Tərəqqinin, inkişafın ünvanı: QUSAR

 

"Şimal qapısı" böyük turizm mərkəzinə çevrilir

 

"Şahdağ" kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır. Beləliklə, bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaq, minlərlə, bəlkə də on minlərlə yeni iş yerləri açılacaqdır. Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir.

 

İlham ƏLİYEV

 

 Mayıl Bağırov uzun illər Qusar rayonunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. İndi təqaüddə olsa da, rayonun ictimai həyatında yaxından iştirak edir. O, bu yaxınlarda redaksiyamızın qonağı oldu, rayondakı yeniliklərdən ürək dolusu danışdı. Dedi ki, son bir neçə ildə həyata keçirilən irimiqyaslı investisiya layihələri həcminə görə əvvəlki on illiklərdə görülən işlərə bərabərdir. Qusarda aparılan böyük quruculuq və abadlıq işləri barəsində yazısı da elə bu barədədir.

Bu il ölkəmizin tarixində ən əlamətdar hadisə - dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi qeyd olunacaq. Möhtərəm Prezident İlham Əliyevin bu münasibətlə imzaladığı sərəncamda müstəqillik illərində Azərbaycanın zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğinin zəruriliyi vurğulanır. 20 il tarix üçün kiçik olsa da, insanların, xalqların, dövlətlərin taleləri baxımından böyük önəmə malikdir. Çünki artıq müstəqilliyin ilk ilində anadan olanlar indi orduda qulluq edir, ali məktəblərdə təhsil alırlar. Düşünürəm ki, yaşlı insanların o illərdə baş verən hadisələrin canlı şahidləri kimi fikirləri, xatirələri, tövsiyələri və mülahizələri onlar üçün qiymətli ola bilər.

1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğunun uğurla həyata keçirilməsinin şahidi olduq. Bu proses təkcə paytaxtı, ölkənin iri sənaye şəhərlərini deyil, regionları, ən ucqar rayonları əhatə etmişdir. Vaxtı ilə iqtisadiyyatı ancaq bağçılıqla maldarlığa söykənən Qusar da bu böyük iqtisadi islahatlardan kənarda qalmadı. Rayonumuz həm ümummilli lider Heydər Əliyevin, həm də onun iqtisadi və siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin qayğısını, köməyini həmişə görüb, indi də görür.

1998-ci il oktyabr ayının 3-nü həmyerlilərim heç vaxt unutmayacaqlar. Məhz həmin gün - Qusar rayonuna səfərə gələn ulu öndər hər bir qusarlıya qürur gətirən, indi isə dillər əzbəri olan fikirlərini belə bölüşdü: " Bu gün müstəqil Azərbaycanın apardığı bütün quruculuq, yaradıcılıq işlərində qusarlıların öz yeri var. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, qusarlılar Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına xidmətlər göstərmişlər, qan tökmüşlər, şəhidlər vermişlər, Azərbaycanın milli qəhrəmanlıq zirvəsinə ucalmışlar".

Artıq regionların inkişafının dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər Qusarın da simasını tamamilə dəyişib. Xüsusən, son üç ildə rayonumuzda tikinti-quruculuq, abadlıq işləri daha intensiv və effektli həyata keçirilmiş, təhsil, səhiyyə, mədəniyyət sahələrində nəzərə çarpacaq irəliləyiş əldə olunmuşdur. Bu irəliləyişi təmin edən əsas amil dövlət başçısı möhtərəm İlham Əliyevin Qusara, onun tərəqqisinə, insanlarının rifahına qayğısıdır. Ölkə rəhbəri Qusara bir neçə dəfə səfər edib, hər dəfə də neçə-neçə obyektin istifadəyə verilməsində, yeni tikililərin təməlqoyma mərasimlərində iştirak edib. Ötən ilin avqust ayında Qusarda olarkən deyib: "Mən Prezident kimi Qusara artıq beşinci dəfədir ki, səfər edirəm. Hər dəfə gələndə burada gördüyüm yeniliklər, inkişaf məni sevindirir. Əldə edilmiş bütün bu nailiyyətlərlə bağlı mən sizi ürəkdən təbrik edirəm".

