Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer Qəbələdə olmuşdur

 

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer ölkəmizə səfəri çərçivəsində Qəbələdə olmuşdur.

AzərTAc xəbər verir ki, əvvəlcə rayon tarix-diyarşünaslıq muzeyində olmuş qonağa bildirilmişdir ki, 1980-ci il mayın 15-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış muzeyin əsas fondunda Qəbələnin 2 min 500 illik tarixini əks etdirən 12 mindən çox nadir eksponat mühafizə olunur.

Azərbaycanın qədim tarixə malik olmasını sübut edən Qafqaz Albaniyası dövrünə aid eksponatlar qonaqda xüsusi maraq doğurmuşdur. Bildirilmişdir ki, muzeyin binasında 13 ekspozisiya zalı, fond, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxana vardır.

Sonra qonaq "Gilan" piano fabrikinin fəaliyyəti ilə tanış olmuşdur. Ən son beynəlxalq standartlara cavab verən fabrik regionda bənzəri olmayan istehsal sahələrindən biridir.

Burada jurnalistlərə müsahibə verən Robert Palmer Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünya miqyaslı bir tədbir olduğunu demişdir. Bildirmişdir ki, hazırda dünyada bir çox münaqişələr mövcuddur. Bu forum həmin münaqişələrin həll edilməsində böyük rol oynaya bilər. Forumda 80-ə yaxın ölkənin nazirlik və qeyri-hökumət təşkilatları səviyyəsində təmsil olunduğunu diqqətə çatdıran R.Palmer hər bir iştirakçının bu tədbirə öz töhfəsini vermək üçün əlindən gələni etdiyini vurğulamışdır.

İlk dəfədir ki, dünyada belə bir mövzuda forumun təşkil edildiyini deyən qonaq bu cür tədbirlərin gələcəkdə də keçirilməsinin zəruriliyini bildirmişdir. Azərbaycanın bu işdə böyük payı vardır. Bu, digər dövlətlər üçün nümunə olmalıdır. Azərbaycan qloballaşan dünyanın bir hissəsidir. Başqa ölkələr Azərbaycandan nümunə götürməlidir.

Bakının sürətlə inkişaf etdiyini deyən R.Palmer şəhərin dünya miqyasına çıxması üçün hər cür şəraitin olduğunu qeyd etmişdir. Bakının memarlığı, qədimliyi ilə bərabər müasirliyi də cəlbedicidir. Azərbaycanın regionları da çox gözəldir. Ölkənizin çox qədim tarixi vardır.

Qəbələnin onu valeh etdiyini deyən qonaq Azərbaycana gəlməyindən məmnun olduğunu diqqətə çatdırmışdır.

Piano fabriki ilə tanışlıqdan sonra R.Palmer "Gilan" konserv zavodunda da olmuşdur. Məlumat verilmişdir ki, 2007-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə açılmış bu zavodda 100-ə yaxın növdə qablaşdırılmış məhsul istehsal olunur. Zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Qəbələ konserv zavodunun məhsulları 30-dan çox ölkəyə ixrac edilir.

Qonaq hazır məhsulların keyfiyyəti ilə tanış olmuş, Qəbələdən xoş təəssüratla ayrılmışdır.

 

 

Azərbaycan.- 2011.-12 aprel.- S. 7.