YAP gəncliyin siyasi istinadgahıdır

 

Partiyanın Nərimanov rayon təşkilatında keçirilən mərasimdə YAP-ın sıralarına 200-dən artıq gənc üzv qəbul olundu

 

 Azərbaycanın yeni tarixində ictimai-siyasi proseslərin inkişaf axarını müəyyənləşdirən əsas qüvvə kimi çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) formalaşdığı gündən indiyə kimi xalqa xidmət missiyasını şərəflə yerinə yetirir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşan və qısa zaman kəsiyində ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrilən YAP hazırda cəmiyyətdə ən nüfuzlu və etimad göstərilən siyasi təşkilatdır. Bu mənada təsadüfi deyil ki, cəmiyyətdə siyasi fəaliyyətini sözügedən partiya ilə bağlamaq istəyənlərin sayı artır və onlar arasında gənclər üstünlük təşkil edir.

Aprelin 11-də 200-dən çox gəncin partiya sıralarına daxil olması ilə bağlı Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahında keçirilən mərasim bunun daha bir təzahürü oldu. Partiya sıralarına yeni üzv olmuş gənclərlə görüşən və onlara partiya vəsiqələrini təqdim edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ilk növbədə YAP-a daxil olan gəncləri təbrik etdi: "Bu gün sizin həyatınızda əlamətdar bir hadisə baş verir. Yeni Azərbaycan Partiyasına qəbul olunmaq barəsində verdiyiniz ərizələr əsasında Nərimanov rayon təşkilatı sizin YAP-ın sıralarına daxil olunmağınız barədə qərar qəbul etmişdir. Belə hesab edirəm ki, Azərbaycan gənclərinin təmsilçiləri və nümayəndələri olmağınız etibarilə sizin YAP-a daxil olmaq haqqında çox əhəmiyyətli qərar qəbul etməyiniz aydın şəkildə özünü göstərən vətəndaşlıq və siyasi mövqeyinizin təzahürüdür. Eyni zamanda, sizi əmin etmək istəyirəm ki, YAP-a daxil olmaqla əlaqədar qərarınız həyatınızda qəbul etdiyiniz ən ciddi və düzgün qərarlardan biridir. Azərbaycan gəncliyi öz vətənpəvərliyi, siyasi fəallığı, aydın vətəndaş mövqeyi ilə həmişə fərqlənib. Bugünkü gənclərimiz də sözügedən keyfiyyətlərə malikdir və bununla fəxr edirik. Belə gənclərə malik Azərbaycanın gələcəyi parlaqdır".

Əli Əhmədov daha sonra qeyd etdi ki, Azərbaycan gəncliyinin yüksək intellekti, təhsili, savadı, müasir dünyagörüşü, vətənpərvərliyi, Vətən yolunda hər cür fədakarlığa hazır olması onun fərqləndirci xüsusiyyətlərindəndir: "Gənclərimizi səciyyələndirən cəhətlər təkcə bununla məhdudlaşmır. Bu, həm də Azərbaycan dövlətinin, cəmiyyətinin kifayət qədər güclü dayaqlara söykənən və parlaq gələcəyinin fundamentidir. Təbii ki, bu fonda Azərbaycanın xoşbəxt gələcəyi də bugünkü Azərbaycan gəncliyi ilə bağlıdır. Azərbaycan gəncliyi bu tarixi missiyanı öz üzərinə götürməyə həm layiqdir, həm də hazırdır. Gəncliyin üzərinə düşən missiyanın xüsusi çəkisini bir də o göstərir ki, Azərbaycan gənclər ölkəsidir. 20 il ərzində Azərbaycan əhalisinin sayı 2 milyon nəfər artıb. Bu, həm də ondan xəbər verir ki, əhalinin demoqrafik tərkibində gənclər üstünlük təşkil edir".