Qusar indi böyük tikinti meydançasını xatırladır. Burada həyata keçirilən layihələrlə böyükdən-kiçiyə hamı qürurlanır, fəxr edir. Ən ümdəsi odur ki, hər bir rayon sakini bu proseslərdə iştirak etməyə çalışır. Rayonun ağsaqqalları da bu proseslərdən kənarda qalmırlar. Bir neçə ay bundan qabaq xahişimizi nəzərə alan RİH başçısı Şair Alxasov veteranların böyük bir qrupunun Qusarın tikinti meydançalarına ekskursiyasını təşkil etdi. Rahat avtobuslarla Qusar-Ləzə, Qusar-Samur-Həzrə-Zuxul istiqamətində aparılan tikinti-quruculuq, abadlıq işlərinin miqyasını öz gözlərimizlə gördük, çəkilən yollara, salınan körpülərə, istifadəyə verilən məktəblərə heyran qaldıq. Övladlarımızın, nəvə-nəticələrimizin firavan gələcəyinin təmin edilməsi istiqamətində dövlətimizin, onun başçısının göstərdiyi səyləri ürəkdən alqışladıq.

Nəinki respublikamızda, hətta Qafqazda turizm sektorunun ən böyük tikintilərindən biri "Şahdağ" qış-yay turizm kompleksidir. Kompleksdə kanat yollarının konstruksiyası, xizək yolları, süni qar yaradan generatorlar artıq hazırdır. Biz xizək yolunun açılışının şahidi olduq. Hotel və digər xidmət mərkəzlərinin tikinti işləri isə davam edirdi.

Burada inşa olunan tikililər 9 bal gücündə zəlzələyə davamlıdır. Gələn ilin sonlarında 600-1200 metr uzunluğunda olacaq 2 kanat yolunun tam hazır olması planlaşdırılmışdır. Bu kompleks ümumilikdə 2000 hektar ərazini əhatə edir. Kompleksin ən aşağı hissəsi dəniz səviyyəsindən 1435 metr, ən yüksək nöqtəsi 2450 metr hündürlükdə yerləşir. Ən yüksək nöqtədə 300 nəfərlik restoran tikiləcəkdir. Əraziyə qaz xəttinin çəkilişi yekunlaşdırılmışdır. Gələcəkdə içməli su xətlərinin çəkilməsi və mərkəzləşdirilmiş istilik sisteminin quraşdırılması nəzərdə tutulmuşdur.

Təbiidir ki, dünya səviyyəli turizm mərkəzinə çevriləcək rayonda bütün infrastrukturlar müasir standartlara cavab verməlidir. Bu istiqamətdə görülən işlərin miqyası da genişdir. Artıq müasir, üçmərtəbəli xəstəxana binasının tikintisi başa çatmaq üzrədir. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı tərəfindən "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində su təchizatı və kanalizasiya sistemi layihəsinin icrasına başlanıb. Rayon mərkəzində, kəndlərdə qaz, elektrik xətlərinin yeniləşdirilməsi sürətlə davam etdirilir.

Möhtərəm Prezident ötən ilin avqust ayında Qusarda olarkən bir sıra obyektlərin açılışında, o cümlədən 6,5 milyon manat vəsait hesabına başa gələn Samur-Həzrə yolunun açılışında iştirak etdi. Bu avtomobil yolu Qusar rayonunda geniş miqyasda tikinti-quruculuq işlərinin həyata keçirildiyi və turizm potensialının inkişaf etdirildiyi indiki zamanda müasir yol infrastrukturunun yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Uzunluğu 23 kilometr , hərəkət hissəsinin eni 7 metr olan bu yol 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. Yol Samur qəsəbəsindən başlanır və Həçrə kəndindən sonra üç istiqamətdə - Həçrə-Mucuq, Həçrə-Sudur, Həçrə-Çeyxur istiqamətlərində davam edir. Samur-Həçrə yolunun yenidənqurmadan əvvəl tam dağılmaq üzrə olan 600 metrlik hissəsi 30 metr sola çəkilməklə yenidən tikilmiş, yol yatağı 12 metrə qədər genişləndirilmişdir. Yol boyunca bir sıra ərazilərdə istinad divarları tikilmiş, suötürücü borular qoyulmuş, yolun yatağı qaldırılmış və digər işlər görülmüşdür. Hazırda 22 kilometrlik Həzrə-Zuxul yolunun əsaslı şəkildə yenidənqurulması davam etdirilir.

Qusar çayı üzərində 80 metr uzunluğunda eni 11 metr, yükgötürmə imkanı 100 tondan çox olan yeni körpünün salınmasını, Qusar-Ləzə yolunun yenidənqurulmasını rayonda bütünlükdə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər sırasına daxil etmək olar.

