Gəncənin əbədi simvolu

 

Nizami məqbərəsi yenidən qurulur

 

Gəncə şəhəri yenidən qurulur. Hər yanda qızğın iş gedir. Evlərin dam örtükləri təzələnir. Qeyri-qanuni tikilən obyektlər, yöndəmsiz artırmalar sökülür. Küçələr, yollar sahmana salınır, səkilər düzəldilir, istinad divarları çəkilir, ağac və gül kolları əkilir. Üçbulaq ərazisində bulaq kompleksi yaradılır. Şəhidlər xiyabanında xatirə abidəsi ucaldılır. Şəhərin çox yerində, giriş və çıxış hissələrində, eləcə də "İmamzadə" kompleksində quruculuq işi gedir. Müasir quruluşlu mərkəzi bazarın, avtostansiyanın inşası, Gəncə çayının məcrasının yenidən qurulması, şəhərin taleyi üçün xüsusi əhəmiyyəti olan su və kanalizasiya problemlərin həlli və digər mühüm məsələlər də gündəmdədir.

İlk öncə əsas diqqət Nizami məqbərəsinə yönəldilib. Bu, heç də təsadüfi deyildir. İcra hakimiyyətinin başçısı Elmar Vəliyev görülən və görüləcək işlərdən danışarkən Nizami məqbərəsinin və onun ətrafının günün tələblərinə uyğun yenidən qurulmasının vacibliyini xüsusi vurğuladı. Bu da təsadüfi deyil - ulu Nizami qədim Gəncənin əbədi simvoludur.

 

Bir qədər məqbərənin tarixi haqqında

 

Əsrlərin o tayından Gəncə ilə qoşa gəlir, Nizaminin adı da, müqəddəs məzarının ünvanı da. Arayanlar ilk sorağı Qazi Əhməd Quminin və İskəndər bəy Münşinin əsərlərindən alıblar. Deyilənləri yır-yığış edəndə tarixin belə bir səhifəsi canlanır. 1587-ci ilin soyuq qış günlərində Qəzvindən bir karvan gəlir. Başda da Soltan Məhəmməd Xudabəndə. I Şah Abbasın atası. Soltan Məhəmməd bir qaynaqda deyildiyi kimi, "...rəhmətlik gəncəli Şeyx Nizaminin məqbərəsinin yanında" düşərgə salır. Bu, müqəddəs məqbərənin adı çəkilən ilk mənbələrdən biridir.

Aylar, illər keçir. Şah Abbas taxta çıxandan bir qədər sonra - 1606-cı ilin mart ayında öz dəstəsiylə Gəncəyə gəlir. O da atası kimi məqbərənin yanında məskən salır. Əvvəl zəlzələ, sonra da monqollar "köhnə" Gəncəni viran etmişdilər. Ulu Nizamini hörmət və ehtiramla ziyarət edən Şah Abbas həmin məqbərədən yeddi kilometr aralıda yeni Gəncə üçün indiki sahədə geniş bir yer seçir. Qədim şəhərin yeni məskənində Cümə məscidi ucaldıqca ətrafı tağlı karvansaralar, qırmızı kərpicli evlər, iri bazarlar bürüyür.

İlk dəfə "Nizaminin qəbri" məqaləsinin müəllifi V.Bartold sərdabənin fotosunu əldə etmişdir. Arxeoloji cəhətdən məqbərənin forması, quruluşu barədə isə İ.P.Şeblıkin "Nizami türbəsinin tarixinə dair" tədqiqatında dəyərli məlumat verir. Alimin yazdığına görə, Nizaminin məzarı üzərində həm eni və həm də uzunu 7,5 metr olan kərpic günbəz var imiş. Alt qatda XIII əsrə aid köhnə türbə olub. Təzəsi sonralar tikilib. Əski özülün içərisində göy və yaşıl rəngdə şirəli qövsi kərpiclər tapılıb. Müəllif belə nəticəyə gəlir ki, çox güman "...əvvəlki türbə əlvan kərpiclərlə bəzənmiş və onun rəngli günbəzi olmuşdur".

Tarixdə Nizami məqbərəsini yada salan, onun yerindən, forma və quruluşundan, mühafizə vəziyyətindən xəbər verən belə qaynaqlar çoxdur. Xüsusən, XIX əsrin sonunda və XX əsrin əvvəllərində dövrün ən mötəbər ziyalıları məqbərənin tarixi və taleyi ilə maraqlanırdılar. İllər, əsrlər öz işini görmüşdü. Məqbərə o məqbərə deyildi. Görənlər yazırdılar ki, "...tağı uçulub tökülmüş kərpic gümbəzi çovğun və istilərdən məzarı qoruya bilmirdi", "...xarabalığa üz tutmuş olan türbəni" görən hər kəs qüssələnirdi. Seyid Əzim Şirvani bununla bağlı yazmışdı:

 

Ey şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü-ehtişamı dağılan.

Olmuşmu sənilə mən kimi aləmdə,

Beyti, evi, məktəbi, kəlamı dağılan?

