Milli maraqlara qənim kəsilənlər

 

Yaxud "ərəb küləyi" Azərbaycanda niyə əsə bilməz

 

Müstəqilliyinin 20-ci ildönümünü yaşayan Azərbaycan xalqı ötən zaman kəsiyində çox böyük dəyişikliklərin, yeniliklərin şahidi olsa da, aqressiv müxalifətin bugünlərdəki zorakı davranışları onun üçün qətiyyən yeni deyil! Ölkə daxilində bütün siyasi dayaqlarını itirərək antiazərbaycançı şəbəkənin himayəsinə sığınan, cılız və primitiv mübarizə üsulları ilə xalqın gözündən tamamilə düşən, hansısa yeni ideya və proqramlarla ictimaiyyətin diqqətini cəlb edə bilməyən bu qüvvələr ənənəvi ampluadadır. Bunun nəticəsidir ki, nə məzmun, nə də formaca yeni olan, ictimaiyyətdə ikrah hissi doğuran və siyasi cahillik nümunəsi kimi dəyərləndirilən prosesləri növbəti dəfə izləmək məcburiyyətindəyik: yeni dövrün reallığı ilə hesablaşmaq, dəyişmək, sivil mübarizə aparmaq imkanında olmayan radikal müxalifət dağıdıcılıq instinktindən xilas ola bilmir!

 

Antiazərbaycançı şəbəkənin "buyruq qulu"

 

Siyasi prosesləri az-çox izləyənlər yəqin ki, bu reallığı təsdiq edərlər: ictimai etimad qazana bilməyən bəzi müxalifət partiyaları hər dəfə seçkilərdən sonra üzləşdikləri ağır məğlubiyyətdən diqqəti yayındırmaq niyyəti ilə qarşıdurma və iğtişaşla nəticələnən aksiyalara meyillənirlər. Bu yolla sadəlövhcəsinə siyasi proseslərə təsir imkanı qazanacaqlarını, məhdud saylı tərəfdarlarını qoruyub saxlayacaqlarını düşünən "radikallar" son nəticədə daha acınacaqlı və rüsvayçı vəziyyətlə üzləşirlər. Uzağa getməyək, aprelin 2-də müvafiq hakimiyyət qurumları ilə razılaşdırmadan keçirməyə cəhd göstərdikləri icazəsiz kütləvi aksiya bu qüvvələrin qeyri-sağlam və zorakı mübarizə metodlarından, dağıdıcılıq instinktindən əl çəkə bilmədiklərini, hələ də meydan eyforiyası ilə yaşadıqlarını göstərdi. Əvvəlcədən verdikləri "gurultulu", populist bəyanatlar müqabilində icazəsiz aksiyaya şirnikləndirici vasitələrlə cəmi 200-300 nəfəri zorla çıxaran bir neçə radikal müxalifət partiyasının cəmiyyətdə ciddi sosial dayaqlarının olmadığı tam təsdiqini tapdı. Həmin qüvvələrin xüsusi hazırlıqlı, təlim keçmiş "dəstələri" qeyri-qanuni aksiya zamanı insanlar arasında təşviş yaratmaq, vəziyyəti süni şəkildə gərginləşdirmək məqsədilə zorakı hərəkətlərə yol versələr də, asayiş keşikçilərinin sayıqlığı nəticəsində məkrli məqsədlərinə nail ola bilmədilər.

Əslində, ölkədəki inkişaf və tərəqqiyə qarşı yönələn, antiazərbaycançı şəbəkənin diktəsi ilə ictimai-siyasi sabitliyi pozmağa yönələn bu aksiyanın belə rüsvayçı sonluqla nəticələnəcəyi əvvəlcədən də bəlli idi. Fəqət, aprelin 2-də radikal müxalifətin törətməyə cəhd göstərdiyi iğtişaşlar deməyə əsas verir ki, "biz gəlirik" kimi istehza, gülüş doğuran şüarlarla məhdud saylı tərəfdarlarını 20 ilə yaxın müddətdə aldadan, hər seçkidə məğlubiyyət acısını yaşasa da, bunu etiraf etməyə siyasi mədəniyyəti çatmayanlar ictimai dəstəkdən də tamamilə məhrum olublar. Bu qüvvələrin 2 apreldə üzləşdikləri rüsvayçı vəziyyət onların ölkədə hansısa sosial bazaya, habelə siyasi proseslərə təsir imkanlarına malik olmadıqlarını nümayiş etdirdi. Üstəlik, həmin zorakı aksiyadan sonra məlum partiyalardan "yarpaq tökümü" başlayıb - hər gün onlarla müxalifətçi aldadıldığını səmimi etiraf edərək istefa verir, dağıdıcılıq, xaos, anarxiya deyil, sabitlik, tərəqqi və inkişaf tərəfdarı olduğunu bildirir. Onların sırasında funksionerlərə, fəallara da geniş təsadüf olunur.

Səbəb kifayət qədər sadədir: müdrik xalqımız kimin kim olduğunu bilir, ağı qaradan, yaxşını pisdən, doğrunu yalandan seçməyi bacarır. Məhz buna görə də xalq inkarçılıq psixologiyasından qurtula bilməyən nihilist qüvvələrə ötən ilin parlament seçkilərində növbəti dəfə "yox" dedi. Amma "əbədi məğlublar" və onların xaricdəki havadarları reallığı etiraf etməyə özlərində cürət tapmırlar. Cığal xislətindən uzaqlaşa bilməyən bu qüvvələr həmişə olduğu kimi, seçkilərin yekun nəticələri ilə bağlı reallığa, fakta, sübuta yox, cılız iddialara əsaslanaraq absurd fikirlər səsləndirirlər. Mövcud hakimiyyəti dəstəkləyən milyonlarla vətəndaşı daim aşağılamağa çalışan, hətta nifrətini açıq şəkildə izhar edən, xalqa qənim kəsilən bu antimilli qüvvələrin gülünc "arqumenti" isə belə olub ki, guya onların uğur qazanmadığı seçki demokratik ola bilməz. Əlbəttə, bu mülahizələrin reallıqdan tamamilə uzaq olduğunu ölkə vətəndaşları da çox yaxşı bilirlər. Fəqət, nə etməli, radikal müxalifət məğlubiyyətini və həm də acizliyini asanlıqla etiraf etmək mədəniyyətində deyil. Əksinə, ağır psixoloji durumda olan bu qüvvələr antiazərbaycançı şəbəkənin bütün sifarişlərini "cani-dildən" icra edərək ölkəmizin imicinə xələl gətirmək üçün dəridən-qabıqdan çıxırlar.