YAP sədrinin müavini daha sonra vurğuladı ki, gənclər ölkəmizin çox qüdrətli resursu və sərvətidir: "Müasir Azərbaycan gəncliyi xoşbəxt tale yaşayır. Çünki bu tale Azərbaycanın qüdrətli, əzəmətli inkişaf dövrünə təsadüf edir. Son 7 il ərzində Azərbaycan iqtisadiyyatı üç dəfə artıb, ölkənin büdcəsi bu müddətdə on dəfədən çox yüksəlib. Dərin biliyə, geniş dünyagörüşünə malik müasir gənclik bunun nə olduğunu yaxşı bilir. Yaşanan iqtisadi inkişaf ölkəmizin həyatının bütün sahələrində çox böyük, əzəmətli dəyişikliklərə imkan verib. Azərbaycan tanınmaz dərəcədə yeniləşib. 20 il əvvəlki Azərbaycanla müasir Azərbaycan arasında kifayət qədər böyük fərq var. Bu, mövcud Azərbaycan iqtidarının həyata keçirdiyi siyasətin bilavasitə nəticəsidir. Ölkənin, paytaxt Bakının siması yeniləşərək gözəlləşir. Bu isə öz növbəsində insan həyatının keyfiyyətinin yüksəlməsi, müsbətə doğru dəyişməsi deməkdir. Ölkəmizdə gələcəyə istiqamətlənmiş inkişaf ondan ötrüdür ki, bu gələcəyin həqiqi sahibi olan gənclər Azərbaycanda daha gözəl, firavan yaşasınlar. Azərbaycan iqtidarının həyata keçirdiyi siyasətin də mənası bundan ibarətdir".

Əli Əhmədov Azərbaycan iqtidarının çoxtərəfli siyasət həyata keçirdiyini də diqqətə çatdırdı: "Gənclərimizin təhsil alması, yüksək biliklərə və geniş dünyagörüşünə yiyələnməsi üçün hər bir şərait yaradılıb. İndi gənclərimiz təkcə Azərbaycanın yox, eyni zamanda, dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alırlar. Bunun üçün Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və tapşırığı ilə hökumət geniş proqram həyata keçirir. Minlərlə Azərbaycan gənci xarici ölkələrdə təhsil alır və yüksək biliklər qazanırlar. Bütün bunlar Azərbaycan gəncliyinin ölkənin gələcək inkişafı ilə əlaqədar böyük perspektivə malik olmasına yol açır. Beləliklə, Azərbaycan irəliyə doğru sürətlə getməkdə davam edəcək. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə və imzaladığı fərman əsasında ölkəmizdə gənclər siyasəti ilə bağlı əlavə tədbirlər görüləcək, müvafiq proqram həyata keçiriləcək. Bu proqramda Azərbaycan dövlətinin gənclər siyasəti, müasir şəraitdə gəncliyimizin inkişafı ilə əlaqədar qarşıda duran vəzifələr ehtiva ediləcək. Hesab edirəm ki, proqramın qəbul edilməsindən sonra burada nəzərdə tutulan vəzifələrin uğurla həyata keçirilməsi Azərbaycan gəncliyinin inkişafını daha da sürətləndirəcək. Bütün bunların hamısı indi üzv olduğunuz YAP-ın həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir".

