Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun bağlanış mərasimi olmuşdur
Aprelin 8-də
“Gülüstan” sarayında Bakıda keçirilən
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun bağlanış mərasimi olmuşdur.
Mərasimdə Britaniya Şurasının mədəni əlaqələr üzrə “Counterpoint” elmi-araşdırma mərkəzinin direktoru xanım Katrin Fieski Forumda müzakirə olunan mühüm əhəmiyyətli məsələlərin qısa icmalını vermişdir.
Forumun, sözün həqiqi mənasında, uğurlu keçdiyini deyən xanım K.Fieski Azərbaycanın müdrik rəhbərliyinə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür etmişdir.
Zəngin tarixə və mədəniyyətə malik olan Azərbaycanda belə bir möhtəşəm tədbirin keçirilməsinin dünya miqyasında çox böyük hadisə olduğunu deyən K.Fieski Prezident İlham Əliyevin Forumun açılış sessiyasında iştirak etməsinin və dərin məzmunlu nitq söyləməsinin bütün iştirakçıları olduqca şərəfləndirdiyini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan Prezidentinin Forumda dərin məzmunlu nitqi, səsləndirdiyi ideyalar, təşəbbüslər, bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi ilə bağlı müraciəti hər bir iştirakçının qəlbində dərin təəssürat oyatmışdır.
K.Fieski, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban xanım Əliyevaya Forumun “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda üçüncü sessiyasında iştirakına və dərin məzmunlu çıxışına görə minnətdarlıq etmişdir.
Azərbaycanda ilk günlərdən xeyirxahlığın, səmimi qonaqpərvərliyinin şahidi olduqlarını deyən xanım K.Fieski növbəti Forumun da builki kimi uğurlu keçəcəyinə əminliyini bildirmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumun bütün iştirakçılarına təşəkkür etmiş, tədbirin gözlənildiyindən də artıq uğurlu keçdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, bu Forumun əhəmiyyəti təkcə yeni ideyaların və təkliflərin irəli sürülməsində deyil, həm də fərqli mədəniyyətləri təmsil edən nümayəndələrin bir araya gələrək olduqca məhsuldar müzakirələr, fikir mübadilələri aparmalarındadır. Nazir əmin olduğunu bildirmişdir ki, Forumda irəli sürülən dəyərli ideyalar müxtəlif xalqlar arasında daha yaxşı anlaşmanın əldə edilməsində, mədəniyyətlərarası əlaqələrin daha da güclənməsində böyük rol oynayacaqdır.
Ə.Qarayev demişdir: “Forumun nəticəsi olaraq belə bir qərara gəldik ki, biz fərqli məkanlarda yaşasaq da, fərqli mədəniyyətləri təmsil etsək də arzumuz birdir: sülh, xoşbəxtlik, firavanlıq, sağlamlıq”.
Forumun
bağlanış mərasiminin iştirakçıları
belə bir yekdil qənaətə gəldiklərini bəyan
etmişlər ki, Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası
dialoqun müvəffəqiyyətlə gerçəkləşdiyi
coğrafi məkan kimi bütün dünya ölkələrinə
nümunə olmağa layiqdir.
AzərTAc
Azərbaycan.- 2011.- 9 aprel.- S. 5.