Ermənistan prezidentinə və ictimaiyyətinə verilmiş həqiqi tarix dərsi

 

Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" əsərini oxuyarkən

 

Erməni millətçilərinin etnik təmizləmə və soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir. "Böyük Ermənistan" xülyası ilə yaşayan bədnam qonşularımız xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə siyasəti aparmışlar. Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyasət çar Rusiyası və Sovet hakimiyyəti dövründə də ardıcıl şəkildə davam etdirilmişdir. SSRİ-nin süqutu, azərbaycanlıların doğma torpaqlarından qovulması, qaçqın və məcburi köçkünə çevrilməsi kütləvi qırğınlarla müşayiət olunmuşdur.

Tarixi ədalətsizlik üzündən ötən əsrin sonlarınadək xalqın üzləşdiyi ağır faciələri dünya miqyasına çıxarmaq, ermənilərin məkrli iddialarına layiqli cavab vermək mümkün olmamışdır. Xalqımız uzun illər gerçək tarixindən məlumatsız qalmış, saxta ideoloji ehkamlar və qondarma tarix nəticəsində milli yaddaşımız uzun illər yad istiqamətdə köklənmişdir. Bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət isə yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanında göstərildiyi kimi, xalqımızın çoxəsrlik tarixi təhrif olunmuş, ermənilərin tarixi qədimləşdirilmiş, şişirdilmişdir. Milli toponimlərimiz erməniləşdirilmiş, tarixi saxtakarlıqlara imza atılmışdır. Ermənilərin ərazi ilhaqı siyasəti hər zaman ideoloji təcavüz, türk və Azərbaycan xalqlarına, onların görkəmli nümayəndələrinə qarşı terrorla müşayiət olunmuşdur. Çar Rusiyası və SSRİ dövründə türk-müsəlman xalqlarına qarşı ayrı-seçkilik şəraitində bu siyasət daha incə və təhlükəli metodlarla davam etdirilmişdir.

Türklərə və azərbaycanlılara qarşı açıq düşmənçilik siyasəti yürüdən ermənilər böhtan və iftiraya əsaslanan iddialarını gerçəkləşdirmək üçün bugünün özündə də müxtəlif ölkələrdə çirkin kampaniyalar aparır, beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Bu prosesin ideoloqu və təşkilatçısı qismində Ermənistanın əli azərbaycanlıların qanına batmış bir sıra rəhbər şəxsləri çıxış edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində hüquqi və siyasi baxımdan Azərbaycana uduzan təcavüzkar tərəfin son vaxtlar daha azğın, həm də absurd bəyanatlar verməsi də, əslində, xof və təşviş isterikasının ifadəsidir. Görünür, erməni yazıçısı Xaçatur Abovyan əbəs yerə yazmırdı ki, erməni xalqının başına gələn bütün bəlalar öz başçılarının səhv hərəkətlərinin nəticəsidir. Belə səhvə öz sələflərinin davamçısı olan Ermənistan prezidenti Serj Sarkisyan 2010-cu il oktyabr ayının 16-da Gorus şəhərində bir daha yol verdi. Söhbət Ermənistan prezidenti Serj Sarkisyanın 2010-cu il oktyabrın 16-da Gorusda erməni diasporunu təmsil edən jurnalistlər qarşısındakı reallıqdan uzaq, tarixi təhrif edən, beynəlxalq hüquq normalarının təhrifinə yönələn sərsəm açıqlamalarından gedir.

Həmin görüşdə Sarkisyan nəinki tarixi gerçəklikləri, fakt və sübutları, hətta bu gün beynəlxalq ictimaiyyətin gözü qarşısında cərəyan edən prosesləri belə həyasızcasına təhrif edərək bəsit və primitiv təfəkkür sahibi olduğunu növbəti dəfə təsdiqlədi. Absurd iddialarla indiyədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktivlik nümayiş etdirən Sarkisyan beynəlxalq ictimaiyyətin diqqətini işğalçılıq faktından yayındırmağın mümkün olmadığının açıq etirafı kimi xaricdəki erməni diaspor təşkilatlarını Azərbaycana qarşı iftira kampaniyasını daha da genişləndirməyə çağırdı. Onun Gorusda - "Erməni dilinin dünyanın ən qədim dillərindən biri olması", "Ermənilərlə azərbaycanlıların etnik uyğunsuzluğu", "Azərbaycan xalqının XX əsrdə yaranması", "Dağlıq Qarabağ xalqının milli özünütəyin hüququna malik olması" kimi - cəfəng bəyanatlar səsləndirməsi Ermənistan rəhbərliyinin diplomatik cəbhədə çıxılmaz vəziyyətə düşməsinin bariz ifadəsidir.

