Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində MDB Ölkələrinin
Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondu formatında tədbir keçirilmişdir
Aprelin 9-da "Gülüstan" sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu formatında tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, "MDB ölkələrində mədəniyyətlərarası dialoqun ənənələri və perspektivləri: mədəniyyət, təhsil, kommunikasiya" mövzusunda keçirilən tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti haqqında ətraflı danışmışdır.
MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun mədəniyyətlərarası dialoqa böyük töhfələr verdiyini deyən nazir, gələcəkdə də bu işin davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Azərbaycanın Rusiyadakı səfiri, MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu idarə heyətinin sədri Polad Bülbüloğlu Bakıda belə bir mötəbər Forumun təşkil edilməsinin üstünlüklərindən danışmışdır.
P.Bülbüloğlu Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın isə "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda sessiyasında söylədikləri dərin məzmunlu nitqlərin tədbirin əhəmiyyətini daha da artırdığını bildirmişdir.
Səfir, həmçinin MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yaranma tarixi və fəaliyyətindən də bəhs etmişdir.
Tədbirdə Əməkdar Rəssam, YUNESKO Rəssamlar Birliyinin üzvü Sakit Məmmədova Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki vəsiqəsi təqdim olunmuşdur.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu idarə heyətinin həmsədri Mixail Şvıdkoy Forumda çox vacib məsələlərin müzakirə edildiyini demişdir. Hazırkı dövrdə mədəniyyətlərarası dialoqa daha çox ehtiyacın olduğunu qeyd edən M.Şvıdkoy tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Görkəmli qazax şairi, alim və ictimai-siyasi xadim Oljas Süleymenov bildirmişdir ki, Bakı belə bir möhtəşəm tədbirin keçirilməsi üçün layiqli şəhərdir.
Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hakimiyyətinə təşəkkür edən O.Süleymenov bildirmişdir ki, SSRİ-nin süqutundan sonra bir çox respublikalarda mədəniyyətlərarası dialoq olmasa da, bu məsələyə Azərbaycanda hər zaman böyük əhəmiyyət verilmiş və burada həmişə dialoq mövcud olmuşdur.
O.Süleymenov demişdir: "Bu dialoq hətta özünü Bakının arxitekturasında da büruzə verir. Mən başqa şəhərlərə səfər edəndə həmin şəhərləri məhz Bakı ilə müqayisə edəcəyəm".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan görkəmli qazax şairi problemin tezliklə həllinin vacibliyini vurğulamışdır.
TÜRKSOY-un baş direktoru Düsen Kaseinov və digər çıxış edənlər Forumun müzakirə edilən məsələlərin aktuallığına görə tarixə düşdüyünü vurğulamışlar.
Tədbirdə, həmçinin Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarusdan olan alimlər, mütəxəssislər müxtəlif mövzularla bağlı çıxış etmişlər. Natiqlər mədəniyyətlərarası dialoqu genişləndirmək üçün MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu çərçivəsində bir sıra layihələrin reallaşdırılmasının və belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin zəruriliyini vurğulamışlar.
Azərbaycan.- 2011.-10 aprel.- S. 3.