Bəli, bölgədə müstəqil, suveren dövlət kimi mövcudluğumuzdan əndişələnən müəyyən daxili və xarici qüvvələr seçkidən sonra yenə bir araya gəliblər. Hədəfdə isə yenə də Azərbaycan dövlətinin, xalqın milli maraqlarıdır. "Xalqa nə qədər pisdirsə, bizə bir o qədər yaxşıdır" prinsipindən çıxış edən aqressiv müxalifət hələ də sadəlövhcəsinə Azərbaycan hakimiyyətinə xarici təsirləri gücləndirə biləcəyinə ümidlidir. Görünür, onları şirnikləndirən həm də budur ki, xaricdəki antiazərbaycançı şəbəkə Azərbaycan hakimiyyətinin müstəqil siyasət yeritməsini və bütün məsələlərdə yalnız milli maraqlarını əsas tutmasını heç cür "həzm" edə bilmir. Regionun bir çox dövlətlərini asanlıqla təsiri altına salan, onlara öz maraqlarını kobud şəkildə diktə edən fövqəlgüclər Azərbaycana təzyiq rıçaqlarının olmaması ilə qətiyyən barışmaq istəmirlər. Məhz bu səbəbdən də Azərbaycana qənim kəsilən, onun bölgədə müstəqil, suveren dövlət kimi mövcudluğundan əndişələnən məlum daxili və xarici qüvvələr yenə fəallıq imitasiyası yaratmağa çalışırlar.

Azərbaycanın əldə etdiyi davamlı uğurları həzm edə bilməyən bu bədnam qüvvələrin hədəfi dəyişməz olaraq qalır: nəyin bahasına olursa-olsun, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, vəziyyəti gərginləşdirmək, həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq!

 

Qanunsuz aksiyalar - çirkli pulların yuyulması "mexanizmi"

 

Antiazərbaycançı şəbəkəni əndişələndirən, narahat edən səbəblər məlumdur: respublikamız son illərdə iqtisadi və siyasi baxımdan kifayət qədər güclənib, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilib. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən respublikamız özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Möhtərəm Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafını təmin edib. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkəmizin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.

Azərbaycan həmişə beynəlxalq hüquq norma və prinsiplərindən çıxış etməklə hansısa dövlətin daxili işlərinə qarışmır. Eyni zamanda, ikitərəfli və çoxtərəfli münasibətlərdə daim bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin qorunmasına çalışır. Respublikamız milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə də güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirib. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır.

Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr isə narahatlıqlarını ən müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı "təzyiq vasitələri" tapmağa çalışırlar. Çünki bu siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsi cığal, destruktiv mahiyyətindən uzaqlaşa bilməyən radikal müxalifəti hər cür ictimai dəstəkdən, sosial bazadan məhrum edir, unutdurur. Onların siyasi səhnədən silinməsi prosesini sürətləndirir. Görünür, bu səbəbdən də antiazərbaycançı şəbəkə ölkəmizdə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının güclənməsini qətiyyən arzulamır! Məlum qüvvələr hələ də sadəlövhcəsinə ümid edirlər ki, hansısa süni problemlər uydurmaqla ölkə rəhbərliyinə təsir imkanları qazana bilərlər.

Niyyəti və əməli Azərbaycanda daxili sabitliyi pozmağa yönələn, fəaliyyəti ilə hər zaman ölkənin nüfuzunu zədələməyə çalışan radikal müxalifət bu gün antiazərbaycançı şəbəkənin ruporu, təmsilçisi kimi çıxış etdiyini gizlədə bilmir. Antimilli fəaliyyəti ilə özlərini cəmiyyətdən tamamilə təcrid halına salmış radikallar bu gün ölkədə xaotik durumun formalaşmasını istəyir və bu yöndə çabalar edirlər. Buna nail olmayacaqlarını başa düşsələr də, guya mövcudluqlarını nümayiş etdirmək, qrant adı altında müəyyən xarici dairələrdən aldıqları pulların "hesabatını vermək" niyyəti ilə küçələrə çıxırlar. Əgər əvvəllər süni radikallıq nümayişi hakimiyyət hərisliyindən irəli gəlirdisə, bizim günlərdə keçirilən qanunsuz aksiyaların hədəfi başqadır. Ənənəvi olaraq rahat kabinetlərindən kənara çıxmağa cürəti çatmayanlar təsir altına saldıqları bir qrup gənci ictimai asayiş keşikçiləri ilə süni qarşıdurmaya sürükləməklə, onların həbsə düşməsinə çalışmaqla "biz də varıq" demək istəyirlər. Lakin həmin partiya sədrləri mövcudluqlarını cəmiyyətə yox, məhdud elektoratına sübut etməyə çalışırlar.

Digər əsas məqsəd xaricdən daha çox qrant almaq, maliyyə imkanları əldə etməkdir. Hər zaman şəffaflıqdan, təmizlikdən dəm vuran aqressiv müxalif partiya rəhbərləri öz maliyyə mənbələri barədə ictimaiyyəti məlumatlandırmaqdan açıq-aşkar imtina edirlər. Lakin son dərəcə dəbdəbəli, kübar həyat tərzi keçirən bəzi müxalif partiya sədrlərinin hansı maliyyə vəsaiti hesabına yaşaması cəmiyyətə heç də sirr deyil! 2005-ci ildə AXCP sədri Əli Kərimlinin nəzarətində olan "Yeni fikir" gənclər hərəkatının sədri Ruslan Bəşirlinin Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi faktının sübuta yetirilməsi təhlükənin real miqyasını üzə çıxarmışdı. Fəqət, indi də cəmiyyətə məlum deyil ki, heç bir faydalı işlə məşğul olmayan Əli Kərimli ailəsini Londonda hansı maliyyə imkanları hesabına saxlayır, övladlarına hansı vəsaitlə bu ölkədə yüksək təhsil verir. Lakin zaman-zaman müəyyən xarici dairələrdən və qeyri-hökumət təşkilatlarından aldığı dəstəyə görə bu gün onun rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı hətta müxalifət düşərgəsində də ciddi şübhələr mövcuddur.