Aşkar görünür ki, danışıqlar prosesini süni şəkildə uzatmaq imkanları tükənən, üstəlik işğalçılıq siyasətinə görə müxtəlif beynəlxalq təzyiqlərlə üzləşən, Cənubi Qafqaz kimi mühüm geoiqtisadi əməkdaşlıq məkanında təcrid vəziyyətinə düşən təcavüzkar dövlətin rəhbəri Gorusda verdiyi bəyanatlarla faktiki olaraq Azərbaycanın diplomatik üstünlüyünü etiraf etmək məcburiyyətində qalmışdır. Digər tərəfdən, ciddi elmi-tarixi mövzulara bəsit təfəkkürlə, uydurma mülahizələrlə yanaşan Serj Sarkisyanın gülünc iddiaları Azərbaycana əks-hücumla ideoloji-təbliğati müstəvidə fəallaşmaq, inkarolunmaz elmi fakt və sübutlarla Ermənistanı ifşa etmək imkanı yaratmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" əsəri bu istiqamətdə ilk sanballı elmi tədqiqat olub, erməni yalanlarının ifşası baxımından vacib əhəmiyyət kəsb edir. Dərin tarixi-politoloji araşdırmaların, ümumiləşdirmələrin nəticəsi kimi qələmə alınmış əsər konkret faktlar, elmi yanaşmalar əsasında ermənilərin tarixən apardığı məkrli böhtan və iftira kampaniyasını, o cümlədən Ermənistanın dövlət başçısı S.Sarkisyanın cəfəng siyasi mülahizələrini alt-üst edir, milli həqiqətlərə yeni dövrün prizmasından obyektiv nəzər salır. Əsərdə ciddi elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda və tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri barədə geniş məlumat verilir, o cümlədən erməni-daşnak ideoloqlarının rəhbərliyi altında azərbaycanlılara və türklərə qarşı amansızlıqla həyata keçirilən soyqırımı, terror və deportasiya siyasətindən bəhs olunur. Əsərin ideya siqlətini, ideoloji və təbliğati təsir effektini gücləndirən məqamlardan biri də məhz budur ki, akademik Ramiz Mehdiyev kifayət qədər ciddi arqumentlərdə Ermənistan prezidentinin səsləndirdiyi iddiaların həqiqətdən tamamilə uzaq, cəfəng və iftira olduğunu sübuta yetirir.

Akademik Ramiz Mehdiyevin bu qiymətli kitabı növbəti erməni riyakarlığına cavab verməklə yanaşı, çoxsaylı tarixi faktları özündə əks etdirməsi, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinin təhlili, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Ermənilərin guya azərbaycanlılardan "daha üstün xalq olması" ilə bağlı sərsəm açıqlamaların dünyada qəbul edilmiş sivil, dinc birgəyaşayış normalarına uyğun olmadığı, milli, dini-etnik qarşıdurma, ayrı-seçkilik yaratmaq məqsədinə yönəldiyini diqqətə çəkən akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: "Elmin siyasi məqsədlərə (bəzən də, ümumiyyətlə, miflərə) tabe edilməsi normal hal sayılan ölkədə dövlət başçısının dilindən bu günlərdə Gorusda səslənənlərə bənzər bəyanatların verilməsi mümkündür. Yetmiş il bundan əvvəl alman alimləri və üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı barədə buna oxşar "qiymətli direktivlər" vermişdilər. Bir millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar".

Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi prosesində Ermənistan rəhbərliyinin dünya ictimaiyyətini çaşdırmaq cəhdlərini elmi əsaslarla ifşa etməklə yanaşı, hazırda Ermənistanda mövcud siyasi ab-havanın və sosial vəziyyətin də çox düzgün təhlilini vermişdir. Hər il 23 mindən 27 minə qədər adamın Ermənistanı tərk etməsi monoetnik dövlət quran ermənilərin özlərinin belə Ermənistanın gələcəyinin puç olduğunu görmələrinin, Serj Sarkisyanın rəhbərlik etdiyi qaniçən rejimdən qaçmalarının bariz nümunəsidir.

Əsərdə elmi şəkildə sübut olunur ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi bütün tarixi dövrlərdə Azərbaycan dövlətlərinə məxsus olmuşdur, bu torpaqların ən qədim yerli əhalisi - aborigen sahibləri azərbaycanlılardır. Kitabda həmçinin göstərilir ki, hayların "erməni" toponiminə heç bir aidiyyəti yoxdur. Ermənilər antropoloji baxımdan praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Ermənilərin XV əsrin ortalarınadək Cənubi Qafqazda yaşamadıqları, nəinki bu regiona, hətta Ön Asiyaya da gəlmə olduqları, azərbaycanlılara məxsus yer adlarını dəyişdirdikləri, Azərbaycan xalqının tarixini saxtalaşdırmaq cəhdləri əsərdə təkzibolunmaz tarixi fakt və dəlillərlə əsaslandırılmışdır. Əsərdə tarixi faktlar əsasında qeyd olunur ki, hələ 1813-cü və 1828-ci illərdə Rusiya və İran arasında imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələrı Azərbaycan xalqının parçalanmasının, tarixı torpaqlarının bölünməsinin əsasını qoymuşdur. 1849-cu ildə Rusiya ərazisində İrəvan quberniyası yaradılmış, ermənilərin İrandan və Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülməsinə başlanılmışdır. Beləliklə, soyqırımı, deportasiya və terrorizm Azərbaycan torpaqlarının işğalı üçün istifadə edilən əsas vasitələrdən birinə çevrilmişdir. Təkcə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza İrandan 40, Türkiyədən 84 min erməni köçürülərək Şimali Azərbaycan ərazisində yaradılmış Yelizavetpol və İrəvan quberniyalarının ərazisində yerləşdirilmişdir. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsı altında 1828-ci il martın 21-də "Ermənı vilayəti" adlandırılan süni inzibati bölgünün yaradılmasına nail olmuşlar. Bununla da azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılmasının və soyqırımı siyasətinin əsası qoyulmuşdur.

Ermənistan prezidentinin tamamilə cəfəng, elmi və tarixi faktlarla heç bir əlaqəsi olmayan gülünc iddiasına görə isə, guya Qarabağ əhalisi minilliklər boyu "yalnız ermənilərdən" ibarət olmuş, "türk müsəlman" köçəri tayfası isə yalnız XVIII əsrin ikinci yarısında buraya köçməyə başlamışdır. Bu sərsəm bəyanata cavab olaraq akademik Ramiz Mehdiyev dəmir məntiqə və tarixi faktlara söykənərək yazır ki, Ermənistanın bugünkü rəhbərləri Qarabağda çətin ki, "türk müsəlman" köçərilərin buraya gəlməsinin ildönümü ilə əlaqədar ucaldılmış abidə taparlar: "Serj Sarkisyan ermənilərlə türklərin yerini dəyişmiş və "köçəri" sözünün ünvanını səhv salmışdır. Statistik məlumatlar və həmin hadisələrin şahidi olmuş müəlliflərin (onların "Azərbaycan təşviqatına" xidmət etməsindən çətin ki, şübhələnmək olar) təsvirləri Türkmənçay müqaviləsinə qədər türk əhalisinin sayının erməni əhalisinin sayından qat-qat çox olmasına və erməni əhalisinin sayının Qarabağ və bugünkü Ermənistanın (İrəvan xanlığı) Rusiyaya birləşdirilməsindən sonra onların bu torpaqlara köçürülməsi nəticəsində kəskin surətdə artmasına dəlalət edir. Erməni tarixçilərinin özləri də bunu təsdiq edirlər. Onlardan heç biri "türk köçəriləri"nin "qədim erməni" torpaqlarına köçürülməsi və bu vilayətlərin "yekcins erməni" əhalisi barədə yazmır. Onlar müfəssəl və dəqiq surətdə əks hadisələri qeyd edirlər. Ermənistanın bugünkü rəhbərləri Qarabağda çətin ki, "türk-müsəlman köçəriləri"nin buraya gəlməsinin ildönümü ilə əlaqədar ucaldılmış abidə taparlar. Əvəzində, 1978-ci ildə Ağdərə rayonunun Marquşevan kəndində ermənilərin Qarabağa köçmələrinin 150 illiyi ilə əlaqədar abidə açılmışdı. Münaqişə başlayandan sonra abidənin başına nə gəldiyi və Sarkisyanın həmyerlilərinin onu nə səbəbdən tez-tələsik dağıtdıqlarını Ermənistan prezidenti diaspordan olan jurnalistlərinə gələn dəfə danışar".

