Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində bir sıra təşəbbüslər
və layihələr təqdim olunmuşdur
Aprelin 8-də Bakıda öz işini davam etdirən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyətlərarası dialoqu və əməkdaşlığı gücləndirən konkret təşəbbüslərin və layihələrin təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, tədbir ABŞ-ın "Boşluqları aradan qaldıraq" televiziya kanalının Afrika ölkələrinin mədəniyyətinə həsr olunmuş filminin nümayişi ilə başlanmışdır.
Sonra amerikalı mütəxəssis Kris Başinelli çıxış edərək mədəniyyətlərarası anlaşmanın dövlətlərdən və beynəlxalq təşkilatlardan fəal siyasi dəstək tələb etdiyini bildirmiş, bu cür tədbirlərin gələcəkdə xalqlar arasında sülhün yaranmasına və möhkəmlənməsinə xidmət edəcəyini vurğulamışdır.
Avropa Şurasının nümayəndəsi İrena Quidikova, "Orta Şərq tərəfdaşlıq təşəbbüsü"nün direktoru, "Sosial Sahibkarlıq üçün İMDAD" təşkilatının prezidenti Manal Elatir, "Akili Dada" təşkilatının prezidenti Vanciru Kamau-Rutenberq və digərləri çıxış edərək Bakı forumunun böyük əhəmiyyətini vurğulamış, mədəniyyətin insanları daim birliyə səslədiyini söyləmişlər.
Natiqlər həmçinin qeyd etmişlər ki, bu cür tədbirlər müxtəlif dinlər arasında anlaşmaya və daha yaxşı bilik, təcrübə əldə etməyə, xüsusilə də qarşılıqlı hörmət münasibətlərinin get-gedə daha da möhkəmlənməsinə təkan verəcəkdir.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və müzakirələr aparılmışdır.
Müzakirələr zamanı Mavritaniyanın mədəniyyət nazirinin müşaviri Məhəmməd Ahzana Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmişdir. M.Ahzana vurğulamışdır ki, sivilizasiyalar və xalqlar arasında olan boşluqları doldurmaq üçün onları yaxınlaşdıraraq bir araya gətirmək vacibdir. Xalqlar bir-birinə nə qədər çox yaxınlaşsalar, onların mədəniyyətləri də bir o qədər zəngin olar.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.
AzərTAc
Azərbaycan.- 2011.- 9 aprel.- S. 4.