Prezidentin qayğısı Ağdamda təhsilin
inkişafına təkan verir
Ümummilli lider Heydər Əliyevin
müstəqil, hüquqi və demokratik dövlətimizin
işıqlı gələcəyi, xalqımızın daha
xoş və firavan həyatı üçün böyük
bir dövrə hesablanmış siyasi kursunun
uğurlarını həyatımızın bütün sahələrində
aydın şəkildə hiss edirik. Bu siyasi kursu zamanın və
dövrün reallıqlarına uyğun
yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin
cəbhə bölgəsi olan Ağdama və
ağdamlılara xüsusi qayğı və diqqəti rayon əhalisində
hədsiz razılıq və minnətdarlıq doğurur.
Ağdam Qarabağ müharibəsində
çox böyük itkilərə məruz qalan
rayonlardandır. Rayon ərazisinin 77,4 faizi Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
olunmuşdur. Doğma ev-eşiklərindən, isti
yuvalarından perik salınan əhali, demək olar ki,
respublikanın bütün bölgələrinə səpələnmişdir.
Uzun illər çadır düşərgələrində,
yük vaqonlarında yaşayan ağdamlılar ağır mənzil-məişət
problemlərinə mətanətlə dözmüşlər.
Məhz dövlət başçısının
qayğısı sayəsində ölkədə
bütün çadır düşərgələri ləğv
edildi, məcburi köçkünlər üzücü məşəqqətlərdən
xilas oldular.
Təkcə Ağdam rayonunun
əlimizdə olan ərazilərində hər cür
rahatlığa malik 17 qəsəbə
salınmışdır. Hərtərəfli dövlət
qayğısı, yaradılan şərait adamların
kütləvi şəkildə rayona
qayıdışını zərurətə çevirir. Təkcə
son bir ildə 20 min nəfərdən çox ağdamlı
rayona dönmüşdür. Yenidən qurulan Quzanlı qəsəbəsi
indi bütün parametrləri ilə abad və müasir şəhərə bənzəyir.
Ötən il noyabrın 11-də Ağdama səfər edən respublika Prezidenti İlham Əliyev və milli-mənəvi dəyərlərimizin ən böyük hamisi Mehriban xanım Əliyeva Ağdamda sayca 17-ci qəsəbənin və 440 şagird yeri olan 18 saylı orta məktəbin açılış mərasimlərində iştirak etmişlər. Dövlət başçısı açılışı bildirən lenti kəsəndən sonra yeni inşa olunmuş məktəbdə yaradılan şəraitlə tanış oldu. İkimərtəbəli binanın birinci mərtəbəsində rayon ərazisində tapılmış tarixi arxeoloji eksponatlardan ibarət sərgi yaradılmışdır. Burada Ağdamın azərbaycanlıların qədim yaşayış məskəni olduğunu birmənalı şəkildə təsdiq edən kifayət qədər eksponat toplanmışdır. İkinci mərtəbədə isə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısını əks etdirən fotogüşə var. Ayrı-ayrı kabinetlərdə, sinif otaqlarında, müasir tələblərə cavab verən idman zalında yaradılmış şəraitlə tanış olan dövlət başçısı qəsəbə sakinlərinə də, yeni fəaliyyətə başlayan məktəbin şagird və müəllimlərinə də xoş arzularını bildirdi. Məktəbdə Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi mühüm layihələrdən bəhs edən guşə də hər kəsdə maraq doğurur.
Respublika Prezidenti İlham Əliyevin yeni qəsəbənin sakinləri ilə görüşündə səsləndirdiyi fikirlər hər bir ağdamlının qəlbində hədsiz razılıq və minnətdarlıq hissi doğurdu, xoş ovqat yaratdı: "Mən çox şadam ki, Ağdam əhalisinin əksəriyyəti artıq Ağdam rayonunun ərazisində məskunlaşıbdır və yaşayır. Əminəm ki, burada növbəti illərdə yaradılacaq şəraitin hesabına daha da böyük sayda ağdamlılar doğma rayonuna gələcəklər. İndi rayonda abadlıq-quruculuq işləri aparılır. Böyük qazlaşdırma proqramı icra edilir, infrastruktur yaradılır. Bu gün Ağdam rayon xəstəxanasında oldum. Əvvəlki səfərlərdə Olimpiya İdman Kompleksinin, stadionun açılışını qeyd etmişdik. Yəni, biz çalışırıq ki, Ağdam rayonunun bu ərazisində ən müasir şərait yaradılsın".
