Əgər Davos dünyada iqtisadi forumların keçirildiyi
bir şəhər kimi tanınırsa, Bakı da artıq
möhtəşəm mədəniyyət
tədbirlərinə ev
sahibliyi edən bir məkan kimi məşhurdur
Əgər Davos dünyada iqtisadi forumların keçirildiyi
bir şəhər kimi tanınırsa, Bakı da artıq
möhtəşəm mədəniyyət
tədbirlərinə ev
sahibliyi edən bir məkan kimi məşhurdur.
Bu sözləri Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak edən Rusiyanın İTAR-TASS agentliyi
baş direktorunun birinci müavini Mixail Qusman AzərTAc-a
müsahibəsində demişdir.
M.Qusman bildirmişdir ki, forumun Bakıda
keçirilməsinin tam
əsası vardır.
Çünki bu şəhər, ümumiyyətlə
Azərbaycan uzun illərdir ki, dünya mədəniyyətinin
mərkəzidir və
bu, ölkənizin tarixi missiyasıdır. Dünyanın görkəmli
mədəniyyət xadimləri
hər zaman Bakıda dünya mədəni irsinə yanaşmanı böyük
hörmətlə qeyd
etmişlər.
Multimədəniyyət ölkəsi kimi
Azərbaycanda müxtəlif
etnosların nümayəndələrinin
özlərini həmişə
rahat hiss etdiklərini deyən M.Qusman Bakının həm memarlıq abidələrində, həm
də tarixində dünya mədəniyyətlərindən
bir çox əlamətlərin olduğunu
vurğulamışdır.
Hələ ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində
Bakının dünya
miqyaslı böyük
mədəniyyət tədbirlərinin
keçirildiyi bir məkana çevrildiyini deyən M.Qusman qeyd etmişdir ki, Prezident İlham
Əliyev bu ənənəni çox
uğurla davam etdirir.
M.Qusman Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılış
mərasimində, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın isə "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda
sessiyasında söylədikləri
çox maraqlı, dərin məzmunlu nitqlərin hələ də təsiri altında olduğunu bildirmişdir.
Forumun keçirilməsinin
əsas təşəbbüskarlarından
birinin məhz Mehriban xanım Əliyeva olduğunu deyən M. Qusman Azərbaycanın birinci xanımının elm, mədəniyyət, təhsil,
səhiyyənin inkişafı
istiqamətində gördüyü
işlərin YUNESKO-da
yüksək qiymətləndirilməsini
xüsusi vurğulamışdır.
M.Qusman demişdir: "Forum iştirakçılarının
əksəriyyəti ilə
söhbətim zamanı
onların hamısı
qarşılıqlı anlaşma,
mövqelərin yaxınlaşması
baxımından bu tədbirin əhəmiyyətini
vurğulamışlar. "Gözəllik dünyanı
xilas edəcəkdir"
məfhumunu hamınız
eşitmisiniz. "Gözəllik"
anlayışını daha
geniş mənada götürsək, bu mədəniyyət deməkdir.
Məhz mədəniyyət
dünyanı xilas edəcəkdir".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə toxunan
M.Qusman demişdir ki, bu problem
mütləq həll edilməlidir, çünki
həm beynəlxalq hüquq, həm də ədalət anlayışı ondan ibarətdir ki, Azərbaycanın işğal
edilmiş torpaqları
azad olunmalıdır.
Rusiya problemin həlli istiqamətində
tərəflərə öz
yardımını göstərməyə
çalışır. Bu
məsələdə xüsusilə
Prezident Dmitri Medvedevin səylərini qeyd etmək vacibdir.
Azərbaycan.- 2011.-12 aprel.- S. 8.