Xalq hakimiyyətə tam etimad bəsləyir

 

Bakıda aparılan abadlıq, tikinti-quruculuq işləri sayəsində son illər şəhərin siması xeyli dəyişib, sakinlərinin sayı çoxalıb. Ümumiyyətlə, sürətli iqtisadi tərəqqi paytaxtın hərtərəfli inkişafı üçün imkan yaradıb. Bu inkişafın təməlində ölkə başçısının rəhbərliyi altında həyata keçirilən səmərəli islahatlar, uğurlu neft strategiyası dayanır. İnkişaf paytaxtətrafı qəsəbələrin ictimai həyatına da öz təsirini göstərib. Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair müşavirədə ölkə rəhbəri İlham Əliyev bununla bağlı deyib: "Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə abadlıq-quruculuq işləri uğurla aparılır, həm də infrastruktur layihələri icra edilir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir".

Yeni salınan parklar, yaşıllıqlar, istirahət guşələri, çoxmərtəbəli binalar, dünya standartlarına uyğun yollar, yol qovşaqları, körpülər, yeraltı və yerüstü piyada keçidləri, dənizkənarı bulvar, əsaslı təmir və bərpa işlərindən sonra ömrünə ömür əlavə olunan maddi mədəniyyət abidələri, tarixi binalar və qədim məhəllələr göz oxşayır.

İnfrastruktur layihələri içərisində yol-nəqliyyat sektorunda həyata keçirilən tədbirlər də ürəkaçandır. "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı"nın icrası Bakının, eləcə də Bakıətrafı qəsəbə və kəndlərin inkişafında öz sözünü demişdir. Ölkə rəhbərinin qayğısı sayəsində son bir neçə il ərzində Bakıətrafı qəsəbələrdə 34 məktəb, 18 tibb müəssisəsi tikilib, təmir olunub, müasir avadanlıqlarla təmin edilərək istifadəyə verilib. 800 min nəfərdən çox əhalinin yaşadığı Bakı qəsəbələrinin yol problemi də diqqətdən kənarda qalmayıb. Bakı-Aeroport avtomobil yolu genişləndirilərək yenidən qurulub. Hazırda tikintisi davam etdirilən bu yol Sumqayıta qədər uzadılacaqdır.

Müşavirədə Bakıətrafı qəsəbələrin əksəriyyətində illərdən bəri kanalizasiya sisteminin olmaması, çirkab və qurunt sularının problemlər yaratması narahatlıqla qarşılanmışdır. Sirr deyil ki, Bakı kəndlərinin bəzisində kanalizasiya sisteminin olmaması əhalinin yaşayışına və onların qədimdən istifadə etdikləri içməli su quyularına mənfi təsir göstərir, kəndarası yolları dağılırdı. Müşavirədə yaxın vaxtlarda Bakının bütün kənd və qəsəbələrində müasir tələblərə cavab verən kanalizasiya sisteminin yaradılması və əhalinin içməli su ilə tam təmin edilməsi, kəndarası yolların təmiri və asfaltlanması ön plana çəkilmişdir.

Son bir neçə il ərzində paytaxtda və Bakıətrafı ərazilərdə 23 yolötürücü, 39 yeraltı və yerüstü piyada keçidi, körpülər, tunellər istifadəyə verilmiş, yolların genişləndirilməsi ilə bağlı layihələr uğurla icra edilmiş, bir çox yerdə yeni yollar salınmışdır. Yerli icra orqanları və bələdiyyələr də daxili imkanlar hesabına yollarda piyadaların və nəqliyyatın təhlükəsiz hərəkəti üçün xeyli iş görmüşlər. Şəhər və şəhərətrafı ərazilərdə əvvəlki illərdə tikilmiş bütün keçidlər bərpa olunmuşdur. Əsaslı təmir və keyfiyyətli yenidənqurma işləri şayəsində indi bu keçidlər də insanlara rahatlıq gətirib. Bu qəbildən olan yeraltı və yerüstü keçidlərin inşası davam etdirilr. Bir yenilik də odur ki, Bakıda bu il Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzi istifadəyə veriləcəkdir. Mərkəz dünya standartları səviyyəsində qurulur, bu da paytaxtda yol hərəkətini tənzimləmək üçün ən qabaqcıl texnologiyalardan istifadə edilməsinə geniş imkanlar yaradacaq. Beləliklə, şəhərdə nəqliyyatın hərəkətində tıxac problemini aradan qaldırmaq üçün əlavə optimal variantlar və əlverişli imkanlar olacaq.

Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrinin inkişafına dair bu il martın 9-da keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Şəhərə çoxsaylı yeni, müasir avtobuslar gətirilmişdir, yaxın zamanlarda yeni taksi maşınları gətiriləcəkdir. Yəni, biz nəqliyyat strukturunun inkişafına kompleks şəkildə yanaşırıq. Hələ ki, Bakıda görüləsi işlər çoxdur. Yeni layihələr icra edilir və bütün bu layihələr bir məqsədi güdür ki, şəhərimizdə müasir tələblərə uyğun şəkildə nəqliyyat infrastrukturu yaradılsın. Belə deyə bilərəm ki, biz işlərin böyük hissəsini görmüşük. Növbəti illərdə qalan hissələr də təmin ediləcəkdir".

Bakı və Bakıətrafı qəsəbələrin sakinlərinə olan qayğı və diqqətin nəticəsidir ki, ölkə rəhbərinin 11 mart 2011-ci il tarixli sərəncamı ilə Bakı şəhəri ərazisində qəsəbələrarası və qəsəbədaxili avtomobil yollarının tikintisi və təmiri üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılması qərara alınmışdır.

Qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar görülən işlərlə tanış olmaq üçün Prezident İlham Əliyev martın 31-də Zabrat qəsəbəsinin 7500-dən artıq sakininin məskunlaşdığı "Teplitsa" yaşayış sahəsinə getmişdir. Orada dövlət başçısına məlumat verilmişdir ki, müşavirədən sonra qəsəbələrarası yolların əsaslı təmirinə başlanılıb. "Teplitsa" yaşayış sahəsindəki 12 min 300 kvadratmetr yola yeni asfalt örtüyü çəkilib. I Zabrat qəsəbəsi ilə II Zabrat qəsəbəsi arasında 12 min sakinin yaşadığı yeni sahədə müasir məktəb binası inşa ediləcək. Qəsəbələrarası yollar boyunca işıqlandırma sistemi qurulacaq, kəndlərdə və qəsəbələrdə kanalizasiya xətlərinin çəkiləcəyinin isə dövlət proqramına daxil edildiyi bildirilmişdir. Həmin gün Azərbaycan Prezidenti Suraxanı rayonunun Bülbülə kəndində aparılan abadlıq və quruculuq işləri ilə də maraqlanmışdır. Bu kənddə də məhəllələrarası yolların əsaslı təmirinə başlanılıb, artıq 8 min kvadratmetr əraziyə yeni asfalt örtüyü döşənib. Yolun 45 kvadratmetr hissəsində isə asfaltlama işləri qısa vaxtda başa çatdırılacaq. Həyata keçirilən abadlıq və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olan dövlət başçısı kənd sakinləri ilə görüşüb onların rəy və təkliflərini dinləmişdir. Abadlıq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən sakinlər Bülbülə kəndindən əsas yola çıxmaq üçün köhnə yolun bərpa olunmasını xahiş etmişlər. Sakinlərin təkliflərini nəzərə alan Prezident görüşdən sonra həmin yolun vəziyyəti ilə tanış olmuş, köhnə yolun bərpası ilə əlaqədar tapşırıq vermişdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev prospekti ilə "Atəşgah" məbədini birləşdirən küçələrdə də əsaslı təmir işlərinə başlanılıb.

İstər bölgələrdə, istərsə də Bakıətrafı kənd və qəsəbələrdə olarkən dövlət başçısı vətəndaşlarla görüşməyə, xalqla ünsiyyət yaratmağa xüsusi önəm verir. Hansı rayona, hansı təşkilata, hansı müəssisəyə, hansı ünvana gedirsə, Prezident oradakı insanlarla görüşür, hal-əhval tutur. Müəllimi də, həkimi də, fermeri də, iş adamını da, inşaatçını da, bir sözlə, vəzifəsindən və peşəsindən asılı olmayaraq hamını dinləyir. Çalışdıqları kollektivlərin, yaşadıqları kənd və qəsəbənin problemlərindən, bəzən də şəxsi qayğılarından söhbət açan insanların arzu, təklif və istəklərini reallaşdırır, sosial vəziyyətlərinin yaxşılaşması, sosial ədalətin bərpası üçün göstərişlər verir. Qəsəbə və kəndlərin abadlıq və quruculuq işlərinə, yeni iş yerlərinin açılmasına, mənzillərin qaz, işıq, su ilə təminatına, bir sözlə, yaxşı yaşamasına şərait yaradılmasına çalışır. Prezident Bakının şəhərətrafı kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Sabunçu, Suraxanı, Xətai və Nizami rayonlarında olanda da bunun bir daha şahidi olduq. Cənab Prezident aprelin 1-də Bakının qədim kəndlərindən olan Əhmədli qəsəbəsində həyata keçirilən abadlıq və quruculq işləri ilə tanışlıqdan sonra sakinlərlə görüşdə demişdir: "Əhmədli qəsəbəsində işlər gedir, küçələrə asfalt döşənir. İndi mənə göstərdilər, köhnə küçələrin vəziyyəti çox bərbad idi. Özü də torpaq yollar idi. İndi hər yerə asfalt döşənir. Bu, Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramının, sadəcə olaraq, həyata keçirilməsində birinci addımlardır. Proqram bütövlükdə hazırlanır və yaxın zamanlarda təsdiq olunacaqdır. Bu proqram bütün qəsəbələri əhatə edəcəkdir. Qəsəbələrdə bütün infrastruktur - su xətləri, kanalizasiya xətləri, qazlaşdırma, - harada ki, hələ lazımi səviyyədə deyil, - elektrik enerjisi ilə təchizat, yolların çəkilişi, məktəblərin, tibb məntəqələrinin təmiri, yaxud da ki, yenidən qurulması məsələləri öz əksini tapacaqdır. Beləliklə, Bakı qəsəbələrində yaşayan insanlar üçün çox yaxşı şərait yaradılacaqdır..."