Azərbaycan diplomatiyasının bu və digər faktdan düzgün və operativ şəkildə yararlanaraq Ermənistanın ifşası istiqamətində müəyyən addımlar atması akademik Ramiz Mehdiyevin sözügedən əsərinin ictimai əhəmiyyətini bir daha aydın əks etdirir. Belə ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti S.Sarkisyanın "azərbaycanlıların və ermənilərin etnik cəhətdən uyğunsuzluqları haqqında" bəyanatına cavab olaraq ötən ilin sonunda AŞ PA-nın sədrinə məktub göndərmişdir. Məktubda S.Sarkisyanın ermənilərin digər xalqlardan, həmçinin "köçəri türk - müsəlman tayfaları" adlandırdığı azərbaycanlılardan daha üstün səviyyədə olduğunu göstərməsini Ermənistanın açıq-aşkar irqçilik ideologiyasının və dini xurafatın bariz nümunəsi kimi xarakterizə edilmişdir. Eyni zamanda Ermənistanın yüksək vəzifəli məmurlarının açıq-aşkar biabırçı etnik diferensiasiya fikirlərinə əsaslanan, beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də bəşəriyyətin mənəvi və əxlaqi prinsiplərinə zidd bəyanatlar səsləndirməsinin ilk dəfə olmadığı xatırladılmış, əvvəlki prezident Robert Koçaryanın belə irqçi fikirlərinin beynəlxalq ictimaiyyətin hiddətinə səbəb olduğu bildirilmişdir.

Əsərdə Serj Sarkisyan və onun ideya-siyasi silahdaşlarına bir daha xatırladılır ki, 1918-ci il mayın 28-də ermənilər müstəqil dövlətin qurulmasını siyasi mərkəzləri olmadan bəyan etmişdilər. 1918-ci il mayın 19-da Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətlərin təzyiqi altında qədim Azərbaycan şəhəri İrəvanı və ona bitişik təxminən 9,5 min kvadratkilometr ərazini ermənilərə güzəştə getməyə məcbur olmuşdur. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin birinci forumunda möhtərəm Prezident İlham Əliyev bununla bağlı demişdir: "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki sürə bilərik. Çünki, indiki Ermənistanın yerləşdiyi ərazı qədim türk, Azərbaycan torpaqlarıdır. Əgər onlar öz xalqının gələcəyi haqqında düşünürlərsə, öz siyasətlərində dəyişiklik etməlidirlər, Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdırlar və Türkiyəyə qarşı əsassız ittihamlarından əl çəkməlidirlər".

"Gorus-2010: absurd teatrı mövsümü" əsərini oxuyarkən aydın olur ki, azərbaycanlılara və türklərə qarşı uzun illər soyqırımı və deportasiya siyasəti yeridən, zaman-zaman onu gerçəkləşdirən erməni millətçilərinin iç üzünün, məkrli və avantürist siyasətlərinin mahiyyətinin açılması, obyektiv faktlarla ifşa edilməsi və beləliklə, tarixi həqiqətlərin bərpası olduqca vacibdir. Bu mənada hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşür. Torpaqlarımızın işgalı, minlərlə körpələrimizin, uşaqlarımızın işgəncələrə məruz qalması, insanların doğma yurd-yuvalarından deportasiya edilib didərgin salınması, yüzlərlə şəhidin ruhu bizdən tələb edir ki, bu vandalizmə qarşı sözümüzü deyək. Bu mənada aqressiya və emosiyalardan tamamilə uzaq olan, dəqiq tarixi faktlar əsasında həqiqəti əks etdirən "Gorus-2010: absurd teatrı mövsümü" əsəri hər bir azərbaycanlının stolüstü kitabına çevrilməlidir.