 

Uğursuz müqayisə, yaxud siyasi səbatsızlığın növbəti təzahürü

 

Hər dəfə gülünc görünən cəfəng təbliğatın şahidi oluruq: seçkidə rüsvayçı məğlubiyyətə düçar olub xalqın dəstəyini itirən, səhvlərindən nəticə çıxarıb yeniləşməyən aqressiv müxalifət hansısa ölkədə ictimai-siyasi sabitliyin pozulmasından sadəlövhcəsinə sevincək olur. Dərhal isterik təsir bağışlayan mənasız təbliğat işə düşür, analoji inqilabların, anarxiya, xaos və hərc-mərclik mühitinin guya Azərbaycanda da təkrarlanacağı iddia edilir. Ac toyuq yuxuda darı görən kimi, Azərbaycanın aqressiv müxalifəti də inqilab həsrətindədir.

Bəli, radikal müxalifətin keçirdiyi uğursuz aksiyalar daxildən çox xaricə hesablanıb. Həmin nihilist qüvvələr müəyyən zorakı və dağıdıcı hərəkətlərə meyillənməklə bəzi ərəb dövlətlərində son aylarda cərəyan edən proseslərin guya Azərbaycanda da "təkrarlana biləcəyi" ilə bağlı süni fon yaratmağa çalışır, bu istiqamətdə cəfəng təbliğat aparırlar. Məqsəd ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yönəlik dağıdıcı hərəkətlərə xaricdən dəstək almaqdır. "Hüquq müdafiəçisi", "qeyri-hökumət təşkilatı", "siyasi partiya" adı altında fəaliyyət göstərən bu "buyruq qulları" xarici dəstək müqabilində istənilən an Azərbaycan dövlətçiliyinə və xalqına xəyanət etməyə hazır psixoloji ovqatda olduqlarını nümayiş etdirmək üçün "dəridən-qabıqdan çıxırlar".

Bu gün azacıq məntiqi, siyasi dünyagörüşü, hadisələri real qiymətləndirmək bacarığı olan hər kəs məlum ərəb dövlətləri ilə Azərbaycandakı vəziyyətin müqayisəsi cəhdlərini yalnız siyasi savadsızlıq, korafəhmlik kimi dəyərləndirir. Bu müqayisənin primitiv düşüncə məhsulu olduğunu görmək üçün son aylarda bəzi ərəb ölkələrində cərəyan edən hadisələri qısaca nəzərdən keçirmək kifayətdir. Məlum ərəb ölkələrindəki çaxnaşmaların istər daxildən, istərsə də xaricdən qaynaqlanan köklü səbəblərini görmək o qədər də çətin deyil. Hakimiyyət dəyişikliyinə məruz qalmış Tunisdə, Misirdə, eləcə də bu gün qardaş qanının axıdıldığı Liviyada, həmçinin Bəhreyndə, Yəməndə, Suriyada və digər ərəb ölkələrində mövcud sosial narazılıqların partlayış həddinə gəlib çıxması heç də gözlənilməz olmadı.

İşsizlik, səfalət, yoxsulluq, ən elementar insan hüquqlarının boğulması və bu qəbildən olan digər problemlər həmin ölkələrdə hadisələrin inkişaf axarına təsirsiz ötüşmədi. Bu ərəb ölkələrində hakimiyyət uğrunda daxili çəkişmələrin qızışması da proseslərin tez bir zamanda nəzarətdən çıxmasına əlavə təkan verdi. Korrupsiya girdabında boğulan hakim klanların var-dövlət içində üzməsi, dəbdəbəli həyat tərzini yoxsul xalqa nümayiş etdirməkdən belə çəkinməməsi onlara qarşı ictimai qəzəbi bəzi hallarda artıq nifrət həddinə çatdırırdı. Hakimiyyətə rəhbərlik edən şəxslərin xalqdan aralı düşmələri, daim dərinləşməkdə olan uçurumu görüb nəticə çıxarmamaları mənfi fəsadlarını çox gözlətmədi.

Hər il milyonlarla ton nefti dünyaya ixrac edən, milyardlarla pul mənimsəyən həmin rejimlər xalqın etimadını tamamilə itirdiklərinə görə diktatorsayağı idarəetmə üsulu seçmişdilər. Siyasi azadlıqların addımbaşı boğulması, azad seçki hüquqlarının olmaması, iqtisadi sahədə inhisarçılığın, rüşvətxorluğın və korrupsiyanın adi hala çevrilməsi, əlbəttə ki, uzun illər nəticəsiz qala bilməzdi. Bütün dünya müasir dəyərlərə doğru hərəkət etdiyi halda, bunun qarşısını zorla saxlamaq, demokratik qığılcımları beşiyindəcə boğmaq niyyəti isə üsyanların alovlanmasına ciddi təkan verdi.

Bununla belə, ərəb dünyasında baş qaldıran xalq üsyanlarının təkcə daxili faktorlarla bağlı olmadığı da qabarıq görünür. Hadisələrin kifayət qədər gərgin müstəvidə cərəyan etməsini körükləyən kənar qüvvələrin mövcudluğu həmin vəziyyətin bərqərar olmasında daxili səbəblərlə müqayisədə daha böyük çəkiyə malikdir. Beynəlxalq hüququn norma və prinsiplərinin işləmədiyinin hamı tərəfindən etiraf edildiyi bir zamanda müasir dünyanın yenidən bölüşdürülməsi prosesinə başlanılması ərəb dalğasını doğuran ən mühüm amillərdən biridir.

