Azərbaycan, Qazaxıstan, Türkiyə və Tacikistan ATƏT-də amerikalı keşiş tərəfindən Quranın yandırılması ilə əlaqədar Birgə Bəyanatla çıxış etmişlər

 

Aprelin 7-də Qazaxıstan, Azərbaycan, Tacikistan və Türkiyə nümayəndə heyətləri Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) daimi şurasının 857-ci iclasında birgə bəyanatla çıxış edərək amerikalı keşiş tərəfindən Quranın yandırılmasını pisləmişlər.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov AzərTAc-a bildirmişdir ki, iclasda Qazaxıstan, Azərbaycan, Tacikistan və Türkiyə nümayəndə heyətləri adından Qazaxıstan Respublikasının ATƏT-də daimi nümayəndəsi, səfir Kayrat Abdurahmanov çıxış etmişdir.

Bəyanatda deyilir: "Biz 2011-ci il martın 20-də ABŞ-da dini lider tərəfindən Quranın yandırılması aktını və bunun ardınca BMT-nin Əfqanıstandakı nümayəndəliyinin əməkdaşlarının həlak olması ilə nəticələnmiş zorakılıq aktlarını qətiyyətlə pisləyirik.

Müsəlmanlara münasibətdə bu cür dözülməzlik və ayrı-seçkilik təzahürləri müxtəlif dinlər və icmalar arasında dinc münasibətlərə xələl gətirən həyasız və məsuliyyətsiz təhrikçilikdir.

Bu dəhşətli akt bütün dünyada milyonlarla müsəlmanın heysiyyatını təhqir edən ekstremizmin ən pis formalarından biridir.

Bu aktın təhqiramiz xarakteri günahsız insanlara qarşı zorakılığa və onların qətlə yetirilməsinə əsla haqq qazandırmır.

Bu, ATƏT də daxil olmaqla beynəlxalq birliyin ATƏT-in əməkdaşlıq üzrə tərəfdaşı olan Əfqanıstanın bərpa edilməsinə yönəlmiş bütün səylərini heçə endirir.

Bu aktın ciddi nəticələrinə görə bütün məsuliyyət onun qarşısını ala bilməyənlərin üzərinə düşür.

Biz söz azadlığının demokratiyanın təməl daşı olmasını qəbul etməklə bərabər bəyan edirik ki, bu azadlıq müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri arasında dözülməzliyə və ayrı-seçkiliyə qarşı mübarizə, habelə qarşılıqlı hörmət və anlaşmanı dəstəkləmək zərurəti ilə tarazlaşmalıdır. Bununla əlaqədar biz dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında icma liderlərinin və dini liderlərin mühüm rolunu qeyd edirik.

Biz müvafiq hökumətləri tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi sahəsində 1975-ci il Helsinki Yekun Aktında, Yeni Avropa üçün 1990-cı il Paris Xartiyasında, 1999-cu il Avropa Təhlükəsizlik Xartiyasında, habelə Nazirlər Sovetinin və daimi Şuranın bir sıra qərarlarında təsbit olunmuş ümumi öhdəliklərimizin yerinə yetirilməsinə diqqəti artırmağa çağırırıq".

 

 

Azərbaycan.- 2011.- 9 aprel.- S. 7.