XX əsrin əvvəllərində qədim Azərbaycan torpaqlarında əvvəlcə Ermənistan adlı dövlət qurmağa müvəffəq olan ermənilər, az vaxtdan sonra yenə ənənəvi havadarlarının sayəsində əsassız iddialarını Dağlıq Qarabağa muxtar vilayət statusu almaqla təmin etdilər. Ermənistan dövlətinin əsassız torpaq-ərazi iddiası siyasəti nəticəsində cəlb olunduğumuz ədalətsiz müharibədə Azərbaycanın mədəniyyət və musiqi beşiyi Şuşa, maddi mədəniyyət abidəsi Xocalı şəhərləri ilə yanaşı, bütövlükdə Dağlıq Qarabağ və onunla həmsərhəd daha 7 rayon Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş, talan edilmiş, yandırılmışdır. Azərbaycan Respublikasının 20 faizdən artıq ərazisi zəbt olunmuş, 1 milyondan artıq insan öz vətənində məcburi köçkünə çevirilmişdir. Azərbaycan xalqına qarşı törədilmiş işğal, terror, soyqırımı aktlarının iştirakçısı və rəhbərlərindən olan, legitimliyi erməni cəmiyyətinin özündə belə qəbul edilməyən Serj Sarkisyan faşistsayağı düşüncələrindən bir anlıq ayrılıb yaxın keçmişinə nəzər salsa, yəqin ki, müharibənin kimin başlaması haqqında sayıqlamalarına cavab tapmış olar.

Akademik Ramiz Mehdiyev haqlı olaraq yazır ki, bütün bu illər ərzində ermənilər hələ də başa düşməyiblər ki, Ermənistan qonşu dövlətin ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla şəhərləri və kəndləri vəhşicəsinə dağıtmaqla, günahsız insanları qətlə yetirməklə əslində qalib gəlməmiş, məğlub olmuşdur. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, illər keçdikcə daha da çoxalacaq fərqi qiymətləndirmək kifayətdir. "Gorus 2010: absurd teatrı mövsümü" əsərində bu və digər məsələlərə geniş diqqət ayrılır, Ermənistanın yaşamaq üçün perspektivsiz ölkə olması konkret faktlar əsasında vurğulanır: "Bu gün Ermənistan özünü tamamilə təcrid etmişdir, nəqliyyat yolları və boru kəmərləri ondan yan keçir, onun dənizə çıxışı yoxdur, sərhədlərinin çox hissəsi bağlıdır və onun dörd sərhədindən ikisi bundan sonra da "qıfıllı" vəziyyətdə qalacaqdır. Daha hansı ölkənin sərhədlərinin 85 faizi onun öz təqsiri üzündən bağlıdır? Dünyada ikinci belə ölkə yoxdur. Ermənistan əhalisinin sayı durmadan azalır. BMT İnkişaf Proqramının himayəsi altında dərc edilən İnsan Potensialının İnkişafı Haqqında məruzədə göstərilir ki, hər il 23 mindən 27 minə qədər adam Ermənistanı tərk edir. Ermənistanın qeyri-hökumət təşkilatlarının məlumatına görə isə 1991-ci ildən bəri 1,5 milyon nəfər bu ölkəni tərk etmişdir. İyirmi il bundan əvvəl Ermənistan Respublikasında, Arsaxda və Cavaxkda təqribən 3,7 milyon erməni yaşayırdı. Bu gün isə həmin ərazidə 2,2-2,3 milyon erməni yaşayır, yəni burada ermənilərin sayı 40 faiz azalmışdır".