Dövlət başçısının böyük qayğısından cəbhə bölgəsində təhsilin inkişafına da yetərincə pay düşür. Uzun illəri çadır düşərgələrində yaşayan məcburi köçkün ailələrinin övladları daha çox çadırlarda, yük vaqonlarında təşkil olunmuş məktəblərdə oxuyurdular. Maddi-texniki bazası Ermənistanın işğalçı qüvvələri tərəfindən darmadağın edilmiş Ağdam rayonunun təhsili də bu illər ərzində çətin, məhrumiyyətlərlə dolu, lakin eyni zamanda, şərəfli bir yol keçmişdir. Düşmənə elmlə, ağılla, doğma yurd yerlərini canından artıq sevən vətənpərvər nəsillə qalib gəlməyin danılmaz həqiqət olduğunu doğru-düzgün dəyərləndirən Ağdamın təhsil işçiləri ən çətin, ən dözülməz məqamlarda belə məktəblərin fasiləsiz fəaliyyətini təmin etmişlər. Uşaqlar çadırlarda, yük vaqonlarında, qamış daxmalarda belə kitabdan, sevimli müəllimlərindən ayrı düşməmişlər.
Ölkəmiz qısa bir zamanda iqtisadi yüksəlişə nail olmuş, bütün regionun lider dövlətinə çevrilmişdir. Dövlətin artan iqtisadi gücü qaçqın və məcburi köçkünlərin sosial problemlərini həll etməyə geniş imkanlar açdı.
Ağdam rayonu təhsil şöbəsinin müdiri Elmira Şükürova bizimlə söhbətində dövlətin təhsilə artan qayğısından minnətdarlıqla söz açdı:
- Məktəb tikintisi, əsaslı təmir işləri, maddi-texniki bazanın, təchizatın yaxşılaşdırılması, dərslik siyasətinin milli-mənəvi dəyərlərimizə, tariximizə, bəşəri meyarlara uyğun şəkildə yenidən qurulması, təhsil müəssisələrinin informasiya, kommunikasiya texnologiyaları ilə təmin edilməsi və bu kimi digər məsələlər təhsilin inkişafına hesablanan Dövlət Proqramlarının tərkib hissəsidir. Millətin işıqlı sabahını düşünən Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş sözügedən dövlət proqramları Ağdam rayonunda da uğurla həyata keçirilməkdədir. Respublika Prezidenti İlham Əliyevin 31 oktyabr 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq Ağdam və Yevlax rayonları ərazisində olan yararsız vəziyyətə düşmüş fin evlərində yaşayan məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə rayonun 18 və 23 saylı köçkün orta məktəbləri üçün yeni, müasir tipli binalar tikilib, zəruri avadanlıqlarla təmin edilmişdir. Ümummilli lider Heydər Əliyevin istedadlı uşaqların aşkar edilməsi, onların hərtərəfli qayğı ilə əhatə olunması barədə tövsiyələri, həmçinin xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının icrası ilə əlaqədar təhsil şöbəsində görülən işlərin səmərəsi artırılmış, ayrı-ayrı bölgələrdə yaradılmış olimpiadalara hazırlıq mərkəzlərinin fəaliyyəti gücləndirilmişdir. Nəticədə şagirdlərimiz fənn olimpiadalarının respublika mərhələsində mükafatlandırıcı yerlər tutmuşlar.
Ümumtəhsil məktəblərinin əsas göstəricilərindən biri də məzunların ali məktəblərə qəbulunun nəticələridir. Təhsil şöbəsində yaradılmış işçi qrupu bu sahədə ötənilki nəticələri prinsipiallıqla araşdıraraq hər bir məktəbin fəaliyyətinə qiymət vermişdir. Keçən il ağdamlı məzunların 163 nəfəri müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Fərəhlidir ki, məzunların 7 nəfəri 600, 27 nəfəri isə 500-dən çox bal toplamışdır.
Ərazisinin dörddəüç hissəsindən çoxu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdamda şagirdlərə müxtəlif elmi biliklər uğurla öyrədilsə də, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Rayonun bütün məktəblərində erməni faşistlərinin vəhşiliklərini özündə əks etdirən "Qarabağın qan yaddaşı" kitabçaları hazırlanmışdır. Bu kitabçalarda müharibənin vurduğu yaralar dəqiq faktlarla və obrazlı şəkildə əks olunmuşdur. Sinif otaqlarında Ağdamın Milli Qəhrəmanları haqqında fotostendlər düzəldilmişdir. 2010-cu ildə "İlin adamı" elan olunmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şanlı döyüş yolunu əks etdirən fotoguşələr şagirdlərdə böyük marağa səbəb olur. Tam əminliklə demək olar ki, indi Ağdam məktəblərində Mübariz ruhlu, Mübariz ürəkli yüzlərlə gənc yetişir. Qarabağ savaşında ev-eşikləri dağılmış, atası, yaxud əmisi, dayısı şəhid olmuş məktəblilərdə erməni işğalçılarına nifrət sonsuzdur.
18660 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3.973 nəfər müəllim və tərbiyəçinin məşğul olduğu Ağdam rayonunun təhsil sistemində elmi biliklərin müasir tələblər səviyyəsində tədrisi ilə yanaşı, dövlətə və dövlətçiliyə sədaqətin, Vətənə məhəbbət hissinin aşılanmasına, işğal altındakı torpaqlarımızın azad edilməsini hər kəsin özü üçün şərəf bilməsinə böyük önəm verilir.
Lazım QULİYEV
Azərbaycan.- 2011.- 12 aprel.- S. 9.