İCAO: Azərbaycanın rəsmi mövqeyi nəzərə alınmadan Dağlıq Qarabağ ərazisində heç bir hava limanı sərnişinlərin istifadəsinə verilə bilməz

 

Azərbaycanın rəsmi mövqeyi nəzərə alınmadan Dağlıq Qarabağ ərazisində heç bir hava limanı sərnişinlərin istifadəsinə verilə bilməz.

AzərTAc xəbər verir ki, bu barədə məlumatı "Mediamaks" informasiya agentliyi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) rəsmi mövqeyinə istinadla yaymışdır.

İşğalçı Ermənistanın Dağlıq Qarabağ ərazisində, Xocalı yaxınlığında inşa etmək istədiyi aeroportla bağlı İCAO tənqidi açıqlama vermişdir.

İCAO-nun mətbuat katibi Denis Şanyon "Mediamaks" informasiya agentliyinə müsahibəsində vurğulamışdır ki, təşkilat belə bir addımı dəstəkləmir.

Dağlıq Qarabağ ərazisində ermənilərə xidmət edəcək aeroportun inşası ideyasını tənqid edən D.Şanyon bu məsələdə beynəlxalq sərnişin təhlükəsizliyinin, beynəlxalq hüququn normalarının və siyasi aspektlərinin, xüsusilə də Azərbaycanın rəsmi mövqeyinin nəzərə alınmasının vacibliyini vurğulamışdır.

İCAO-nun rəsmisi qeyd etmişdir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ regionunu Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Lakin faktiki durum göstərir ki, orada işğal vardır. Ermənistan tərəfinin Dağlıq Qarabağ regionundan xarici ölkələrə sərnişin daşıması, həmçinin sərnişin qəbul etməsi qanuna ziddir.

Azərbaycan ilə razılaşdırılmayan beynəlxalq layihələrin icrasını mümkünsüz hesab edən D.Şanyon vurğulamışdır ki, Dağlıq Qarabağda vaxtilə Xocalı aeroportu olmuşdur. İşğaladək rəsmi fəaliyyət göstərən bu aeroport İCAO-nun qeydiyyatında Azərbaycan dövlətinə məxsusdur.

 

 

Azərbaycan.- 2011.- 12 aprel.- S. 7.