Ümumdünya Forumu Bakının dialoq paytaxtı kimi çıxış etməyə ən layiqli şəhər olduğunu bir daha təsdiqləmişdir

 

Uğurla başa çatan Ümumdünya Forumu Bakının dialoq paytaxtı kimi çıxış etməyə ən layiqli şəhər olduğunu bir daha təsdiqləmişdir.

Bu fikir Misirdə ərəb dilində nəşr olunan "Azərbaycan" jurnalının baş redaktoru və rəsmi dövlət qəzeti "əl-Məsaiyyə"nin baş redaktorunun müavini Məhəmməd Salama ilə Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) keçirilmiş görüşdə səslənmişdir.

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnun qaldığını vurğulayan Məhəmməd Salama demişdir ki, AzərTAc-ın ərəb dilində də xəbərlər hazırlayıb yayması Misirdə Azərbaycanın iqtisadi, elmi, mədəni, siyasi və sosial sahələrdə əldə etdiyi uğurları daha operativ izləməyə imkan yaratmışdır.

Misirin milli xəbər agentliyi - MENA ilə AzərTAc arasında qarşılıqlı informasiya mübadiləsinə dair müqavilə imzalandığını diqqətə çatdıran baş direktor Aslan Aslanov ölkələrimizin əməkdaşlıq əlaqələrinin inkişafında media qurumlarının rolundan danışmışdır. Bildirilmişdir ki, mətbuat sahəsində təmaslar xalqlarımız arasında dialoqun, dostluğun və tərəfdaşlığın inkişafına xidmət edir.

Görüşdə Azərbaycanın ali məktəblərində və elmi mərkəzlərində ərəb dilinin, ədəbiyyatının və ərəb ölkələri tarixinin akademik səviyyədə tədrisi və tədqiqi, həmçinin Misirin məşhur Eyn şəms Universitetində Azərbaycan dili şöbəsinin, Yaxın Şərq Araşdırmalar Mərkəzində Azərbaycan bölməsinin yaradılmasının ölkələrimiz arasında əlaqələrin daha dinamik inkişafına xidmət etdiyi vurğulanmışdır.

Misirli qonaq baş redaktoru olduğu "Azərbaycan" jurnalını aylıq nəşrə çevirmək və vaxtilə ərəb dilində çıxan eyniadlı qəzetin nəşrini bərpa etmək niyyətində olduğunu vurğulamışdır.

Dəfələrlə Azərbaycanda olduğunu bildirən Məhəmməd Salama hər səfərində Bakıda inanılmaz dərəcədə inkişafın şahidi olduğunu diqqətə çatdırmışdır. Qonaq demişdir ki, Ümumdünya Forumunun bu gözəl məkanda keçirilməsi Bakının dialoq paytaxtı kimi çıxış etməyə ən layiqli şəhər olduğunu bir daha təsdiqləmişdir.

 

 

Azərbaycan.- 2011.- 10 aprel.-  S. 2.