İlk on ilini yola saldığımız yeni əsrin ötən dövrünün təhlilindən üzə çıxan ən acı nəticələrdən biri də məhz beynəlxalq hüququn, dünya təşkilatlarının sadəcə özünü fövqəlgüc statusunda görmək istəyən bəzi dövlətlərin əlində alətdən başqa bir şey olmadığına dair qənaətin dərinləşməsidir. Geosiyasi, geoiqtisadi kontekstdə özünü getdikcə qabarıq formada büruzə verən bu halla bağlı təəssüf ki, yetərli sayda misallar çəkmək mümkündür. Bu, təbii sərvətlər - ilk növbədə zəngin neft ehtiyatları uğrunda yaşanan rəqabət və mübarizənin daha amansız mərhələyə daxil olmasına gətirib çıxaran önəmli səbəblərdən biridir. Ərəb ölkələrinin neftlə, həmçinin digər təbii resurslarla zəngin olması fonunda bu dövlətlərin hansı səbəbdən bu gün qaynar bahar yaşamasının səbəblərini axtarıb tapmaq, bu mənada, böyük uzaqgörənlik tələb etmir.

 

İnqilablar kimə və nə üçün lazımdır

 

İmperializmin tarixi göstərir ki, dünyada hegemonluğa can atanlar bu və ya digər ölkənin sərvətini talamaq üçün hədəf olaraq seçdikləri yerlərdə marionet hakimiyyətlərin formalaşmasına hər zaman xüsusi diqqət yetiriblər. Bu, de-fakto həyata keçirilən istilaya hüquqi don geyindirmək baxımından zamanın sınağından çıxarılmış köhnə taktika hesab olunur. Məhz bu baxımdan da ərəb dünyasında cərəyan edən məlum hadisələrə əslində yeni dalğa yox, Əfqanıstan və İraqda reallaşdırılmış məlum ssenarilərin davamı kimi baxmaq daha düzgün olardı. Fikrimizcə, bu "ssenari"lərin müəlliflərinin cəmiyyətə xüsusi təqdimatına ehtiyac yoxdur.

Məlum "ssenari"lərin müəllifi qismində çıxış edənlər indi müsəlman dünyasını inqilablara sürükləməyə çalışırlar. Bunu kimisi orta əsrlərdəki "xaç yürüşləri"nin XXI əsrdə yeni formada təzahürü, kimisi üçüncü dünya müharibəsinin işartıları, kimisi fövqəldövlətlərin yeni ekspansiya siyasəti kimi dəyərləndirir. Lakin bu prosesləri siyasi və iqtisadi yox, sırf insani prizmadan dəyərləndirərdim. Çünki yaşananlar xalqların daha böyük səfalətə, fəlakətə sürüklənməsindən başqa heç nəyə xidmət etmir! Bütöv bir ölkənin inkişafı bir neçə onillik müddət üçün geriyə atılır. Yoxsulluq, səfalət daha geniş miqyas alır, humanitar fəlakətin miqyası daha böyük spektri əhatə edir. Çətin ki, hüquqlarını tələb edən, sosial durumunun düzəlməsini istəyən hər hansı xalq kənardan hərbi müdaxilədə, kütləvi insan qırğını ilə nəticələnən belə hadisələrdə maraqlı olsun. Çünki bu tipli "inqilabların" ən böyük zərbəsi xalqa, dövlətə dəyir.

Uzağa getməyək, son illərdə bəzi postsovet ölkələrində, konkret desək, Ukrayna və Qırğızıstanda baş verən "məxməri inqilablar" bunu bir daha təsdiqlədi. Həmin hadisələrin firavanlığa və yüksəlişə səbəb olacağını sadəlövhcəsinə düşünənlər çox keçmədi ki, yanıldıqlarını başa düşdülər. Hakimiyyətə kənar qüvvələrin təsiri ilə gələnlər faktiki olaraq xalq üçün bir gün ağlaya bilmədilər. Son nəticə isə məlumdur. Xalq yeni bir inqilab edərək inqilabla hakimiyyətə gələnləri devirdi. Nəticədə həm Qırğızıstanın, həm də Ukraynanın inkişaf proseslərindən nə qədər geri qaldığı da göz önündədir.

Yeni dünya nizamının ən böyük rəzilliyi ondan ibarətdir ki, qondarma inqilab ssenariləri baş tutmayanda gücün, zorun, topun, tüfəngin işə düşməsi lap orta əsrlərdə olduğu kimi reallaşdırılır. Elə götürək Liviyanı - burada Qəzzafi rejiminin devrilməsi üçün daxildə başlayan hərəkatın Misir və Tunisdə olduğu kimi yekunlaşmayacağı məlum oldu. Zor gücünə olsa belə, Qəzzafi ona qarşı çıxanları sonadək məhv etmək ovqatında olduğunu göstərdi. Bundan sonra ABŞ-ın, Fransanın, İngiltərənin və digər Qərb dövlətlərinin təkidi ilə BMT Təhlükəsizlik Şurası tələm-tələsik toplanıb Liviyaya hərbi müdaxiləyə yol açan qətnamə qəbul etdi. Üstəlik, qətnamənin mürəkkəbi qurumamış Avropa dövlətləri başda Fransa olmaqla onu dərhal icraya yönəltdi (Bu məqamda Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən 4 qətnamə yada düşür).

Liviya hadisələri başlayan gündən etibarən bu dövlətin dəniz sularında lövbər salmış ABŞ hərbi gəmiləri də fürsəti əldən buraxmadı. Liviyanın başına raketlər, bombalar yağdırıldı. Həm də hansı miqyasda və pulla ifadədə hansı məbləğdə! Təkcə ABŞ martın 19-dan 28-nə kimi Liviyadakı əməliyyatlara 550 milyon dollar xərcləyib. Bu xərclərin 60 faizə yaxını Liviyaya atılan raket və bombalar üçün sərf olunub. Yerdə qalanı isə Birləşmiş Ştatlar ordusunun hazırlanması, təşkili və Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrin yanacağına sərf olunub. Göstərilən müddətdə Liviyada hərbi əməliyyatlar zamanı bu ölkəyə atılan və "ağıllı" raket kimi ad çıxaran 199 "Tomahavk"ın 192-si ABŞ-ın payına düşür. Hər bir raketin buraxılışı isə nə az, nə çox düz 1,5 milyon dollara başa gəlir. Eyni zamanda, əməliyyatlar zamanı koalisiya qüvvələri tərəfindən istifadə olunan 602 xüsusi lazer tipli raketlərin 455-i də Birləşmiş Ştatların hesabına gerçəkləşib.

