Yaroslav Dovqopol: Bakı Forumu mədəniyyətlərarası dialoqun dərinləşməsində mühüm rol oynayacaqdır

 

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu prosesin dərinləşməsində mühüm rol oynayacaqdır.

Ukrayna Milli İnformasiya Agentliyinin (Ukrinform) Xarici Əlaqələr departamentinin rəhbəri Yaroslav Dovqopol bu fikri AzərTAc-a müsahibədə söyləmişdir.

Y.Dovqopol vurğulamışdır ki, bu halda Azərbaycan aktual problemləri birlikdə müzakirə etmək üçün müxtəlif ölkələrin və sivilizasiyaların nümayəndələrini birləşdirən, onları bir yerə toplayan körpü rolu oynayır. Buna görə də həmin tədbirin ümumdünya kontekstində əhəmiyyəti göz qabağındadır. Dünya Forumunun iştirakçılarını birləşdirən ümumi problemlərdir. Həmin problemlər həll edilməlidir ki, hər bir ölkənin cəmiyyəti müasir dünyada baş verən dəyişikliklərə daha yaxşı uyğunlaşsın.

Y.Dovqopol demişdir: "Ukrayna çoxmillətli və çoxkonfessiyalı dövlətdir, ona görə də bu forumda müzakirə edilən problemlər müəyyən mənada bizim reallıqlarla da səsləşir. Buna görə biz Azərbaycanın təcrübəsindən bəhrələnmək istərdik".

 

 

Azərbaycan.- 2011.- 10 aprel.- S. 3.