Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası münasibətlərə təsiri" mövzusunda seminar

 

Aprelin 8-də Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası münasibətlərə təsiri" mövzusunda seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, seminarda internet, texnologiyalar və sosial medianın müasir dünyada rolu, "Facebook", "Twitter" kimi sosial şəbəkələrin müsbət və mənfi tərəfləri haqqında məruzələr edilmiş və müzakirələr aparılmışdır.

Seminara sədrlik edən Azərbaycanın Avropa Şurasındakı (AŞ) daimi nümayəndəsi, səfir Arif Məmmədov mövzunun mühüm aktuallıq kəsb etdiyini demişdir.

Diplomat informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə sosial şəbəkələrin dünyanın müxtəlif hissələrində yaşayan, fərqli mədəniyyətləri təmsil edən insanlar arasında ünsiyyətin qurulmasında rolundan, eləcə də sosial və ənənəvi media arasında əlaqələrdən bəhs etmişdir.

A.Məmmədov xüsusilə də gənclərin sosial şəbəkələrin yaratdığı imkanlardan düzgün istifadə etmələrinin vacibliyini vurğulamışdır.

"Euronews" kanalının jurnalisti Nil O'Reyi müasir dünyada mədəniyyətlərarası dialoqa həqiqətən də böyük ehtiyacın olduğunu bildirmiş, bu baxımdan Bakıda keçirilən forumun əhəmiyyətini xüsusi vurğulamışdır.

Nil O'Reyi həmçinin mədəniyyətlərarası dialoqun təşviq edilməsi istiqamətində medianın üzərinə böyük vəzifənin düşdüyünü diqqətə çatdırmışdır.

ABŞ-ın "Global Voice Online" beynəlxalq şəbəkəsinin baş redaktoru xanım Solana Larsen müasir dövrdə mediada tətbiq edilən innovasiyalar haqqında, Bakıda keçirilən mədəniyyətlərarası forumunun həm də jurnalistlər arasında dialoqun qurulmasında əhəmiyyətindən, Kaliforniya Universitetinin nümayəndəsi Kader Əbdürrəhim müasir dövrdə sosial medianın mədəniyyətlərarası münasibətlərin inkişafında rolundan danışmışlar.

Tədbirin yüksək səviyyədə təşkil edilməsinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edən K.Əbdürrəhim qeyd etmişdir ki, müasir dünyamızda "Facebook", "Twitter" kimi sosial şəbəkələr nə qədər geniş yayılsa da, ənənəvi medianı kölgədə qoya bilməmişdir.

Fransanın "Le Media A Paris" təşkilatının nümayəndəsi Fransis Pizani Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində belə bir seminarın keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamışdır.

Sonra seminar müzakirələrlə davam etmişdir.

Müzakirələrdə iştirak edən İran Prezidentinin mətbuat üzrə müşaviri, İRNA-nın icraçı direktoru Əli Əkbər Cavanfikir, Kubanın mədəniyyət naziri Abel Prieto, İraqın Milli Xəbər Agentliyinin (NİNA) səlahiyyətli direktoru, qurumun idarə heyətinin sədr müavini Abdul Muhsin Cavad, Milli Məclisin deputatı Asim Mollazadə, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş redaktoru Yaşar Quluzadə və başqaları sosial media və jurnalistikanın mədəniyyətlərarası münasibətlərə təsiri ilə bağlı fikirlərini bildirmiş, təkliflərini vermişlər.

Seminarda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə müvafiq təqdimatla çıxış etmişdir.

 

 

Azərbaycan.- 2011.- 9 aprel.- S. 4.