Beynəlxalq konfransın iştirakçıları memorandum qəbul etmişlər

 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda keçirilən "Mədəniyyətlərin müxtəlifliyi və müasir dünyada dialoq fəlsəfəsi" mövzusunda beynəlxalq konfransın son günündə Avropa və Asiya Fəlsəfə İnstitutları Beynəlxalq Assosiasiyası direktorlarının xüsusi iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda Azərbaycanlı alimlərin "Mədəniyyətlərin dörd tipi və onların qarşılıqlı münasibətləri", "Mədəniyyətlərarası dialoq çərçivəsində "mən" və "başqası" məfhumlarının fəlsəfi təməlləri", "Postmodern fəlsəfədə milli-mənəvi dəyərlər: mədəni müxtəliflik prizmasından" və digər mövzularda məruzələri dinlənilmişdir.

Məruzələrdə müxtəlif mədəniyyətlər arasında dialoq fəlsəfəsinin işlənib hazırlanması, xalqlar arasında əməkdaşlığın təsirli formalarının təşəkkülünə şərait yaradan universal və lokal dəyərlərin əlaqələndirilməsi problemləri və digər məsələlər qaldırılmışdır.

Sonda iclasın iştirakçıları adından memorandum qəbul etmişdir.

Sənəddə qeyd edilmişdir ki, qloballaşma şəraitində dünya mədəniyyətlərinin özgürlüyü və müxtəlifliyinin mühafizəsi üzrə ciddi səylərin göstərilməsi ilə yanaşı, mədəniyyətlərin qarşılıqlı əlaqələri prosesi də genişlənir. Əminliklə bildiririk ki, bu şəraitdə mədəniyyətlərin dialoqunun məntiqli və konstruktiv alternativi yoxdur.

İclas iştirakçıları olan filosoflar bəşəriyyətin bu günü və yaxın gələcəyini mədəniyyətlərin dialoqunda, mədəni müxtəlifliyə malik dünyanın birliyinin qorunub saxlanmasında görür.

 

 

Azərbaycan.- 2011.- 10 aprel.- S. 3.