Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2010-cu il 16 dekabr tarixli müraciəti ilə əlaqədar konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Babayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsində nəzərdə tutulmuş qaydada azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər cəzanın icrasından qərəzli boyun qaçırdıqda, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrumetmə cəzası ilə əvəz oluna bilər və bu halda azadlığın məhdudlaşdırılması cəzasının müddəti azadlıqdan məhrumetmə cəzasının müddətinə günə gün hesabı ilə hesablanmalıdır.

Azadlığın məhdudlaşdırılması cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunduqda cəzaçəkmə müəssisəsinin növü Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilməlidir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzaların əvəz olunmasına dair müddəalarının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 aprel.- S. 5.