Digər koalisiya qüvvələri, o cümlədən Fransa və İngiltərənin hələ davam etdirilməkdə olan hərbi əməliyyatlara yönəltdikləri vəsaitlərin miqdarı on milyonlarla ölçülür. Burada daha bir maraqlı nüans Liviya kampaniyasının bəzi Qərb ölkələrində gələn il keçiriləcək seçkilər dövrünə təsadüf etməsidir. Görünən odur ki, Qərbin bəzi liderləri seçki kampaniyasına hansısa müstəqil dövlətin üzərinə raket və bombalar yağdırmaqla başlamağa daha çox üstünlük verirlər. Bunun üçün yüz milyonlar xərcləməkdən belə çəkinmirlər. Özü də əvvəllər bu raket və bombaların Qəzzafiyə məxsus qüvvələrin və hərbi obyektlərin məhv edilməsinə yönəldiyi bildirilsə də, sonradan elə üsyançıların özlərinin də koalisiya qüvvələrinin hədəfinə tuş gəldiyi məlum oldu. İndi qan gölünə çevrilən bu dövlətin məruz qaldığı dağıntıların, yaşadığı fəlakətin nəticələrinin aradan qaldırılacağına Liviyanı bomba və raket hücumları ilə xarabazarlığa çevirənlərin nə dərəcədə yardımçı olacağının özü də böyük sual altındadır. Hər halda Əfqanıstan və İraqın hazırkı vəziyyəti bu barədə nikbin qənaətlərə imkan vermir. İndi bu ölkələrdə hər gün partlayışlar törədilir, daxili sabitlikdən əsər-əlamət demək olar ki, yoxdur, yoxsulluq, işsizlik, səfalət tüğyan edir.

 

Dünyanın köhnə-yeni "jandarmları"

 

Baş verənlər fonunda Azərbaycanı daha çox narahat edən əsas məqam növbəti dəfə özünü kifayət qədər açıq formada büruzə verən ikili standartlar oldu. Liviyaya qarşı BMT Təhlükəsizlik Şurasının məlum qətnaməsinin qəbulundan bir gün keçməmiş dərhal onun icrasına başlandı. Ancaq BMT-nin Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan 4 məlum qətnaməsi 18 ildir ki, kağız üzərindədir. Hər dəfə Azərbaycan həmin qətnamələrin icraya yönləndirilməsi məsələsini qaldıranda iddia olunur ki, bunun üçün BMT-nin müvafiq mexanizmləri yoxdur! Amma "fövqəlgüc"lərin maraqları tələb etdikdə dərhal icra mexanizmləri tapılır və işə salınır. Liviyanın timsalında biz bunun əyani şahidi olduq.

Yenə də qayıdaq neft və digər təbii sərvətlər amilinə. Tarixi kontekstdə bu mövzunu dəyərləndirək və tarixin təkərinin dövr etməsinə şahid olaq: Bu gün "demokratiya atası" olan Qərb dövlətləri əsrlər öncəsi imperializm siyasətlərini Şərqə, Afrikaya yönəldib bu ərazidəki xalqlara məxsus yeraltı və yerüstü sərvətləri ABŞ-a, Avropaya daşımadılarmı? Bu ərazilərdəki ölkələri viran, əhalisini isə səfil qoymadılarmı? Aborigenləri tayfa-tayfa, nəsil-nəsil qıraraq kütləvi soyqırımları törədib, sonra isə qəbilələr arasına nifaq toxumu səpib, qardaş qanı tökülməsinə bais olmadılarmı?! Şərqin və Afrikanın talanan sərvətləri hesabına əldə olunan gəlirlər silah, bomba, yeni qəsbkarlıq siyasəti şəklində yenidən bu regionlara qayıtmadımı?

Daşınan qızıllar, almazlar, neft və qaz, qul kimi istifadə olunan ucuz işçi qüvvəsi bu gün özünü "sivilizasiyanın beşiyi sayan" dövlətlərin zənginləşməsində əsas amil oldu. Bir məqamı da unutmayaq ki, ABŞ-ın, İngiltərənin, Fransanın, İspaniyanın, Almaniyanın və digərlərinin böyük muzeylərinin ən möhtəşəm sənət əsərləri də elə digər xalqların yaradıcılıq nümunələridir. Özü də bu yaradıcılıq nümunələri həmin muzeylərə hədiyyə olaraq düşməyib, məlum qəsbkarlığın, işğalın, talanın nəticəsi olaraq həmin muzeylərin bəzəyinə çevrilib.

İndi sərvətlərinə sahib çıxmağa başlayan xalqlarla dil tapmaq daha əvvəlki kimi asan deyil! Belə olan halda yenə orta əsrlər metodu kara gəlir! Hansısa ölkədə süni inqilablar təşkil edilərək iqtidara xarici ağasının buyruğu ilə oturub duran marionet qüvvə gətirilir. Bu mümkün olmadıqda zora əl atılır. Nəticə isə dəyişməzdir: hədəf olaraq seçilən ölkələrin xalqları daha böyük səfalət və aclığa, hər an təhlükələrlə dolu həyat yaşamağa vadar edilir. Maraqlı tərəf isə yenə də bu xalqların sərvətini mənimsəməyə, özününküləşdirməyə başlayır.

Daha bir mühüm nüans inqilab hədəfi kimi seçilən ölkələrdə hakimiyyət dəyişikliyi reallaşan zaman iqtidarda yer alanların ABŞ və Avropa banklarındakı hesablarının dondurulması, malik olduqları qiymətli kağızların üzərindən xətt çəkilməsidir. Məsələn, Tunisin keçmiş prezidenti Bin Əlinin, Misirin sabiq rəhbəri Hüsnü Mübarəkin, Liviya rəhbəri Müammər Qəzzafinin belə bir aqibətlə üzləşməsi barədə dünya mediası xəbərlər yaydı. Daha sonra ayrı-ayrı Qərb dövlətlərinin təmsilçiləri də bu xəbərlərin həqiqiliyini təsdiq edən açıqlamalarla çıxış etdilər. Maraq doğuran odur ki, adları çəkilən şəxslərin hər biri ölkələrində 30 ildən artıq müddətdə hakimiyyətdə olublar. Nəyə görə onların hesabları əvvəllər dondurulmurdu və bu, məhz indi yada düşüb? Nəyə görə həmin şəxslər əvvəllər yox, məhz indi xalqına qan udduran amansız diktatorlar kimi qələmə verilir? Əslində, bunun yeganə adı el arasında geniş yayılan bir sözlə ifadə olunur: ikiüzlülük-riyakarlıq!