 

Belə idi onda məqbərə. Buna görə də imanı, imkanı olan hər kəs türbənin təmirinə kömək edir, əl tuturdu.

 

 

Ali duyğuların sınaq meydanı

 

Kimlər idi bu xeyirxahlar? Dövrün ən dəyərli ziyalıları həmişə şairin məzarı ilə maraqlanıblar. Əslində, bu müqəddəs guşə xeyirxah niyyətlərin, ən ali duyğuların sınaq meydanına çevrilmişdi. Məşhur "Qarabağnamə"nin müəllifi Mirzə Adıgözəl bəy müqəddəs türbəni öz hesabına təmir etdirib. "Molla Nəsrəddin" jurnalının təşəbbüsü ilə bu məqsədlə xeyli sərmayə toplanıb. Əldə olunan bütün vəsaitin məqbərənin bərpasına verilməsi üçün 1909-cu ildə gəncəli müəllim Mirzə Məhəmməd Axundzadə "Şeyx Nizami" adlı kitabça nəşr etdirib. Ən nəhayət, 28 may 1909-cu il tarixli "Yelizavetpolskiye qubernskiye vedomosti" qəzetindəki məktubdan "...Əsgər ağa Adıgözəlov və Ələkbər bəy Rəfibəyovun başçılığı ilə görkəmli müsəlman şairi Şeyx Nizaminin dağılmış abidəsini bərpa etmək məqsədilə, yeni ədəbi cəmiyyət yaranmışdır".

1923-cü ilin yazında isə nə fikirləşirlərsə, Nizaminin qəbrini şəhərin mərkəzinə, Cümə məscidinin həyətinə köçürməyi qərara alırlar. Köhnə qəbir söküldü, təzəsi isə hələ hazır deyildi. Məqbərə tikilənə kimi birtəhər saxlanmaq üçün şairin sümükləri şəhər bağına gətirilir... Bir azdan anlayırlar ki, gərəksiz iş görüblər. Həmin ilin payızında, yəni, oktyabr ayının 16-da təzədən əvvəlki yerinə qaytarılır. Sonralar, 1938-40-cı illərdə şairin 800 illik yubileyi ilə əlaqədar müqəddəs məzarın yerində qədim üsluba uyğun türbə-abidə ucaltmaq istəyirlər. Bu, çox çətin bir dövrə düşdü. Dünya çalxalandı, müharibə neçə il bu işə başlamağa imkan vermədi. Yalnız 1947-ci ildə məqbərənin açılışı oldu. Neçə-neçə yaxın-uzaq qonağın, eləcə də ustad Səməd Vurğunun alovlu çıxışını yaşlı gəncəlilər indi də xatırlayırlar. 90-cı illərdə şairin 850 illik yubileyini daha böyük təntənə ilə, daha böyük təmtəraqla qeyd etmək istədilər. Geniş bir ərazidə mənalı-məzmunlu kompleks düzəldildi. Ətrafda şairin ölməz əsərlərindən fraqmentlər, müxtəlif obrazlar, səhnələr. Əsl Nizami dövrünün Gəncə mühiti! Ortada qəhvəyi qranitdən əzəmətli bir məqbərə, hündürlüyü otuz metr!

Ulu Nizamiyə yubiley təntənəsi qismət olmadı. Nə qəm?! Nizami təntənəsiz, tərifsiz, təmtəraqsız da elə Nizamidir. Dünən də var idi, bu gün də var, sabah da olacaq. İllər, əsrlər boyu beləcə təravətlə, məhəbbətlə yaşayacaq. Özü demişkən:

 

Yüz il sonra sorsan, bəs o hardadır?

Hər beytim söyləyər, "Burda, burdadır!"

 

Məqbərənin tarixi, taleyi barədə bu qədər danışmaqla dediyimiz odur ki, duyan, düşünən insanlar həmişə xalqın mənəvi çıraqlarını yaşatmağa, parlatmağa çalışırlar. Son vaxtlar Gəncədə gedən geniş miqyaslı abadlıq-quruculuq işlərinin də məhz ulu Nizaminin məqbərəsindən başlanması heç də təsadüfi deyil. Elmar Vəliyev deyir ki, bu türbə həm türk dünyasının mənəvi çırağı Nizaminin yurd yeri, elimizin ən müqəddəs guşələrindən biri, həm də Gəncənin giriş qapısıdır. Gələnləri Nizami "qarşılayır", Nizami "yola salır". Ona görə də bu yerlər ulu Nizaminin, qədim Gəncənin adına layiq olmalıdır. Biz buna çalışırıq.

 

 

Məmur mövqeyi

 

Nizaminin məqbərəsi Kəpəz rayonunun ərazisində yerləşir. Son vaxtlarda görülən işlərlə bir daha tanış olmaq üçün rayon icra hakimiyyəti başçısının müavini Faiq Hacıyevlə obyektə getdik. Hər yanda qızğın iş gedir. Məqbərənin yanındakı körpü əsaslı təmir olunub. Əlavə bir dairəvi keçid körpüsü də yaradılıb. Yolun hər iki tərəfində milli ornamentli istinad divarları hörülür.