Əhmədli qəsəbəsinin sosial-iqtisadi problemləri ilə tanışlıqdan və ictimaiyyət nümayəndələri ilə görüşdən sonra Prezident İlham Əliyev Nizami rayonunun Keşlə qəsəbəsində də olmuşdur. Dövlət başçısına məlumat vermişlər ki, qəsəbədə abadlıq və quruculuq işlərinə yolların təmiri ilə start verilib. Yararsız vəziyyətdə olan qəsəbədaxili yolların 18 min 200 kvadratmetrlik hissəsi artıq asfaltlanıb. Yaxın vaxtlarda qəsəbədə küçələrin işıqlandırılmasına, su və kanalizasiya xətlərinin yenidən çəkilməsinə başlanacaq. Dövlət başçısının tapşırığı ilə qəsəbənin "Qafqaz" yaşayış sahəsində 600 şagird yeri olan məktəb binası inşa olunacaqdır. Qəsəbə sakinlərinin tələblərini nəzərə alaraq burada müasir xəstəxana və təcili tibbi yardım stansiyasının tikilməsi də planlaşdırılıb.

Daxili və xarici siyasətində həmişə xalqa arxalandığını, bu yolda xalqın dəstəyindən, xalqla birliyindən qürur duyduğunu bildirən dövlət başçısı sosial ədalət prinsipinin möhkəm şəkildə qorunmasını, qayda və qanunlara riayət olunmasının vacibliyini, xoşagəlməz halların aradan qaldırılmasını xalqla əlbir işində görür.

Abadlıq, tikinti-quruculuq işlərində olduğu kimi, ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də, məmur laqeydliyi və məmur özbaşınalığına qarşı tədbirlərdə də vətəndaşların mövqeyindən çıxış edərək insanların yersiz incidilməsinə və süründürməçiliyə son qoymağa çalışır. Prezident İlham Əliyev Keşlə qəsəbəsinin sakinləri ilə görüşündə bununla bağlı demişdir: "Hər bir dövlət məmuru xalqa xidmət etməlidir. Hər bir icra başçısını vəzifəyə təyin edərkən, qəbul edərkən göstəriş verirəm ki, get, xalqa xidmət elə, bu yüksək məsuliyyəti, bu etimadı doğrult! Mənim birinci tələbim xalqa xidmət etməkdir, problemləri həll etmək, şərait yaratmaq, insanları incitməmək, əsassız tələblər irəli sürməməkdir. Yəni, belə olmalıdır, ədalət olmalıdır. Birinci növbədə, sosial ədalət. İndi Azərbaycanda elələri vardır ki, yaxşı yaşayır, elələri vardır ki, orta səviyyədə, elələri də vardır ki, pis yaşayır. Onlar da vardır. Onlar olmamalıdır, biz onların səviyyəsini qaldırmalıyıq. İndi 500 mindən artıq vətəndaş ünvanlı sosial yardım alır. Bu, nə deməkdir? O deməkdir ki, onun normal yaşamağa imkanı yoxdur. Dövlət kömək etməlidir. Ünvanlı sosial yardımı alanlar - hər ailə - haradasa 100 manat səviyyəsində müavinət alır. Yəni, dövlət öz tərəfindən kömək göstərir. Amma elə etməliyik ki, şərait olsun, hər bir vətəndaş işlə təmin edilsin, yaxşı maaş alsın və yaxşı da yaşasın. Bizim istəyimiz bundan ibarətdir".

Azərbaycan Prezidentinin Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində sakinlərlə görüşü də bu yaşayış məntəqələrinin perspektiv inkişafına böyük töhfə verəcək. Belə ki, dövlət rəhbəri əhalinin problemlərini yerində öyrənmiş və onların həlli ilə bağlı operativ tapşırıqlarını vermişdir.

Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının işlə təmin edilməsi və yaxşı yaşaması üçün qayğı və köməyini əsirgəmir. Xalq da bunu yaxşı bilir və hakimiyyətə tam etimad göstərir.

 

 

Azərbaycan.- 2011.- 10 aprel.- S. 1.