Yol düzgün seçiləndə
istənilən möcüzəni yaratmaq olar
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" ölkə başçısı İlham Əliyevin imzaladığı 21 yanvar 2011-ci il tarixli sərəncamda dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə kimi xarakterizə olunub. Bununla bərabər, sənəddə müstəqillik illərində keçilən zəngin inkişaf yolunda qazanılan parlaq nailiyyətlərin təbliğ olunması başlıca vəzifə kimi qarşıya qoyulub. Çünki sosial-iqtisadi sahədə qazanılan uğurların hər biri məhz müstəqilliyimizin bəhrəsidir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri də istisna deyil.
Naxçıvan MR-də ötən il elan olunmuş "Yeniləşmə ili" bir çox əlamətdar hadisələrlə yadda qaldı. Bu hadisələrdən biri ölkə başçısı İlham Əliyevin muxtar respublikaya növbəti səfəridir. Səfər zamanı dövlət başçısı Kəngərli rayonunun mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin, Şərur rayonunun Yengicə və Maxta kəndlərində orta məktəb binalarının, Naxçıvan-Sədərək avtomobil yolunun ikinci hissəsinin, Sədərək rayonunda mərkəzi xəstəxana və orta məktəb binalarının, yenidən qurulmuş Heydərabad qəsəbəsinin, Ordubad rayonunda Biləv Su Elektrik Stansiyasının, Naxçıvan şəhərində məhdud fiziki imkanlılar üçün Regional İnformasiya Mərkəzinin, Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksinin, Naxçıvan şəhərini içməli su ilə təmin edən supaylayıcı qurğunun açılış mərasimlərində iştirak etdi.
Ümumiyyətlə, 2010-cu il muxtar respublikada sosial-iqtisadi sahədə yeniləşmə və quruculuq tədbirlərinin daha da genişlənməsi dövrü kimi tarixə düşdü. Effektiv islahatların xeyli sürətləndiyi bu dövrdə iqtisadi və sosial inkişaf üzrə yeni nəticələr təmin olunmuş, insanların həyat səviyyəsinin yüksəldilməsinə diqqət daha da artırılmışdır. Ölkəmizin bütün regionlarının tarazlı inkişafına önəm verən Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafına da qayğı və diqqətini əsirgəməmişdir. Nəticədə əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də iqtisadiyyatın əsas sahələrinin inkişafı istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər öz bəhrəsini vermiş, əldə olunmuş uğurlu nəticələr sosial-iqtisadi inkişafı xarakterizə edən və əsas makroiqtisadi göstərici olan ÜDM-in həcminin artmasına zəmin yaratmışdır. Ötən il Naxçıvan MR-də bu artımın həcmi ilk dəfə olaraq 1 milyard manat səviyyəsini ötmüşdür. Bu, əvvəlki illə müqayisədə 16,6 faiz çoxdur. Adambaşına düşən məhsul istehsalının həcmi isə 18,8 faiz artaraq 4 min dollar civarında olmuşdur.
Həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri sənayenin üstün inkişafının təmin olunmasıdır. Bu məqsədlə muxtar respublikada yeni sənaye müəssisələrinin yaradılmasına və inkişafına xüsusi diqqət yetirilir. Nəticədə daxili bazarın tələbatı ilə yanaşı, ixracyönümlü məhsulların istehsalı da artır. Əgər 1989-cu ilin əvvəlində muxtar respublikada 40 sənaye müəssisəsi mövcud idisə, 2011-ci ilin əvvəlinə bu rəqəm 11 dəfə artaraq 423-ə çatmış, 239 adda sənaye məhsulunun istehsalı təmin olunmuşdur. Görülmüş işlərin nəticəsidir ki, tarixən aqrar region kimi formalaşan muxtar respublika hazırda sənayenin üstün inkişafı təmin olunan regionlardan biridir. Bunu statistika da təsdiqləyir: ötən il əvvəlki ildəkindən 44 faiz çox olmaqla 318 milyon 565 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bunun da 88 faizi özəl sektorun payına düşür. Bundan əlavə, keçən il dövlət dəstəyi ilə 78 istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır və hazırda 32 layihə üzrə işlər davam etdirilir.
