Bakı Forumu çərçivəsində təşkil edilmiş
"Ən yaxşı
fotoşəkil" müsabiqəsinin
qalibləri mükafatlandırılmışlar
Xəbər verdiyimiz kimi, Bakıda keçirilən Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində
dünya xalqları və müxtəlif sivilizasiyalar arasında
"Mədəniyyətlərarası dialoq mövzusunda ən yaxşı fotoşəkil" müsabiqəsi
elan edilmişdir.
Forumun keçirildiyi "Gülüstan" sarayında
açılmış fotosərgidə
yüzdən çox
əsər nümayiş
olunmuşdur. Forum iştirakçıları qalibləri
gizli səsvermə yolu ilə müəyyənləşdirmişlər.
AzərTAc xəbər verir ki, Azərbaycanda və dünyada yaşayan müxtəlif xalqlar, mədəniyyətlər
və dinlər arasında birgə yaşama ənənələrinə,
dialoq və əməkdaşlığın təbliğinə xidmət
edən fotomüsabiqənin
qalibləri aprelin
8-də "Buta" sarayında
mükafatlandırılmışlar.
Tədbirdə çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev forumun öz işini uğurla başa çatdırdığını vurğulamışdır. Nazir
forumun işində yüksək səviyyədə
iştirak etdiklərinə
görə bütün
qonaqlara Azərbaycan Prezidenti İlham Əliyevin adından dərin təşəkkürünü
bildirmişdir.
Qeyd edilmişdir ki, gizli səsvermə
yolu ilə fotomüsabiqə iştirakçılarına
verilmiş ballar əsasında qaliblərin
adı müəyyənləşdirilmişdir.
Müsabiqənin nəticələrinə əsasən, Şirin Rzayeva "Xınalıqda
bir oğlan" adlı əsərinə görə birinci, Rafiq Qəmbərov "Biz bir ailəliyik"
fotoşəkilinə görə
ikinci, Fərid Xayrulin "Mədəniyyətlərin
dialoqu" adlı fotosuna görə üçüncü yerə
layiq görülmüşlər.
Qaliblərə diplom və pul mükafatı
təqdim olunmuşdur.
Tədbir geniş konsert proqramı ilə davam etdirilmişdir.
Azərbaycan.- 2011.- 9 aprel.- S. 5.