"Avis" dünyasının
olayları Yaxud "möcüzələr" və
"gülməcələr"...
Məkanına
sığmayan aeroport
Aviasiya həvəskarlarına ərməğan
Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən aerovağzal komleksinin yaşı o qədər də çox deyil. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən və iştirakı ilə açılışı olan bu nəhəng kompleks 1999-cu il oktyabrın 1-də istifadəyə verilmişdir. O zaman beynəlxalq standartlara tam cavab verən, sərnişin dövriyyəsinin tələblərini bir neçə dəfə üstələyən bu kompleksin nə vaxtsa öz çevrəsinə sığmayacağına, başqa sözlə, qoyulan tələbləri ödəməkdə "acizlik" çəkəcəyinə inanmaq çətin idi. Lakin Azərbaycanın, o cümlədən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sürətli inkişaf tempi bu məsələni reallığa çevirdi...
Novruz bayramı ərəfəsində (17 mart 2011-ci il) Heydər Əliyev Beynəlxalq Hava Limanında daha bir yeni aerovağzal kompleksinin təməli qoyulmuşdur. Ümumi sahəsi 58 min kvadratmetr olacaq yeni kompleks ən son texnologiya və avadanlıqla təchiz ediləcəkdir. Yeni vağzal kompleksi istifadəyə verildikdən sonra Azərbaycanın bir nömrəli hava limanında illik sərnişin dövriyyəsi 3 milyon nəfərə çatacaqdır.
Yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir.
Bir balaca boyu var...
Lakin dam dolusu toyu var...
"Avislər" ailəsinin sonbeşiyi olan "X-43A"
tipli uçan aparat dünyanın ən sürətli təyyarəsi
sertifikatını almışdır. O, saatda 11230 kilometr məsafə
qət edərək rekord nəticə əldə etmişdir.
Bu, səs sürətindən 9,6 dəfə çoxdur.
Müqayisə üçün deyək ki, ən sürətli
qırıcı təyyarələr səs sürətini
yalnız 2 dəfə üstələyə bilir.
Beynəlxalq Kosmik Agentliyin
(NASA) məhsulu olan bu "karlik" (onun uzunluğu 3,6 metr,
qanadlarının açımı isə 1,6 metrdir)
uçuş sürətinə və bir sıra texnoloji
keyfiyyətlərinə görə Ginnesin rekordlar kitabına
yazılmağa layiq görülmüşdür.
Arzuolunmaz rekord
Bu "rekord" 1972-ci ildə
Latın Amerikası səmasında baş verən təyyarə
qəzası zamanı "qeydə
alınmışdır". 10,2 kilometr yüksəklikdən
tropik cəngəlliyə düşən
(çırpılan) təyyarənin
qırıntıları arasından tapılan yeganə salamat
adam... stüardessa olmuşdur. Xilasetmə qrupu öz kreslosu ilə
birlikdə sıx budaqlar arasında ilişib qalmış gənc
qızı yerə endirib, sağ-salamat ailəsinə təhvil
vermişdir.
Pişik "Boeinq"i xilas etdi
Uçuşun "şirin
yerində" məlum olur ki, salonda ... siçan
dolaşır. Bundan xəbər tutan uçuş heyəti dərhal
qərar çıxarır: təyyarəni təcili surətdə
yaxın aeroportların birinə endirməli! Qərar yerinə
yetirilir. 200-dən artıq sərnişin təyyarədən
evakuasiya olunur. Onlar bütün gecəni aeroportun gözləmə
zalında mürgüləməli olurlar. Təyyarənin heyət
üzvləri isə səhərəcən siçanla "əlbəyaxa
döyüşə" girirlər. Ziyankar gəmiricini tutmaq
üçün bir neçə kiloqram pendirdən və
siçan tələlərindən istifadə edirlər. Lakin
istədiklərinə nail ola bilmirlər.
Çağırılmamış qonaq aviatorların kələyinə
uymur...
Nəhayət,
çıxış yolu tapılır. Sifarişlə bir
pişik tapıb, təyyarənin salonuna buraxırlar. On
adamın görə bilmədiyi işi bir pişik çox
asanlıqla yerinə yetirir. Bir dəqiqənin ərzində fəndgir
siçanı tutub rahat-hulqum edir. Yalnız bundan sonra səfər
bərpa olunur. İndi hamı rahat uça bilər.
Siçanla birlikdə uçmaq isə olduqca təhlükəlidir.
Bu "gözəgörünməz" çevik ziyankar təyyarənin
uçuş mexanizmində hər hansı kabeli gəmirib
sıradan çıxarsa, nəticəsi bəlli olmayan qəza
baş verər...