Təbii ki, daxili bazarın qorunmasında, idxaldan asılılığın aradan qaldırılmasında, əhalinin tələbatının dolğun ödənilməsində yerli istehsalın həcminin artırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada 108-i ərzaq və 184-ü qeyri-ərzaq olmaqla 292 adda məhsul istehsal edilir. 247 növ məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Son dövrlər həmçinin Naxçıvan MR-in xarici ticarət əlaqələrinin coğrafiyası genişlənmiş, ilk dəfə olaraq xarici ticarət dövriyyəsində müsbət saldo yaranmışdır. Təkcə 2010-cu ildə 211 milyon 714 min dolları ixrac, 46 milyon 219 min dolları idxal təşkil etməklə xarici ticarət dövriyyəsi 257 milyon 933 min dollara çatmışdır. Diqqətəlayiq faktdır ki, idxalın strukturunda ərzaq məhsullarını texnoloji avadanlıqlar əvəz etmişdir.
İqtisadi inkişafda diqqəti cəlb edən faktlardan biri də ümumi daxili məhsulda tikinti-quraşdırma işlərinin xüsusi çəkisinin davamlı olaraq yüksəlməsidir. 2010-cu ildə muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala əvvəlki illə müqayisədə 22 faiz çox olmaqla 501 milyon manat həcmində investisiya yönəldilmişdir. İnvestisiyanın 443,4 milyon manatı, yaxud 88 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur. Bu vəsait hesabına il ərzində tikinti və ya əsaslı təmirdən sonra müxtəlif təyinatlı 669 obyekt istifadəyə verilmişdir. Təkcə son 4 ildə muxtar respublikada 284 yaşayış binasında tikinti, yenidənqurma və bərpa işləri aparılmış, 301 yaşayış binasında istilik xətləri yeniləri ilə əvəzlənmiş, 35 lift quraşdırılmışdır. Bundan əlavə, onlarca inzibati bina, 60-dan çox "Kənd mərkəzi", yeni poçt şöbələri, ATS-lər, səhiyyə və mədəniyyət ocaqları da son illərin təzə ünvanları sırasına daxil olmuşdur.
Muxtar Respublikada aparılan quruculuq tədbirlərində məktəb binalarının tikintisi də üstün yer tutur. Əgər müstəqilliyimizin ilk 10 ili ərzində MR-də 36 yeni məktəb binası tikilmişdirsə, ondan sonrakı illərdə 68 min 374 şagirdlik 168 məktəb binası, 1398 yerlik 14 uşaq bağçası, 18 musiqi məktəbi, 9 məktəbdənkənar tədris müəssisəsi inşa olunmuş və ya yenidən qurulmuşdur. Ötən il daha 10 məktəb binası istifadəyə verilmişdir. Onlardan tək biri - 954 şagirdlik 15 saylı orta məktəb binası muxtar respublika paytaxtının payına düşür. Digərləri isə rayon mərkəzlərində və kəndlərdə tikilmişdir. Cari ildə müasir tipli təhsil ocaqları sırasına daha 10 məktəb binası daxil olacaq. Ən iri bina Naxçıvan şəhərində 17 nömrəli məktəb üçün inşa olunur. Yeni binada 864 şagird təhsil alacaq. Digər məktəblər isə kəndlərdə tikilir.
Səhiyyə müəssisələrinin yenidən qurulması, onun maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadrların hazırlanması da prioritet istiqamətlərdəndir. Son illər Naxçıvan MR-də 42 xəstəxana, 51 həkim ambulatoriyası, 56 feldşer-mama, 17 tibb məntəqəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Şərur, Culfa, Şahbuz, Kəngərli rayonlarının mərkəzlərində müasir standartlar əsasında xəstəxana binaları tikilmişdir. Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi və Naxçıvan şəhər Doğum Mərkəzi də indi muxtar respublika əhalisinə nümunəvi tibbi xidmət göstərir. Ordubad şəhərində isə beşmərtəbəli səhiyyə müəssisəsinin inşası sürətlə davam etdirilir.
Səhiyyə sahəsində aparılan quruculuq tədbirləri kəndləri də əhatə edir. Şərur rayonunun Yengicə, Maxta, Kəngərli rayonunun Qarabağlar və Şahtaxtı kəndlərində ikimərtəbəli, müasir tipli həkim ambulatoriyaları, Təzəkənd və Yeni Kərki, habelə Babək rayonunun Aşağı Uzunoba kəndində feldşer-mama məntəqələri tikilərək istifadəyə verilmişdir.
Müstəqillik dövründə mədəniyyət obyektlərinin inşası və ya əsaslı təmiri də davamlı xarakter alıb. Təkcə ötən il Naxçıvan şəhərində Dövlət Xalça, "Xan sarayı" Dövlət Tarix-Memarlıq, Sədərək rayonunun Heydərabad qəsəbəsində Tarix-Diyarşünaslıq, Ordubad şəhərində M.S.Ordubadi, Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər muzeylərinin, Naxçıvan şəhərində Şəhidlər xiyabanının tikintisi və yenidən qurulması başa çatdırılmışdır. Bunlardan əlavə, Ordubad şəhərində Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi "Qeysəriyyə" tarixi abidəsi, "Şərq hamamı" tarixi abidə kompleksi, qədim məbəd və 2 abidə təmir-bərpa işlərindən sonra istifadəyə verilmişdir. Naxçıvan şəhərində qədim Qala tarixi abidəsində isə hazırda bərpa və təmir işləri aparılır.
Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də yol infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilmiş, yeni yollar salınmışdır. İstifadəyə verilmiş yolların 167 kilometri magistral, 110 kilometri yerli əhəmiyyətlidir. Eyni zamanda, 8 yeni körpü tikilmiş, 5 körpü bərpa olunmuşdur. 1 körpünün tikintisi hazırda davam etdirilir.
Muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi xüsusi diqqət yetirilən sahələrdəndir və bu istiqamətdə böyük layihələr həyata keçirilir. Əvvəllər elektrik enerjisinin böyük bir hissəsi qonşu ölkələrdən idxal edildiyi halda, bu gün muxtar respublika özü elektrik enerjisi ixrac edir. Digər fakt: əgər sovet dönəmində, daha doğrusu, 1988-ci ildə muxtar respublikada elektrik enerjisi istehsal edən 1 müəssisə mövcud idisə, hazırda belə müəssisələrin sayı 5-ə çatıb.
2005-ci ilin sonundan başlayaraq muxtar respublikaya təbii qazın nəqlinin bərpası enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Muxtar respublika bütünlüklə qazlaşdırılmışdır. Halbuki 1989-cu ildə muxtar respublikada cəmi 32,5 min abonentə təbii qaz verilirdi. Bu, indiki göstəricidən 2,4 dəfə azdır.
Naxçıvan MR-də ÜDM istehsalının orta hesabla üçdəbir hissəsi kənd təsərrüfatının payına düşür. Ötən il 247 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 13 faiz çoxdur. Cari mövsüm üçün 59 min 204 hektar sahədə əkin aparılmışdır və bu, 1988-ci illə müqayisədə 4 dəfə artıqdır.
Aqrar sektorun
inkişafında soyuducu anbarların inşası mühüm
amildir. Belə anbarlar bir tərəfdən
istehsal olunan məhsulların satışı ilə əlaqədar
meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəzin
yetişdirilməsinə marağı artırırsa, digər
tərəfdən, əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla
təminatına imkan verir. Son illər Naxçıvan MR-də ümumi tutumu 7 min
920 ton olan 12 soyuducu anbar istifadəyə verilmişdir. Ümumi tutumu 500 ton olan daha bir soyuducu anbarın
tikintisi davam etdirilir.
Son illər muxtar respublika
iqtisadiyyatında müşahidə olunan sabit artım
sosialyönümlü inkişafın təmin edilməsi, əhalinin
həyat səviyyəsinin yüksəldilməsi, yeni iş
yerlərinin yaradılması və səmərəli məşğulluğun
təşkili üçün əlverişli şərait
yaradıb. Son 7 il ərzində 45,4 min yeni
iş yerinin açılması bunu sübut edir. Onu da qeyd edək
ki, açılmış iş yerlərinin 66,1
faizi daimidir.
Muxtar respublika Dövlət
Statistika Komitəsinin bu sahə ilə bağlı məlumatında
diqqəti çəkən məqamlardan biri də odur ki,
ötən il əhalinin gəlirləri bir il öncəyə
nisbətdə 10 faiz artaraq bir milyard 7 milyon 484 min manata
çatıb. 2010-cu ildə muxtar respublikada orta
aylıq əməkhaqqı 303 manat olmuşdur ki, bu da 2009-cu
ildəki göstəricidən 11 faiz çoxdur. Əhalinin
yaşayış səviyyəsinin artmasını sübut edən
başqa fakt: əgər 1988-ci ilin sonunda muxtar respublikada 14216
avtomobil var idisə, 2011-ci ilin əvvəlində bu rəqəm
38692-dir. Bu, təxminən hər 10 nəfərə bir
avtomobilin düşməsi deməkdir.
* * *
Muxtar respublikanın müstəqillik
illərindəki sosial-iqtisadi inkişafını
"Naxçıvan möcüzəsi" adlandıranlar az deyil. "Naxçıvan möcüzəsi"nin əldə edilməsini muxtar respublika Ali Məclisinin
Sədri Vasif Talıbov belə xarakterizə edir: "Yol
düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə
sədaqət olanda, adamların qayğısı və
ehtiyacları hədəfə alınanda istənilən
möcüzəni yaratmaq olar".
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2011.- 12 aprel.- S. 9.