Ətrafda yüzlərlə adam çalışır, abadlıq, təmizlik işləri aparılır. Minlərlə ağac və gül kolları əkilir, yaşıl cərgələrə baxdıqca göz oxşayır.

Bakı səmtində Gəncəyə ikitərəfli yol çəkilib. İndi yolun hər iki tərəfində planlaşdırma işləri gedir, yüzlərlə texnika aramsız işləyir. Yolun ətrafı hamarlanır, münbit torpaq daşınır. Şəhərin girəcəyində təqribən yeddi kilometr sahədə yaşıl zolaqlar yaradılır. Əslində, bu da Nizami məqbərə kompleksinin bir hissəsidir.

Əvvəllər bu yerlərdən keçmək olmurdu. Məişət tullantıları lazımi yerlərə daşınmadığına görə yolların ətrafı zir-zibil qalaqları ilə dolu idi. Artıq hər yer səliqə ilə təmizlənib. Yaxınlıqdakı fermalar da ləğv olunub. Hər tərəfdə işıq sistemi təzələnib. Hamı çalışır ki, ulu öndərin ad gününə kimi bu yerlər əsaslı surətdə təzələnsin.

Faiq Hacıyev söhbət əsnasında dedi:

- Gərək mətbuat bu işləri hamıya çatdırsın.

- Axı, bu tədbirlərin çoxunu, xüsusən, abadlıq-təmizlik işlərini özünüz vaxtında görə bilərdiniz.

Səmimi etiraf edir:

- Deyən olmayıb. Bizdə də, görünür, təşəbbüskarlıq çatışmır.

- İcra hakimiyyətinizin binası şəhərin mərkəzində, özü də yol ayırıcında yerləşir. Ətrafda çox iş görmək olar. Heç ağacların, gül-çiçəyin dibləri də yumşaldılmayıb. Binanın pillələri sınıq-salxaq, işıq sistemləri köhnə, yararsızdır.

- Artıq bu barədə deyilib, hava açılan kimi düzəldəcəyik.

Şəhərdə görülən genişmiqyaslı işlərə baxdıqca istər-istəməz məmur mövqeyi, daha doğrusu, məmur mövqesizliyi haqqında düşünürsən. Axı, bu gün şəhərdə geniş miqyas alan işlərin çoxunu hər bir vəzifə sahibi vaxtında görə bilərdi. Yuxarının tapşırığı, tələbi olmadan...

Düşünürəm ki, şəhərdə ictimai baxış elan ediləydi. Nə yaxşı olardı, hər bir idarə, müəssisə və təşkilatın, dövlət, yaxud özəl obyektin ətrafındakı səliqə-sahman nəzərdən keçirilsin. Yuxarının göstərişi olmadan kim necə işləyir, kim işə laqeyd yanaşır? Axı, hər bir obyektin görkəmi bütövlükdə şəhərin gözəlliyi deməkdir. Səliqə-sahmanı hamımız arzu edirik. Bəs hamımız buna çalışırıqmı?

Nizami məqbərəsi səmtində görülən işlər hər ürəkdə min bir duyğu yaradır. Demək, istəyəndə bu qədər dəyərli işlər görmək mümkündür.

...Həftələr, aylar keçəcək, ulu Nizaminin müqəddəs məqbərəsinin ətrafı son dərəcədə dəyişib gözəlləşəcək. Gəlib-gedən istər-istəməz ayaq saxlayacaq. Həm yolların yaraşığına, həm də məqbərə ətrafının yaşıllığına heyranlıqla baxıb ulu Nizamini yad edəcəklər.

Asta keçin bu yerlərdən. Bilin ki, sizi eşidən, sizi görən, sizi duyan var. Necə ki, neçə yüz il bundan əvvəl böyük Nizami yazmışdı:

 

Məzarım yanından ötüb keçərkən,

Üstümdə görərsən göyərmiş otlar...

Salam ver, hörmətlə məndən salam al...

Məni görməsən də, görərəm səni.

 

Redaksiyadan: Yazı çapa hazırlanarkən öyrəndik ki, Gəncə Şəhər İcra Hakimiyyətində şəhərsalma və memarlıq şurasının yaradılması ilə bağlı yığıncaq keçirilmişdir. Tanınmış memar, heykəltəraş və rəssamların iştirakı ilə keçirilən tədbirdə qeyd olunmuşdur ki, şəhərsalma və memarlıq şurasının yaradılmasında əsas məqsəd həyata keçiriləcək yenidənqurma işləri zamanı bu qədim şəhərin tarixini və memarlığını qorumaqla yanaşı, onu müasirləşdirməkdir. Toplantıda memarların hazırladıqları Gəncənin giriş qapılarının və Nizami məqrəbəsinin ətrafının yenidən qurulması layihələrinin təqdimatı olmuşdur.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-10 aprel.- S. 6.