Erməni qəsbkarları "müqəddəratlarını təyin etmək" adı altında torpaqlarımızı işgal altında saxlamaqla, yüz illər boyu yaradılmış, formalaşmış maddi-mədəni, mənəvi abidələrimizi məhv etməklə bəşəri cinayət törətmişlər və buna görə gec-tez layiqli cəzalarını alacaqlar. Separatçı rejimlər bu və digər vasitələr, o cümlədən xarici dəstək sayəsində qeyri-qanuni şəkildə nəzarət altında saxladıqları ərazilərdəki fəaliyyətlərini "pərdələmək" üçün hər zaman beynəlxalq hüququn "milli özünütəyinetmə" kimi müstəsna prinsipinə istinad etməyə çalışırlar. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Gorus - 2010: absurd teatrı mövsümü" əsərində bu məsələyə də xüsusi yer ayırmışdır. Filosof erməni lobbisinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın beynəlxalq aləmdə tanınması istiqamətində səyləri gücləndirməyi tövsiyə edən S.Sarkisyanın bu istəyinin heç zaman gerçəkləşməyəcəyini qətiyyətlə vurğulayır. Bəli, öz müqəddəratını təyinetmə prinsipi hər bir xalqın beynəlxalq hüquqda təsbit olunmuş müstəsna hüququdur. Və Azərbaycan dövləti də bu hüquqa hörmətlə yanaşır. Lakin beynəlxalq normalara görə, müstəqil dövləti olmayan xalqlar müəyyən hüquqi çərçivədə öz müqəddəratını təyin etmək iddiası ilə çıxış edə bilərlər. Erməni xalqının isə müstəqil dövləti var və bu baxımdan, Dağlıq Qarabağdakı separatçı rejimin belə bir iddia ilə çıxış etməsinin hüquqi-siyasi əsasları yoxdur.

Dünya ictimaiyyəti də yaxşı bilir ki, "Daglıq Qarabag xalqı" adında xalq yoxdur, Qarabağda yaşamış azərbaycanlılar və ermənilər var. Ermənilər isə millət kimi öz müqqəddəratlarını təyin etmək hüququndan artıq bir dəfə istifadə ediblər. Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq cəhdi heç zaman baş tutmayacaq. Bu gün işğalçı Ermənistanla Azərbaycan arasında istər iqtisadi, istər ordu quruculuğu, istərsə də digər sahələrdə olan fərqin daha da böyüməsini dərk etməmək, yaxud dərk etmək iqtidarında olmamaq Ermənistan kimi ələbaxım ölkənin öz problemidir. Həqiqətlə məkrin, hiylənin arasındakı uçurumu görə bilməyən, aclığın, səfalətin və rəzalətin əlindən qaçıb sığınmaq üçün Azərbaycana üz tutan erməni hərbçilərinin təəssübünü belə çəkməyən Ermənistan münaqişənin həlli istiqamətindəki danışıqlardan yayındıqca, məğlubiyyət girdabına daha çox yuvarlanır. Çünki həqiqətin bir üzü var və bu həqiqət Azərbaycan üçün birmənalıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbirincə desək, "Azərbaycan müharibə şəraitindədir. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır. Biz elə etməliyik, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək".

 

İqtisadi və hərbi cəhətdən güclənən Azərbaycanın danışıqları imitasiya xatirinə aparmadığını, prosesdə pozitiv dönüşün yaranmayacağı halda rəsmi Bakının hərbi varianta əl ata biləcəyini Ermənistan rəhbərliyi də yaxşı dərk edir. Azərbaycanın son illərdə münaqişənin həlli istiqamətində yeritdiyi siyasət Ermənistanın mövqeyinin beynəlxalq hüquq baxımından tam əsassızlığını sübuta yetirməyə, təcavüzkar ölkəni Cənubi Qafqazdakı dinamik inkişaf prosesindən, qlobal enerji-kommunikasiya layihələrindən təcrid etməyə, ən nəhayət, Azərbaycanın iqtisadi-hərbi qüdrətini artırmaqla qarşı tərəfin mövqeyinə təsir göstərməyə yönəlmişdir. Ermənistan ona verilən bu şansı obyektiv qiymətləndirib münaqişənin həllində konstruktivlik nümayiş etdirməyəcəyi halda, layiqli cavabını alaraq daha böyük faciələrlə üzləşəcəkdir.

 

 

Eyvaz HÜSEYNOV,

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı,

Azərbaycan Respublikasının "Dağlıq Qarabağ Bölgəsinin

Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü

 

Azərbaycan.- 2011.-12 aprel.- S. 8.