Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun Azərbaycanda keçirilməsi bu ölkə
üçün çox böyük uğurdur
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi bu ölkə üçün çox böyük uğurdur.
Bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu bu qurumun aprelin 11-də öz işinə başlayan yaz sessiyasından əvvəl keçirdiyi ənənəvi mətbuat konfransında səsləndirmişdir.
M.Çavuşoğlu jurnalistlər qarşısında forumla bağlı çıxışının əvvəlində demişdir: Əvvəlcə Azərbaycan hakimiyyətini ölkədə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi münasibətilə təbrik edirəm. Bu, Azərbaycan üçün böyük bir uğurdur. Mədəniyyətlərin dialoqu mövzusu mənim diqqət yetirdiyim prioritet məsələlərdən biridir. Buna görə mən Bakı forumunda iştirak etməyə qərar verdim. Bu toplantı həm onun təşkil edilməsi, həm də iştirakçılar baxımından yüksək səviyyədə keçirildi.
AŞ PA sədri Azərbaycanda ümumi vəziyyətin qurumun ölkə üzrə həmməruzəçiləri tərəfindən diqqətlə öyrənildiyini bəyan etmişdir. Bu yaxınlarda onlar Azərbaycana səfər etmişlər. Mən Azərbaycana son səfərim zamanı Prezident İlham Əliyev, xarici işlər naziri və Milli Məclisin sədri ilə görüşmək imkanı əldə etdim. Görüşlər zamanı aparılmalı vacib islahatları diqqətə çatdırdım. Bu məsələlərə müsbət təminatlar aldım. Mən Milli Məclisin sədri ilə görüşümdə lazım olan qanun layihələrinin qəbul olunmasının zəruriliyini xahiş etdim. Bu məsələ, həmçinin son parlament seçkiləri ilə bağlı hesabatda da əksini tapmışdır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.- 2011.- 12 aprel.- S. 7.