"Müasir dünyada mədəniyyətlərin
müxtəlifliyi və dialoq fəlsəfəsi"
mövzusunda Beynəlxalq konfransın növbəti "dəyirmi
masa"sı keçirilmişdir
Aprelin 9-da Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərin müxtəlifliyi və qloballaşma: stereotiplərdən azad olaraq və dialoq axtarışında" mövzusunda növbəti "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, polemika şəraitində keçən "dəyirmi masa"da alimlər dünyada münaqişələrin artması şəraitində milli identikliyin saxlanması məsələləri üzrə fikir mübadiləsi aparmışlar. Rusiya Pyotr Akademiyasının müxbir üzvü, professor A.Abbasov çıxışında xüsusi olaraq bu problemə diqqət ayırmışdır. Onun sözlərinə görə, "soyuq müharibə"nin başa çatması təəssüf ki, dünyadakı ziddiyyətləri aradan qaldırmamış, əksinə, bundan sonra münaqişələr daha artıq vüsət almış və hətta yeni qarşıdurma ocaqları peyda olmuşdur. Alim vurğulamışdır ki, artmaqda olan qlobal təhlükələr filosofları narahat etməyə bilməz. O, münaqişə ocaqlarının çoxalması fonunda dünya birliyinin seyrçi mövqe tutmasına Dağlıq Qarabağ münaqişəsini misal gətirmişdir. Alim konfrans iştirakçılarına xatırlatmışdır ki, bu qarşıdurma nəticəsində Azərbaycan torpaqları işğal olunmuş, azərbaycanlılar öz doğma torpaqlarından qaçqın düşmüşlər.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İ.Məmmədzadə qeyd etmişdir ki, qloballaşma milli identiklik, xalqların özünəməxsusluğuna təhlükə törətməyə başladığı zaman mədəniyyətlərin dialoquna ehtiyac yaranır. Bu mənada dialoq həmin münaqişələrin həllinə yönəlməli, ortaq məxrəcə gəlməyə yardım etməlidir.
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun sosiologiya və sosial fəlsəfə şöbəsinin müdiri R.Əzimova da dünyada münaqişələrin artmasından narahatlığını bildirmişdir. Bu münaqişələrin sosial səbəblərinə toxunan alim müasir dünyanı "xalqların mənəvi və fiziki baxımdan mövcudluq üçün çarpışdığı bir dövr" adlandırmışdır.
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin sosiologiya kafedrasının dosenti N.Fedotova zorakılığın təsnifatı məsələlərinə toxunaraq dünyada mədəni, struktur və birbaşa zorakılıq növlərinin mövcud olduğunu demişdir.
Rusiya Elmlər Akademiyasının fəlsəfə sektorunun müdiri Sergey Nikolski gələcəkdə belə tədbirlərdə "mədəniyyət" anlayışının siyasi, sosial və digər məna elementlərini müzakirə etməyi təklif etmişdir. Onun fikrincə, bu yolla identiklik, mədəni inteqrasiya ilə bağlı daha konkret məsələləri nəzərdən keçirmək mümkün olar.
Avstriyanın İnskbruk Universitetinin professoru H.Kexler isə son dövrlər Avropada özünü doğrultmadığı hesab edilən multikultroloji problemlərə toxunmuşdur.
"Dəyirmi masa"da, həmçinin Belçikadan S.Vindiş-Qrets, Livandan S.Sliman, Qazaxıstandan Q.Kurmanqaliyevanın məruzələri dinlənilmişdir.
Bununla da Beynəlxalq
konfrans işini başa çatdırmışdır.
Azərbaycan.- 2011.- 10 aprel.- S. 3.