O ki qaldı xilaskar pişiyə,
şübhəsiz ki, ona mükafat düşür. Amma ən
maraqlısı odur ki, hazırda aviatorları belə bir sual
düşündürür: aviauçuşların təhlükəsizliyi
üçün heyət üzvlərinin cərgəsinə
pişik əlavə edilsə necə olar?
Təhlükəli risk
Sərnişin təyyarələrinin
qəzaya uğraması əksər hallarda normadan artıq
yüklənmə nəticəsində baş verir. Aviatorlar
bunu yaxşı bilirlər və təyyarəni yükləyərkən
mövcud qaydaya əməl etməyə
çalışırlar. Lakin elə fövqəladə
hallar olur ki...
1991-ci ildə Efiopiya
qaçqınlarını təhlükəli zonadan
çıxaran "Boeinq-747" təyyarəsinin
uçuş heyətinin üzvləri mülki aviasiya tarixində
bənzəri olmayan riskə yol vermşlər. Onlar kritik vəziyyətlə
üzləşərək, təyyarəni normadan iki dəfə
artıq yükləməli olmuşlar. Salonlardakı
kresloların arakəsmələrini götürərək təyyarəyə
1087 qaçqın sərnişin yerləşdirmişlər.
Xoşbəxtlikdən həmin səfər qəzasız
ötüşmüşdür...
Ən maraqlısı odur ki,
həmin aviauçuş zamanı təyyarədə 3
körpə dünyaya gəlmişdir.
Nəhəng nəhəngə qarşı...
Bu şəkildə iki nəhəngin
qeyri-adi "tutaşması" təsvir olunmuşdur. 190 ton
ağırlığı olan "Boeinq CC-177" tipli hərbi
nəqliyyat təyyarəsini yerindən tərpədib, 8,8 metr
arxasınca dartan pəhləvan Kanada vətəndaşı
Kevin Fast olmuşdur. 2009-cu ilin sentyabrında Ginnesin rekordlar
kitabına düşən bu hadisəni indiyədək təzələyən
yoxdur...
Bunlar həqiqi faktdır. Məlum
olmayan isə odur ki, öz çəkisi dartdığı nəhəng
maşının çəkisindən 1500 dəfə az olan
insanın qüvvəsi neçə "at gücünə"
malikdir?
Səma "yırtıcıları"
Bu gün səmanın mütləq
hakimi ABŞ-ın istehsalı olan "F-22"
qırıcı təyyarələri sayılır. Hərbi
təyyarələrin beşinci nəslindən olan bu
maşının adını "Raptor", yəni
"Yırtıcı" qoyublar. "F-22" texniki
imkanlarına və qiymətinə görrə dünyada hələlik
birinci yeri tutur. 2010-cu ildə bu markadan olan 145 təyyarə
istehsal olunmuşdur. 2011-ci ildə daha 187
"Yırtıcı" səmaya vəsiqə
alacaqdır...
Səmada hakimiyyət uğrunda yarışda uduzmaq istəməyən ruslar da dinc dayanmırlar. Onlar sovet dönəmindən sonra ilk dəfə olaraq "beşinci nəslin" yeni nümunəsini sınaqdan keçirmişlər. Bu təyyarə "Ağ qu quşu" ("Belıy lebed") və "Ayı" ("Medved") seriyalarından olan qırıcıların xələfi olsa da, F-22 markalı "Yırtıcı"dan geri qalmır.
Rusiyanın hərbi-hava sənayesi yeni qırıcı təyyarənin kütləvi istehsalına hazırlıq görür...
Azərbaycanda... aviamöcüzə
Bir neçə il əvvəl desəydilər ki, Azərbaycanda qırıcı təyyarə, özü də pilotsuz təyyarə istehsal olunacaq, şübhəsiz ki, bunu "nağıl" adlandırardılar. Ancaq həmin "nağıl" bu gün reallığa çevrilmişdir...
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin yeni "AZAD Systems Co." müəssisəsində məsafədən idarə olunan müasir tipli pilotsuz təyyarələrin istehsalına başlanmışdır. "Orbit-2M" və "Aerostar" adlanan pilotsuz təyyarələr üçün hissələrin istehsalı və təyyarələrin yığılması bu zavodda icra olunur.
"Orbit-2M" təyyarəsi 4-6 kilometr hündürlükdə 5 saat fasiləsiz uça bilir. "Aerostar" isə 10 kilometr yüksəklikdə 12 saat fasiləsiz uçur.
Azərbaycanda "Diamond DA-42" adlı mikrosərnişin təyyarəsinin də istehsalı nəzərdə tutulmuşdur.
Topladı və təqdim etdi: Yusif
KƏRİMOV,
əməkdar jurnalist
Azərbaycan.- 2011.- 10 aprel.- S. 7.