Bakı forumu çərçivəsində Avropa Şurası və Avropa Komissiyasının "Mədəniyyətlərarası şəhərlər" birgə proqramı təqdim edilmişdir

 

Aprelin 8-də Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Avropa Şurası və Avropa Komissiyasının "Mədəniyyətlərarası şəhərlər" birgə proqramı təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, "Şəhərlərdə müxtəlifliyin idarə edilməsi: şəhər mədəniyyətlərarası siyasətə doğru" devizi altında təşkil olunan təqdimata sədrlik edən "Mədəniyyətlərarası şəhərlər" layihəsinin müəllifi, Böyük Britaniyadan olan Fil Vud qloballaşma dövründə şəhərlərdə azlıqların və miqrantların cəmiyyətə inteqrasiyasının daha səmərəli olmasına böyük ehtiyac duyulduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, ümumi mədəni kapitalın yaradılması və mədəniyyətin cəmiyyətin təsisatlarına, bütövlükdə siyasətə gətirilməsi ilə müasir böyük şəhərlərdə mədəni bölünmənin aradan qaldırılmasına nail olmaq mümkündür.

F.Vud qeyd etmişdir ki, proqram mədəniyyətlərarası inteqrasiyaya aid konsepsiya və təcrübənin inkişaf etdirilməsi üçün sınaq layihəsi kimi 2008-ci ildə irəli sürülmüş və tətbiq olunduğu bir sıra şəhərlərdə uğurla nəticələnmişdir. Sınaq dövrünün uğurla başa çatdırılmasından sonra şəhərlər üçün imkanların qurulması prosesi kimi bu il "Mədəniyyətlərarası şəhərlər" proqramının yeni mərhələsi başlayacaqdır. Azərbaycanın şəhərləri də gələcəkdə bu proqrama üzv ola bilərlər.

Portuqaliyanın Lissabon Şəhər Şurasının beynəlxalq əlaqələr üzrə direktoru Manuela Judis, Meksikanın kənd bölgələrinin inkişafı və bərabərlik işləri naziri Mariya Roza Markes Kabrera, Rusiyanın İjevsk Şəhər Şurasının sədri Aleksandr Uşakov, Ukraynanın Melitopol şəhər merinin müavini Olena Dubinina, Polşanın Lyublin şəhər merinin müavini Vlodimir Vısoçki, "Gürcüstan-Azərbaycan dostluq evi" təşkilatının rəhbəri, Gürcüstan Universitetinin idarə heyətinin sədri Giuli Alasaniya şəhərlərdə müxtəlifliyin aradan qaldırılmasında proqramın əhəmiyyətindən danışmış, bu çərçivədə görülən işlər barədə məlumat vermişlər.

Çıxışlarda müasir şəhərlərin idarəçiliyində müxtəlifliyin nəzərə alınmasının vacibliyi bildirilmiş, şəhərlərə innovativ fikirlərin cəlb olunması baxımından azlıqların və miqrantların potensialından düzgün istifadə olunmasının əhəmiyyəti vurğulanmışdır. İştirakçılar mədəniyyətlərarası şəhərlərdə müxtəliflik məsələləri ilə yanaşı, dünya mədəniyyətlərinin inteqrasiyası baxımından da mühüm əhəmiyyət kəsb edən forumun yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirmişlər.

Rusiyanın İjevsk Şəhər Şurasının sədri Aleksandr Uşakov bildirmişdir ki, "Şərəfli mədəniyyətlərarası şəhər" fəxri adı təsis edilsəydi, bu ad mütləq Bakıya verilməli olardı. O, təmsil etdiyi şəhər adından xüsusi hədiyyəsini təqdim etmişdir.

 

 

Azərbaycan.- 2011.- 9 aprel.- S. 5.