Bakıda Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının birinci konqresi öz işinə başlamışdır

 

Aprelin 9-da Beynəlxalq Muğam mərkəzində BMT-nin Sivilizasiyaların İttifaqı Katibliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşkilatçılığı ilə Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının (SİQGH) birinci konqresi öz işinə başlamışdır.

Tədbir 2007-ci ilin noyabrında Bakıda keçirilmiş "Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda beynəlxalq konfransda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə təsis edilən Sivilizasiyaların İttifaqı Uğrunda Gənclər Hərəkatının fəaliyyətini daimi əsaslarda daha da gücləndirmək məqsədini güdür.

Tədbir iştirakçılarını salamlayan gənclər və idman naziri Azad Rəhimov konqresin dünya gənclərinin fəaliyyətinin genişləndirilməsinə, sivilizasiyaların ittifaqında onların rolunun artırılmasına təkan verəcəyini bildirmişdir. Əminik ki, bu görüş hamı üçün təhlükəsiz olan bir dünyanın rifahı naminə təşəbbüslərin geniş müstəvidə yer alması üçün bütün dünya gənclərini ruhlandıracaq və onların fəaliyyətinə istiqamət verəcəkdir. Gənclər daha yaxşı gələcək qurmağa hazırdırlar və buna görə öz məsuliyyətlərini başa düşürlər.

Müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı Azərbaycanın bu sahədəki təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayan nazir bildirmişdir ki, iqtisadi inkişafın yüksək səviyyəsi sayəsində ölkəmiz müxtəlif sivilizasiyaları təmsil edən vətəndaşlar üçün cəlbedici məkana çevrilmişdir. Onların hamısı dinc şəkildə cəmiyyətə qarışır, cəmiyyətin və dövlətin tolerant münasibəti ilə qarşılaşırlar.

Sonra videobağlantı vasitəsilə BMT baş katibinin Sivilizasiyaların İttifaqında yüksək nümayəndəsi Jorj de Sampayonun və İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun təbrikləri çatdırılmışdır.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri 40 ölkədən 100-dən çox gəncin iştirak etdiyi konqresin Azərbaycanda keçirilməsini sevindirici hadisə kimi qiymətləndirmiş, layihə haqqında danışmışdır. Bildirmişdir ki, 2010-cu il BMT tərəfindən "Gənclər ili" elan olunmuş və bir sıra layihələr hazırlanmışdır. Bugünkü tədbiri həmin layihələrin davamı hesab etmək olar. Gənclərlə əlaqələrin qurulmasına və bu layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edirəm.

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov bildirmişdir ki, hərəkat BMT-nin mədəniyyətlərarası dialoq tədbirlərində gənclərin səsinin eşidilməsini təmin edəcəkdir. Vurğulamışdır ki, SİQGH dünyada sülhün və əmin-amanlığın təmin olunmasına, mədəniyyətlər zəminində baş verən qarşıdurmaların azaldılmasına, insanlar, xüsusən də, gənclər arasında dözümlülüyün artırılmasına müsbət təsirini göstərəcəkdir.

Avropa Şurasının gənclər və idman departamentinin direktoru Ralf-Rene Vaynqartner, BMT-nin Sivilizasiyalar İttifaqı Katibliyinin icraçı direktoru Mark Şuer, BMT-nin Sivilizasiyaların İttifaqı gənclər proqramının əlaqələndiricisi İzabella Leqare konqresin əhəmiyyətini vurğulamış, onun işinə uğurlar arzulamışlar.

Qlobal hərəkatın vəzifələrindən danışılarkən burada mədəniyyətlərarası anlaşmanı dəstəkləmək, hökumətlər və fondlar, eyni zamanda, dünya və özəl sektor ilə akademik şəbəkələr yaratmaq məqsədi ilə gənclərin fəaliyyətində şəffaflığı təmin etmək kimi məsələlər ön plana çəkilmişdir.

Öz işini aprelin 10-da başa çatdıracaq konqresdə gənclər təşkilatlarının mədəniyyətlərarası dialoq üzrə fəaliyyətlərinin gücləndirilməsi, BMT-nin bu sahədə həyata keçirdiyi layihələrdə iştirakı məsələləri müzakirə ediləcək, hərəkatın fəaliyyət mexanizmləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq, xüsusilə, mədəniyyətlərarası fobiya zəminində baş verən münaqişələrin həllinə yönəlmiş mexanizmləri özündə əks etdirən nizamnamə, Bakı bəyannaməsi və fəaliyyət planı qəbul olunacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 10 aprel.- S. 2.