Üzərinə həbs qoyulub, dondurulan bank hesablarında olan pulların, qiymətli kağızların taleyi sonradan qaranlıq qalır. Onların donu açıldıqda adətən yeni sahibləri elə Qərb dövlətlərinin özləri olur. Çox vaxt həmin pulların heç bir qəpiyi də əsl sahiblərinə - səfalət içində sürünən xalqlara geri verilmir. Nə yazıq ki, ərəb dünyası bu gün qeyd edilənlərin acı reallığını yaşayır. Bununla da faktiki olaraq dünyada maddi çəkilərini də artıran ərəblərin əmlak və mal varlığına başqaları sahib çıxır.

Beləliklə, ərəb dünyasında cərəyan edən hadisələrin indi tək daxili səbəblərlə bağlı olmadığı, kənar təsirlərin burada həlledici rol oynadığı aydın görünür. Həmin kənar təsirlər nəticəsində eyni dini paylaşdığımız bütöv bir dövlət bəzən məhv olur, xalqı daha acınacaqlı durumda yaşamağa vadar edilir, taleyini özü yox, yadlar müəyyənləşdirir. Həmin yadlar ki, bu gün onlara pənah aparan, ölkələrində qalan müsəlmanları da son dövrlərdə ciddi surətdə sıxışdırmağa başlayıblar. Avropa ölkələrində müsəlman miqrantlara münasibətin radikallaşması, onların əzilməsi, İslamın müqqədəs kitabı olan Quranın ABŞ-da hansısa səfeh keşiş tərəfindən nümayişkaranə yandırılması, bu qeyri-insani addımın qarşısının alınması məqsədilə heç bir tədbir görülməməsi, bunun Amerika telekanalları tərəfindən görüntülənməsi yaxşı heç nə vəd etmir!

"Siyasi jandarmlar" tarixi təkrar edirlər - daha amansız və ədalətsiz formada!..

 

Azərbaycan xalqı inqilabı 1993-cü ildə edib!

 

İnqilabın törədilməsində əsas rol oynayanlar bir qayda olaraq onun "ixracı"nı da yaddan çıxarmırlar. Yenə ərəb dünyasında bir-birinin ardınca baş verən "inqilablar" bunun real nümunəsidir. Fəqət, bu hadisələrin Azərbaycana təsirindən danışmaq son dərəcə absurd olub, suda boğulanların saman çöpündən yapışmasına bənzəyir. Sözsüz ki, Azərbaycanda hansısa rəngli inqilabın olması, sabitliyin pozulması, ölkənin yenidən 1991-1993-cü illərə qayıtması aqressiv müxalifətin heç zaman reallaşdırmaq imkanında olmadığı, əlçatmaz arzusudur! Daha dəqiq desək, boş xülyasıdır!

Onların heç zaman belə bir gücdə və imkanda olmadığını əlahəzrət zaman tam təsdiqləyib! Hələ ötən əsrin 90-cı illərinin sonunda - obyektiv səbəblərdən ölkənin bir çox problemlərinin olduğu dövrlərdə radikallar cəmiyyətdə ciddi sosial baza qazana bilməyiblər. Bu dağıdıcı qüvvələrin nə 90-cı illərin sonunda, nə 2003-cü ilin 15-16 oktyabrında, nə də 2005-ci ilin oktyabr-noyabrında hakimiyyəti qəsb etmək planı baş tutmayıb. Xalq hansısa rəngli inqilablardan danışanların sonradan rüsvayçı vəziyyətlə üzləşməsinin əyani şahidi olub.

Azərbaycana inqilab lazımdırmı? Bu sualın aktuallığı üçün nə hüquqi, nə siyasi, nə sosial, nə də iqtisadi əsas var. Ərəb dünyasında baş verən inqilabların səbəbləri barədə yuxarıda qənaətlərimizi açıqladıq. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda inqilab üçün əsasın olmadığı bir daha qabarıq formada özünü büruzə verir. Lakin reallığa söykənməyən analogiyalar aparmaq radikal müxalifətin, belə demək mümkünsə, köhnə şakəridir. Xatırlamaq yerinə düşərdi ki, 2004-cü ildə Gürcüstanda, 2005-ci ildə Ukrayna və Qırğızıstanda yaşanan məlum hadisələrdən sonra da radikal müxalifət analoji hadisələrin Azərbaycanda təkrarlanacağını iddia edir, hətta narıncı rəngə bürünürdü. Lakin ən böyük hakim olan zaman radikal müxalifətin nə dərəcədə yanıldığını, sadəcə cəfəng fikirlər müəllifi olduğunu real formada sübuta yetirdi.

2010-cu ilin parlament seçkilərinin nəticələri məhz iki amilin - demokratiya və dövlətçiliyin xalq tərəfindən eyni anlamda müstəsna əhəmiyyət kəsb etdiyini, cəmiyyətin bunlardan birini digərindən fərqləndirmədiyi reallığını növbəti dəfə ortaya qoydu. Bir daha sübut olundu ki, xalqın demokratiya arzuları ulu öndər Heydər Əliyevin banisi olduğu müasir dövlətçilik prinsipləri üzərində köklənib. Cəmiyyət yüksək demokratik inkişafa hər hansı dağıdıcı inqilabla deyil, məhz təkamül yolu ilə nail olmağın zəruriliyini parlament seçkisinin rəsmi nəticələrində bir daha təzahür etdirdi. Parlament seçkiləri Azərbaycanın demokratik inkişafında yeni mərhələ oldu, ölkənin siyasi sisteminin modernləşməsinə müsbət təsir göstərdi. Seçkinin nəticələri siyasi, sosial-iqtisadi və mədəni-intellektual sferada aparılan islahatlara yeni ruh və müasirlik gətirdi.