YAP-ın sıralarında yarım milyondan çox insanın birləşdiyini vurğulayan Əli Əhmədov onu da xatırlatdı ki, partiyamızın sıralarında olan insanların böyük bir hissəsi - 40 faizi gənclərdir. "Bu da Azərbaycan gəncliyinin YAP-a yüksək münasibətinin bariz ifadəsidir. YAP özünün əsas məqsədlərindən birini də məhz onda görür ki, bütün partiya üzvlərinin, o cümlədən YAP-la öz taleyini birləşdirmiş gənclərimizin potensialının üzə çıxarılması və ifadə olunması üçün hər bir şəraiti yaratsın. Bu istiqamətdə geniş işlər görülür. Təsadüfi deyil ki, YAP-ın sıralarında gənclərin sayı gündən-günə artır. Gənclər YAP-ın onlara olan diqqət və qayğısını yüksək qiymətləndirərək öz siyasi talelərini bu partiya ilə bağlamaq qərarına gəlirlər. Bir misal çəkmək istəyirəm. Hələ 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bu yerli özünüidarəetmə orqanlarında təmsil olunanların yalnız 2 faizini gənclər təşkil edirdi. 2009-cu ildə bələdiyyə seçkiləri kampaniyası zamanı YAP daha çox sayda gənclərin yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları üçün xüsusi bir konsepsiya hazırlayıb həyata keçirdi. Nəticədə son bələdiyyə seçkiləri zamanı formalaşan yerli özünüidarəetmə orqanlarında təmsil olunan gənclərin xüsusi çəkisi 27 faizə yüksəldi, yəni 13 dəfədən çox artım baş verdi. Onun da fərqindəyik ki, bələdiyyələr gənclərimizin özünü ifadə etməsi üçün mükəmməl ictimai-siyasi meydandır. Bu gün Azərbaycan bələdiyyələrində təmsil olunan gənclər artıq bir neçə ildən sonra tək yerli özünüidarəetmə orqanları yox, bütün ölkə miqyasında tanınan ictimai-siyasi xadimlərə çevriləcəklər. Gələcəyin dövlət məmurları, Milli Məclisin üzvləri bugünkü gənclərin arasından seçiləcək. Digər sahələrdə çalışacaq aparıcı şəxslər də sizin aranızdan çıxacaq".

YAP sədrinin müavini qeyd etdi ki, gənclik böyük qüvvədir: "İstəyirik ki, Azərbaycan gəncliyi öz potensial qüvvəsini ölkənin inkişafına sərf etsin, tərəqqisi uğrunda xərcləsin. Təhsilini başa vuraraq ayrı-ayrı sahələrdə çalışan gənclərimiz bu sahələrdə özlərini ifadə etməklə Azərbaycanın inkişafına töhfələr versin, ölkəmizin imicinin daha da yüksəlməsi üçün potensialından istifadə etsin. Ölkəmizdən xaricdə təhsil alan gənclərimiz orada həm yüksək bilik və savadları ilə, həm də yüksək vətənpərvərlikləri, Azərbaycan uğrunda hər bir fədakarlığa hazır olmaları ilə respublikamızın nüfuzunu yüksəltsinlər. Sevindirici haldır ki, Azərbaycan gəncliyi məhz bu yolu tutub. Azərbaycan gəncliyinin böyük əksəriyyəti özünü məhz bu cür dərk edir".

Əli Əhmədov ölkəmizdə fəaliyyət göstərən bəzi partiyaların gəncləri öz sıralarına cəlb etməyə çalışmaqla onları müxtəlif pozucu əməllər törətməyə vadar etmələrinə də toxundu. Qeyd etdi ki, əgər hər hansı bir partiya gəncləri öz maraqlarına uyğun çağırışlarla tərəfinə çəkib küçələrdə şüşələri sındırmağa, digər pozucu əməllər törətməyə təhrik edirsə, bu, çox faciəli yoldur və həmin partiyalar gənclər üçün yox, öz məqsədləri üçün belə addım atırlar: "Onlar öz çirkin niyyət və siyasətlərini həyata keçirmək üçün gənclərdən bir vasitə kimi istifadə edirlər. Gənclik bu gün daha yaxşı biliklərə yiyələnməli və zamanını buna sərf etməlidir. Gənclik zamanından daha məsuliyyətli vəzifələri yerinə yetirməyə özünü hazırlamaq üçün faydalanmalıdır. Küçələrdə polislə toqquşmaq, pəncərələri sındırmaq, kiminsə əmlakına zərər yetirmək gəncliyi çox faciəli uçuruma doğru itələməkdir, gənclərdən bir vasitə kimi istifadə etmək cəhdləridir.

