Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində “Dialoq - dünya
dinləri arasında və onların sırasında”
mövzusunda ikinci paralel seminar
Aprelin 8-də
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində “Dialoq - dünya dinləri
arasında və onların sırasında” mövzusunda ikinci
seminar keçirilmişdir.
AzərTAc xəbər verir ki, seminara Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktoru Denis Huber həmsədrlik etmişlər.
Hidayət Orucov demişdir ki, keçən əsrin totalitar rejimlərinin təqdim etdikləri mədəniyyətlər və xalqların qardaşlıq dialoqu sünilikdən başqa bir şey deyildi və həmin təcrübənin bəşəriyyətə necə başa gəldiyini hamımız yaxşı xatırlayırıq. Bu gün Ermənistan Respublikası adlanan işğalçı dövlətin Azərbaycana təcavüzü həmin süniliyin bariz nümunəsidir.
Natiq vurğulamışdır ki, əsrlər boyu respublikamızda çoxsaylı etnosların yaşamasına və dini tərkibin müxtəlif olmasına baxmayaraq, hər etnos milli-mədəni kimliyini qoruyub saxlayıb, bu zəmində heç bir vətəndaş qarşıdurması baş verməmişdir. Azərbaycanın təcrübəsi göstərir ki, hər mədəniyyətdə ilk baxışda yad görünə biləcək başqa bir mədəniyyətin izini tapmaq və buna söykənərək planetimizi yeni dəyərlərlə zənginləşdirmək mümkündür.
Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktoru Denis Huber, Birləşmiş Krallığın Üç Din Forumunun prezidenti Markus Breybrok, ABŞ-ın Avrasiya Siyasəti Mərkəzinin keçmiş direktoru xanım Zeyno Baran, Anna Linq Fondunun Portuqaliya şəbəkəsinin rəhbəri Francisco Veiga xalqlar arasında dini dözümlülük və tolerantlıq mühitinin formalaşmasında Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Bildirilmişdir ki, belə tədbirlər müxtəlif dinlər arasında anlaşmaya və daha yaxşı bilik, təcrübə qazanmağa, ən əsası isə qarşılıqlı hörmət münasibətlərinin get-gedə daha da möhkəmlənməsinə təkan verəcəkdir.
Seminarda
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci
müavini hacı Salman Musayev, Bakı və Xəzəryanı
Yeparxiyanın yepiskopu Aleksandr, dağ yəhudiləri
icmasının sədri Semyon İxiilov və başqaları
çıxış edərək mədəni dəyərlərlə
dini dəyərlərin vəhdət təşkil etməsindən,
bu dəyərlərin bir-biri ilə qarşılıqlı
şəkildə bağlılığından
danışmışlar.
Azərbaycan.- 2011.- 9 aprel.- S. 4.