Son parlament seçkiləri bir həqiqəti də üzə çıxardı. Bir daha təsdiqləndi ki, ötən 20 ildə inkarçı və qaragüruhçu mahiyyətini dəyişməyən, yaxud seçki kimi mühüm siyasi kampaniyaya "eksperiment" kimi yanaşan təsadüfi adamların ictimai dəstək qazanması qətiyyən mümkün deyil! Görünür, iddiaları ilə imkanları qətiyyən uzlaşmayan, düşdükləri umsuq vəziyyətdən psixoloji durumları tamamilə pozulan aqressiv müxalifət təmsilçiləri bir həqiqəti də unutdular ki, orta statistik azərbaycanlı bütün məsələlərdə bugünkü reallıqdan çıxış edir. 90-cı illərin əvvəllərində olduğu kimi, kiməsə yalan vədlərlə aldatmaq, yaxud populist vədlərlə ələ almaq qeyri-realdır. Azərbaycan vətəndaşları 1992-1993-cü illərdə ölkənin üzləşdiyi böyük sarsıntı və faciələri hələ də unutmayıb!

 

"Bəylər", rəzalətin etirafı sizə məxsusdur!

 

Bu gün hakimiyyətin siyasətini əsassız olaraq "bəyənməyənlərə", ağa-qara deyənlərə - AXC-Müsavat cütlüyünün tör-töküntülərinə 1993-cü il mayın 25-də keçirdikləri müşavirədə səsləndirdikləri bəzi fikirləri xatırlatmaq lazımdır. Ölkənin dövlət katibinin "respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni, demək olar ki, idarə edir", baş prokurorun "iflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlamalıdır", Gömrük Komitəsi sədrinin "Xalqın qabağında dayanan oğlanlar bu gün pulun qabağında dayana bilmir", Ali Məhkəmə sədrinin "Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir" etiraflarında AXC-Müsavat iqtidarının əsl mahiyyəti, acgözlüyü və xalqa xəyanəti açılır. İctimaiyyətə yaxşı tanış olan bəzi sitatları bir daha xatırladaq:

"Əbülfəz Elçibəy: "Münaqişəni aradan qaldırmaq indi çətin deyil. Müqavilə imzalayacağıq, bir müddət onu gizli saxlayacağıq, bir 10 gündən, 20 gündən sonra onu açıq elan eləyərik. Bu əslində, mənim təklifimdir. Ermənistana çatdırmışam ki, nədir axı bu böyük dövlətləri salmısan, arada bizi qırdırır və biz bir-birimizi qırırıq. İndi deyirəm ki, Zəngilandan çıxsınlar, otursunlar sərhədlərdə, kəndləri qaytarsınlar. Sonra Qazaxdan, Tovuzdan çıxacaqlar, biz də sərhədləri qıraqlardan bağlaya-bağlaya gəlib çıxacağıq Qarabağa. Onunla da problemi həll edəcəyik.

... Respublikada talançılıq baş alıb gedir. Nizami demişkən, əgər oğurlanan maldan gözətçinin xəbəri yoxdursa, demək, gözətçinin orada əli var. Burada milis orqanıdır, prokuror orqanıdır və bir də məhkəmə orqanıdır. Burada oturan orqanların əli həmin cinayətdə var. Bunu nə ilə izah edərdiniz? Bax, hamımız buradayıq. Demirik hüquqi dövlət qururuq... Onda bu ölkəni niyə dağıdırsan? Başa düşmürəm... Xarici iqtisadi əlaqələr pozulur, benzin, neft, taxıl respublikadan dağıdılır. Azərbaycanın rayonlarında benzin tapılmır. Amma Ermənistan Azərbaycan neftini aparır, özü də tonla. Bunu adi vətəndaş da bilir. Xalq deyir ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən! Heç kim, heç birimiz belə axıra qədər gedə bilməyəcəyik! Bunu birdəfəlik hamınız yaxşı bilin! Bu xalq əgər azadlıq və demokratiya uğrunda mübarizə aparırsa, bu xalq əgər böyük imperiyadan canını qurtara bilirsə, gələcəkdə aramızda olan bu adamların canı xalqın əlindən qurtarmayacaq. Prokurorluq da, məhkəmə də, xahiş edirəm, buna cavab versin: bu gün bu respublika niyə dağılır?"

Əli Kərimli: "Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib. Biz bunu etiraf etməliyik. On milyonlarla dollar (mən hələ ən azını deyirəm - Ə.K.) hələ də xaricdə, ayrı-ayrı adamların hesabında saxlanılır və biz yaddan çıxarmamalıyıq ki, bu, dövlət əmlakıdır və dövlət əmlakının mühafizəsi bizə tapşırılıb. Ona görə də bilavasitə bu dövlət əmlakının dağılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq.

...İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb və hətta ayrı-ayrı cinayət faktları göstərir ki, hüquq-mühafizə orqanlarının da müəyyən vəzifəli şəxsləri daxil olmaqla artıq dövlət orqanlarının daxilində müəyyən cinayətkar təbəqələr formalaşmaqdadır. Bir misal çəkim: dəmir yolunda bir cinayət işi qaldırılıb və məlum olub ki, 198 sisternə qədər şərab məmulatı qeyri-qanuni şəkildə respublikadan kənara çıxarılıb. Görün neçə orqan bununla əlaqəlidir: şərab zavodundan başlamış dəmir yoluna, gömrük, sərhəd, polis orqanlarına qədər və s. və i. a. Bütün şəbəkədən 198 sistern keçir və heç bir pillədə bu məsələ açılmır. Son vaxtlar xüsusilə sosial gərginlik yaradan və xalqın haqlı narazılığına səbəb olan məsələlərdən biri də vəzifə cinayətkarlığının artması və vəzifə cinayətkarlığının artmasına baxmayaraq, məhkum olunanların, belə əməllərin cinayət kimi rəsmiləşdirilməsinin olduqca azalmasıdır. Çox yaxşı bilirsiniz ki, bu tipli cinayətlər Azərbaycanda indi çox geniş yayılıb. Ancaq vəzifə cinayətkarlığına qarşı mübarizə bizim respublikada qənaətbəxş səviyyədə deyil".