Gənc nəslin təhsili, sağlamlığı, vətənpərvərlik ruhunda tərbiyəsi məsələləri dövlətimizin önəm verdiyi sahələrdir. Rayon rəhbərliyi həmin sahələrin inkişafını daim diqqətdə saxlayır. Son 5 il ərzində Qusarda 17 yeni məktəb binası tikilib istifadəyə verilib, xeyli təhsil ocağı əsaslı şəkildə təmir olunaraq kompüterlərlə təmin edilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qayğısı və təşəbbüsü ilə tikilib istifadəyə verilmiş Balaqusar, Yuxarı Zeyxür, Xürel, Əvəcüq, Suvacal, Xuray, Yuxarı Ləgər, Aşağı Ləgər, Girig kənd məktəbləri maddi-texniki bazalarına görə şəhər məktəbləri ilə rəqabət apara bilərlər.

Gəncliyin milli ənənələr, öz tarixi keçmişinə sədaqət, vətənpərvərlik ruhunda tərbiyəsi də rayon rəhbərliyinin çox önəm verdiyi məsələlərdir.

Qusarın mərkəzində yadelli erməni işğalçılarına qarşı vuruşmalarda rəşadət göstərmiş Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış monumental "Atlı igid" abidəsi gənclərin and yerinə çevrilib. Abidənin bir tərəfində "N" hərbi hissəsi, digər tərəfində isə orta məktəb yerləşir. Vaxtilə baxımsız bir sahə olan bu ərazidə park salınaraq "Qanlı dərə"də amansız döyüşlərin qaliblərinə ucaldılan abidə böyük məna kəsb edir. Həm əsgərlərimiz, həm də məktəblilərimiz ata-babalarının misilsiz şücaətlərində qardaşlığın, dostluğun və qəhrəmanlığın bariz nümunəsini görürlər. Abidənin açılış mərasimində çıxış edərkən möhtərəm Prezident İlham Əliyev qeyd etmişdir ki, tarixin şanlı mərhələsinin gənc nəsillərə ötürülməsi məqsədilə ucaldılan bu abidə Azərbaycan gəncliyinin ata-babalarımızın qəhrəmanlıq salnaməsini daha yaxşı öyrənmələri üçün layiqli örnəkdir.

Dövlət atributlarına hörmət, sayğı gəncliyin tərbiyəsində mühüm amildir. Qusarın Dövlət Bayrağı meydanı rayon gənclərinin ən çox ziyarət etdikləri məkandır. 2009-cu ildə Qusar şəhərinin girəcəyində ən yüksək yerdə Dövlət Bayrağı meydanı inşa olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə inşa olunmuş meydanın ərazisi 16 min kvadratmetrdir. Meydanın 9 min kvadratmetrlik sahəsində yaşıllıq salınmış, yerli iqlimə uyğun 5 min ağac, dekorativ gül kolları əkilmişdir. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlüyündə dirəyin zirvəsində Azərbaycan bayrağı dalğalanır. Bayrağın eni 10, uzunluğu 20 metrdir.

Bir sözlə, Qusar ölkəmizin digər rayonları kimi inkişaf, tərəqqi yolundadır. Biz bunları görür, təqdir edir, uğurlarımızla sevinir, fəxr edirik. Rayonun indiki rəhbərliyinin siyasi və iqtisadi fəaliyyətinin qayəsini dövlət başçısının dediyi bu sözlər təşkil edir: "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır". Qusar Rayon İcra Hakimiyyəti ilə rayonun əhalisi arasında qarşılıqlı hörmətə əsaslanan ən səmimi münasibətlər mövcuddur. Bu gün Qusarda əhali yerli hakimiyyətə, yerli dövlət orqanları öz həmyerlilərinə güvənir, arxalanırlar. Qusarda adi məktəbli də, ixtiyar təqaüdçü də aydın başa düşür ki, onun güvənc yeri Azərbaycan dövləti, onun hərbi qüdrəti, bölgədə liderə çevrilməsidir. Dövlətlə xalqın vəhdətinə arxalanan qusarlılar rayonumuzun tərəqqisi naminə mövcud potensialdan, insan resurslarından maksimum yararlanmağa çalışırlar.

İnanırıq ki, bu səylər, bu birlik bizi arzuladığımız hədəfə - Qusarın, ölkənin "Şimal qapısı"nın dünya səviyyəli turizm mərkəzinə çevriləcəyi günü daha da sürətlə yaxınlaşdıracaqdır.

 

 

Mayıl BAĞIROV,

Qusar rayonu

 

Azərbaycan.- 2011.- 10 aprel.- S. 6.