Ancaq mən hesab edirəm ki, gənclərin böyük əksəriyyəti fərqli düşünür və belə qüvvələrdən uzaqdır. Bu da bizim hər birimizdə Azərbaycanın gələcəyi ilə çox optimist hiss və duyğuların formalaşması üçün yetərlidir. YAP sıralarına daxil olan gəncləri təbrik edir və onları əmin etmək istəyirəm ki, atdıqları bu addım düzgün olmaqla ölkənin ictimai-siyasi həyatında Azərbaycan gəncliyinin daha qüdrətli və əzəmətli rol oynamasına böyük töhfə verəcək. Təkcə bu gün YAP-ın Nərimanov rayon təşkilatında 200-dən artıq gənc partiya üzvlüyünə qəbul olunur. Lakin bundan çox sayda gənclər YAP-ın sıralarına qəbul olunmaq üçün müraciət ediblər və yaxın zamanlarda onların partiyaya daxil olmaları ilə bağlı müvafiq qərarlar qəbul olunacaq. Ölkənin ən müxtəlif yerlərində gənclərimiz böyük həvəslə öz siyasi talelərini, siyasi gələcəklərini YAP-la bağlayırlar. Əminəm ki, bu gün YAP sıralarına qəbul olunan gənclərin bu addımları onlar üçün çox uğurlu olacaq".

Daha sonra Əli Əhmədov partiyaya daxil olan bir qrup gəncə üzvlük vəsiqəsini təqdim etdi. Üzvlük vəsiqəsini alan Azərbaycan Rəssamlıq Akademiyasının tələbə gənclər təşkilatının sədri İsmayıl İsmayılov bildirdi: "Azərbaycanın dünəni, bugünü və sabahı olan YAP-ın sıralarına məni etimad göstərərək qəbul etdiyiniz üçün təşəkkür edirəm. Fəxr edirəm ki, bugündən YAP-ın rəsmi üzvüyəm. Gənclər adından demək istəyirəm ki, ölkəmizdə bizim üçün yaradılan münbit şərait, dövr gəncliyin inkişafına xidmət edir. Biz gənclər ilk növbədə dövlətimizi, özümüzü inkişaf etdirməliyik".

Həmin akademiyanın tələbəsi Səyyarə Nemətova isə bunları bildirdi: "Fəxr edirəm ki, YAP-a üzv qəbul olunmuşam. Prezident İlham Əliyevə minnətdarlığımı bildirərək demək istərdim ki, Azərbaycanın dövlət başçısı gənclərə çox böyük diqqət və qayğı göstərir. Elə təhsil aldığım Rəssamlıq Akademiyası Prezidentin göstərişi ilə təmir edilib və burada müasir şərait yaradılıb. Lakin təəssüf ki, bu gün bir sıra müxalif partiyalar şəhərdə sabitliyi pozaraq dövlət müstəqilliyimizin davamını istəmədiklərini göstərdilər. İnanıram ki, gəncliyimiz və xalqımız buna yol verməyəcək. Bir rəssam olaraq elələri ilə əl işimlə mübarizə aparacam".

YAP-a üzv qəbul olan Turan Hüseynova qeyd etdi: "YAP-a üzv olmaq mənim üçün böyük qürurdur. Həqiqətən də YAP-ın Azərbaycan gənclərinin həyatında rolu olduqca böyükdür. Bu partiya gənclərimizin qarşısına böyük perspektivlər açır". Söhrab Ağalarlı, Aysel Hətəmova da öz istək və arzularını çatdırdılar.

Sonda Əli Əhmədov bildirdi ki, YAP qüdrətli siyasi təşkilat olaraq Azərbaycanın keçmişinin bütün əziyyətlərini öz üzərində daşıyaraq onu bugünkü inkişaf yoluna çıxarmaqla yanaşı, ölkəmizin bundan sonrakı taleyinin də məsuliyyətini öz çiyinlərində daşıyır: "Bununla bərabər YAP üzvü olan hər bir şəxsin, yarım milyondan çox insanın ailəsidir. Bu gün partiya sıralarına daxil olan gənclər həmin ailənin üzvlərinə çevrilirlər. YAP-ın hər üzvü partiya üçün əzizdir, dəyərlidir, qiymətlidir".

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.- 12 aprel.- S. 5.