İxtiyar Şirinov: "Dövlət aparatında, hüquq-mühafizə orqanlarında rüşvətxorluq həddindən artıq çoxdur. Bunu açıq deməliyik və belələrinə qarşı mübarizə aparmaqda zəiflik göstəririk. Nə qədər ki, dövlət aparatında sağlam əhval-ruhiyyə yaratmamışıq belə vəziyyət davam edəcəkdir".

1993-cü ildə zavallı qiyafəsində söylədikləri etirafları unudaraq bu gün özlərini "peşəkarlar", "xalqa daha uğurlu sabah bəxş edəcək vətənpərvərlər" sifətində təqdim etməyə cəhd göstərənlər yanılırlar! Çünki hafizələrdə öləziməyən xatirələr, həmçinin bu arxiv materialları onların əməllərini xalq üçün daim canlı yaddaş vasitəsi kimi qoruyub saxlayır! Bəli, o dövrdə korrupsiya, məmur özbaşınalığı, dövlət rəsmilərinin himayədarlığı ilə iqtisadi cinayətkarlığın tüğyan etməsi, hakim komanda arasında mövcud olan qarşıdurma fəsadlarının birbaşa əhaliyə qarşı yönəlməsi, Qarabağ cəbhəsində xəyanətlərin artması kimi faciələrdən çıxış yolu axtaran xalq yeganə nicatı Elçibəy-Qəmbər iqtidarı ilə vidalaşmaqda görürdü. 1993-cü ildə Azərbaycanda inqilab baş verdi və xalqın nifrətini qazanan AXC-Müsavat iqtidarı hakimiyyətdən uzaqlaşdırıldı.

Əminliklə demək olar ki, bir neçə il əvvəl postsovet dövlətlərində olan, indi isə ərəb ölkələrində baş verən inqilabları Azərbaycan 1993-cü ildə yaşayıb! Bugünkü reallıqda isə xalq ölkəni inkişaf və tərəqqiyə aparan kursu birmənalı dəstəkləyir. Ölkə vətəndaşları Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətləri görmək istəməyən, radikalizm mərəzindən qurtula bilməyən məlum qüvvələrin heç zaman yanında olmayıb. Bu gün cılız şəxsi mənafeyi naminə dövlətin, xalqın maraqlarını hər an ayaq altına atmağa hazır olduqlarını nümayiş etdirənlər ölkə vətəndaşlarının sərt qınağına, etirazlarına tuş gələrək tarixin arxivinə atılır. Mənasız radikalizmə, qeyri-sivil, zorakı mübarizə metodlarına, "meydan epopeyası"na Azərbaycan cəmiyyətində yer olmadığı son illərin reallıqları fonunda təsdiqini tapıb. Əgər radikal müxalifət başçıları arzularını güc yolu ilə reallaşdıra biləcəklərini düşünürlərsə, çox böyük səhv edirlər. Onlar 2003-cü ilin oktyabr hadisələrindən özləri üçün nəticə çıxarmalıdırlar!

Belə görünür ki, radikallıq mərəzinə tutulanların bütün qanunsuz hərəkətləri, zorakı davranışları 2013-cü ilin prezident seçkilərinə hesablanıb. Onlar sadəlövhcəsinə ümid edirlər ki, bu cür vasitələrlə öz mərkli məqsədlərinə nail ola bilərlər. Dərk etmək istəmirlər ki, Azərbaycanda heç vaxt - nə yaxın, nə də uzaq gələcəkdə hansısa inqilablar olmayacaqdır.

İnqilab arzulayanların qatarı çoxdan gedib!

Bu gün Azərbaycanda iqtisadi və mədəni intibah var!

Bu intibahın müəlllifi isə ölkə iqtidarı, ona rəhbərlik edən möhtərəm Prezident İlham Əliyevdir!

Son illərdə ölkədə baş verən möhtəşəm, inqilabi yeniliklər, modernləşmə prosesləri xalqını sevən hər bir vətəndaş tərəfindən razılıqla qarşılanır. Ölkə iqtidarı vətəndaşların razılıqla qarşıladığı iqtisadi, siyasi, hüquqi, demokratik islahatları bu gün də inamla davam etdirir. Azərbaycan ildən-ilə inkişaf edir, müasirləşir, bütün sahələrdə yeniləşmə baş verir. Neft gəlirləri ölkənin və xalqın rifahına yönəldilir, böyük infrastruktur layihələri həyata keçirilir, sahibkarlığın inkişafına qayğı göstərilir.

Əlbəttə, keçid dövrünü uğurla başa vuran ölkəmizin qarşıda həll etməli olan problemləri də var və bunu ölkə iqtidarı da açıq etiraf edir. Bu gün ayrı-ayrı məmurlardan narazılığı olan insanlar var, lakin bu narazılıq ümumən iqtidar komandasına qarşı deyil! Sevindirici haldır ki, artıq cəmiyyəti qayğılandıran problemlər də tədricən həllini tapır, ölkə başçısının siyasi iradəsi ilə korrupsiya, rüşvətxorluq, inhisarçılıq meyillərinə qarşı mübarizə gücləndirilir. Prezident İlham Əliyevin dövlət başçısı olaraq seçkidən sonrakı nailiyyətləri, ölkədə gedən inkişaf, quruculuq prosesləri qarşısında radikal müxalifət partiya sədrləri tamamilə unudulublar.

Bu və digər reallıqlarla barışa bilməyən antiazərbaycançı şəbəkə davamlı təxribat cəhdləri ilə ölkə vətəndaşlarının iradəsinə təsir göstərmək imkanından tamamilə məhrumdur. Eyni zamanda, Azərbaycan hakimiyyəti indiyə qədər olduğu kimi, bundan sonra da ölkəyə təzyiq göstərmək cəhdinə düşən daxili və xarici qüvvələri yerində oturtmaq, xalqın mənafeyini sonadək müdafiə etmək əzmindədir!

Çünki bu hakimiyyətin ən böyük güvənc yeri, başlıca dəstəyi xalqın inam və etimadıdır!

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2011.-12 aprel.- S., 4, 6.