Avropa Şurasında Ermənistanın
törətdiyi təhlükələr haqqında yeni sənəd
qəbul olunmuşdur
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının ilk günündə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı yeni sənəd katiblik tərəfindən qəbul olunaraq yüksək tirajla nəşr edilmişdir.
Bu sənəd Yaponiyada baş verən sunami və "Fukusima" Atom Elektrik Stansiyasındakı (AES) partlayışdan sonra xüsusən aktuallaşmış bir problemə - Ermənistandakı "Metsamor" AES-ə həsr olunmuşdur.
Milli Məclisin deputatı Rafael Hüseynov indiyədək bu məsələ ilə əlaqədar Assambleyada bir neçə dəfə kəskin çıxışlar etmiş, "Metsamor"un təxirə salmadan dayandırılması zəruriyyəti barədə dörd sənəd hazırlamışdır.
AzərTAc-ın müxbiri ilə söhbətində yeni sənədin əhəmiyyətini şərh edən R.Hüseynov demişdir: "Biz 2001-ci ildən etibarən - Avropa Şurasında həqiqi üzv olaraq fəaliyyətə başladığımız ilk aylardan Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən qorxulu istiqamətlərindən olan ekoloji fəlakətləri daim diqqət mərkəzində saxlamışıq. "Metsamor" AES-in zəhərli nüvə tullantılarını zəbt olunmuş Azərbaycan ərazilərində basdıran, onları bu ərazilərdən keçən Azərbaycana axan çaylara tökən Ermənistanın insanlığa zidd olan bu əməllərinin qarşısının alınması üçün dəfələrlə səsimizi qaldırmışıq. "Metsamor" bu gün deyil, yaradıldığı andan təhlükə mənbəyidir. Əslində fəal yeraltı təkanlar zonasında "Metsamor"un tikilməsi qərarı da vaxtilə qeyri-qanuni verilmiş və bu, həmin dövrdə SSRİ Atom Energetikası üzrə Komitənin sədri işləyən, milliyətcə erməni olan Andranik Petrosyanın subyektiv səyləri nəticəsində mümkünləşmişdir. Müasir dünyada baş verən kataklizmlər "Metsamor"un fəaliyyətinə dərhal nöqtə qoyulmasını vacibdən vacib edir. Yəqin bu səbəbdəndir ki, ən müxtəlif ölkələrdən olan Avropa Şurasına hər bir üzv ölkə bu sənəddən irəli gələn təklifi tərəddüdsüz dəstəkləmişdir. "Metsamor"un yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropaya dəhşətli təhlükə mənbəyi olduğunu təsdiqləmişlər".
Tövsiyə üçün qətnamə formasında hazırlanmış və "Avropanın bugünü və gələcəyi üçün təhlükə mənbəyi "Metsamor" Atom Elektrik Stansiyası" adlanan sənəddə deyilir: "Dünya mətbuatı və mütəxəssislərin həyəcanla "Ermənistan Çernobıl"ı adlandırdığı, Yerevanın 30 kilometrliyində, seysmoaktiv zonada yerləşən "Metsamor" AES-in təxirə salınmadan dayandırılması haqqında AŞ PA-da dəfələrlə məsələ qaldırılmış, sənədlər hazırlanmışdır.
1970-ci ildə inşa edilmiş "Metsamor"u ciddi təhlükə mənbəyinə çevirən yalnız seysmoaktiv zonada yerləşməsi deyil, həm də burada başqa müasir AES-lərin heç birində istifadə edilməyən birinci nəsil VVER sovet reaktorunun quraşdırılmasıdır.
1988-ci ildə 25 min insan həyatını aparan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor" dayandırılmış, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq, AES-in fəaliyyəti bərpa edilmiş, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılmışdır.
Avropa İttifaqı təkidlə "Metsamor"un 2011-ci ildən gec olmayaraq bağlanmasını tələb etsə və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də, qarşı tərəf bununla razılaşmır. Ermənistan "Metsamor"u 2016-cı, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir.
Son on ildə bu zonada xeyli kiçik zəlzələlərin baş verdiyini, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğunu nəzərə alanda "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistanın deyil, bütün Cənubi Qafqaz və Yaxın-Orta Şərq ölkələrinin də məhv olması qaçılmazdır. Lakin "Metsamor"un dağılacağı təqdirdə yalnız region deyil, Avropanın böyük hissəsi də faciə zonasına çevriləcəkdir. "Fukusima" uzaqdadırsa da, "Metsamor" lap yaxınlıqdadır, həm də ciddi qəza halları üçün burada mükəmməl yapon texnologiyalarından fərqli olaraq xeyli zəif müdafiə sistemləri mövcuddur.
Regionun və Avropanın indiki və gələcək təhlükəsizliyi prinsiplərini rəhbər tutaraq və Ermənistandakı "Metsamor" AES-in istər yerləşməsi, istərsə də texniki standartları ilə müasir tələblərə cavab vermədiyini nəzərə alaraq AŞ PA problemin təcili qaydada və müfəssəl şəkildə öyrənilməsi üçün xüsusi məruzəçi təyin edilməsini, qurumun müvafiq iğtisaslı deputatlarından ibarət faktaraşdırıcı missiyanın yaradılmasını, ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər, hüquqi məsələlər və insan hüquqları komitələrinin problem üzrə tanınmış mütəxəssisləri cəlb etməklə təcili qaydada kollokvium təşkil etməsini məqsədəuyğun hesab edir".
R.Hüseynovun tövsiyə üçün təqdim etdiyi qətnaməni Böyük Britaniya, Fransa, İtaliya, Macarıstan, Yunanıstan, İsveç, Norveç, Slovakiya, Sloveniya, Bolqarıstan, Serbiya, San-Marino, Polşa, Andorra, ümumiyyətlə, 20 ölkədən 30-dək deputat imzalamışdır.
Əsgər ƏLİYEV,
AzərTAcın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.- 2011.-12 aprel.- S. 7.