühüm araşdırma mövzusuna çevrilməmişdir. Bu sahədə mühüm irəliləyişlərə nail olmaq üçün qadınlar böyük qüvvə və tərəfdaş ola bilərlər.

Vendi Lids-Hurvits demişdir ki, mədəniyyətlərarası dialoqda diqqət müxtəlif mədəniyyətlərin üzvlərinin bir-biriləri ilə hansı formada ünsiyyət qurmasına yönəlməlidir və bu dialoqun qurulması üçün elmi əsaslar olmalıdır.

 

* * *

 

Minillik layihəsinin Meksika Qovşağının rəhbəri Konsepsiyon OLAVARİETA qadının cəmiyyətdə rolu məsələsinə fəlsəfi aspektdən yanaşmışdır. O, bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirmişdir.

 

* * *

 

"Mədəniyyətlərarası dialoq sahəsində nailiyyətlərin əldə edilməsi gender problemləri həll olunmadan mümkün deyil və gender bərabərliyi bu dialoqa mühüm istiqamət verir",- deyən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran HÜSEYNOVA bildirmişdir ki, mədəniyyətlərarası dialoq çərçivəsində qadınların ən mühüm rolu ondadır ki, onlar münaqişələrin qarşısının alınmasına və sülh prosesinin yaranmasına böyük töhfə verə bilərlər. Bu baxımdan qadınların ortaq istəyi münaqişələrin təsirinin mümkün qədər azaldılmasıdır.

Azərbaycan qadınlarının mədəniyyətlərarası dialoqa töhfə verdiklərini qeyd edən H.Hüseynova bunu 2008-ci ildə Bakıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilmiş qadınlarla bağlı beynəlxalq tədbirin də təsdiqlədiyini vurğulamışdır.

H.Hüseynova Azərbaycanda qadın hüquqlarının qorunması ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradıldığını, ölkədə seçkili orqanlarda qadınların sayının çoxaldılması ilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırmışdır.

Sonda sessiya iştirakçıları xatirə şəkli çəkdirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 aprel.- S. 4.