İsmayıllı sənətkarlıq paytaxtıdır

 

Azərbaycanın axar-baxarlı bölgələrindən olan İsmayıllı inzibati rayon kimi 1931-ci ilin noyabr ayında təşkil olunub. Sahəsi 2074 kvadratkilometr, əhalisi 81 min nəfərə yaxındır. Tərkibinə bir şəhər, iki şəhərtipli qəsəbə və 108 kənd daxildir. Rayon mərkəzi İsmayıllı 14 yanvar 1967-ci ildə şəhər statusu alıb.

Artıq neçə illərdir ki, İsmayıllı rayonu da uğurlu inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti İlham Əliyev 2009-cu ilin oktyabr ayında rayona səfəri zamanı görülən işlərlə bağlı razılığını bildirmişdir. Bir faktı qeyd etmək kifayətdir ki, son beş-altı ildə İsmayıllıda iqtisadiyyat üç dəfədən çox artıb. Bu isə mövcud imkanlardan səmərəli istifadə sayəsində mümkün olub.

Bu yaxınlarda rayona daha bir şad xəbər gəldi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün "Xalq yaradıcılığı Paytaxtları" Proqramı"na uyğun olaraq keçirilən müsabiqədə İsmayıllı rayonu 2011-ci il üçün "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunub. Şübhəsiz, böyük etimaddır. Müsabiqədə iyirmidən çox təklif təhlil edildikdən sonra namizədliyi irəli sürülmüş şəhərlərin nominasiyası üzrə tarixi ənənələri, ümumi hazırlığı, müvafiq sahələrin inkişafı, xalq yaradıcılığı subyektlərinin sayı, respublika və beynəlxalq tədbirlərdə iştirakı, mədəniyyət infrastrukturunun mövcud vəziyyəti, keçiriləcək tədbirlərin sayı və digər amillər nəzərə alınmaqla, 2011-ci il üçün qədim Şabran şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", folklor diyarı Lənkəran şəhəri "Azərbaycanın Folklor Paytaxtı", İsmayıllı şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunub.

Sənətkarlar məskəni olan İsmayıllının bu ada layiq görülməsi hər bir rayon sakinini qürurlandırıb. Respublika Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimovun ürək sözləri: - Rayon sakini kimi mənə də çox xoş oldu ki, İsmayıllı şəhəri bu il üçün ölkəmizin sənətkarlıq paytaxtı seçildi. Həqiqətən də regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində rayonumuzda xeyli iş görülüb. Həyata keçirilən tədbirlərdə dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qayğısını daim hiss edirik. Rayonumuzda tam sabitlikdir. Hər kəs öz işində-gücündədir. Tikinti-quruculuq işləri kəndlərimizi də əhatə edir. Bir çox kəndlərimizdə, o cümlədən Lahıc qəsəbəsində müvafiq infrastruktur yaradılır. Yerli sakinlər peşə təlimlərinə cəlb olunur, müvafiq kurslar təşkil edilir. Kurslarda xalq sənətkarlığının qorunması məsələləri gündəmdə olur.

Bu il hər bir İsmayıllı sakini üçün qürur və sınaq ilidir. Çalışacağıq ki, şəhərimizin bu ada layiq görülməsinin təsadüfi olmadığını bir daha göstərək.

Artıq ilboyu keçiriləcək tədbirlərə start verilib. Tədbirlərin həyata keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov təşkilat komitəsinin sədri seçilib.

Söhbət zamanı Azər Abbasov dedi: - İsmayıllı şəhərinin sənətkarlıq paytaxtı elan olunması üzərimizə böyük məsuliyyət qoyub. Artıq tədbirlər planımız hazırdır və icrasına başlamışıq. Yaxın gələcəkdə rayonumuzdakı tarixi abidələrin, xalqımızın keçmişindən soraq verən tarixi qalaların bərpası və konversiyası layihələrinin hazırlanması, Lahıc və Basqal Tarix Mədəniyyət qoruqlarının fəaliyyətinin canlandırılması, xalq tətbiqi sənət yarmarkalarının təşkil olunması, sənətkarlar bayramlarının qeyd olunması, "İsmayıllı sənətkarlar diyarıdır" mövzusunda məktəblilər arasında inşa yazı müsabiqələrinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Qeyd etdiyimiz kimi, İsmayıllı ölkəmizin tarixi abidələrlə zəngin, sənətkarlıq nümunələri ilə şöhrət qazanmış rayonlarından biridir. Rayonun Basqal və Lahıc qəsəbələrində hələ çox qədim zamanlardan xalq sənətkarlığının inkişafı, milli üslubda tikinti işlərinin aparılması xalqımızın sənətkarlıq və memarlıq ənənələri haqqında canlı təsəvvür yaradır. Lahıc qəsəbəsində turistlər üçün kiçikhəcmli xalçalar və suvenirlər də hazırlanır.

Maraqlıdır ki, Lahıcda XX əsrdə iki yüz misgərlik emalatxanası fəaliyyət göstərib. Ululardan miras qalmış xalçaçılıq, misgərlik və digər bir sıra sənət sahələri indiyədək qorunub inkişaf etdirilir. Xalq sənətkarlığından söz düşəndə Basqalın məşhur kəlağayılarını da unutmaq olmaz.

Onu da qeyd etmək lazımdır ki, İsmayıllıda azərbaycanlılarla yanaşı, azsaylı xalqlar da yaşayır. Onların milli adət-ənənələrinin qorunub saxlanılması, folklor sənətlərinin inkişafı üçün rayonda hər cür şərait mövcuddur. Şübhəsiz ki, "Sənətkarlıq Paytaxtı" ilinin uğurla başa çatması üçün azsaylı xalqların sənətkarları da üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklər.

Bu günlərdə İsmayıllının "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilməsi ilə əlaqədar İsmayıllı şəhərindəki "Gənclər mərkəzi"ndə mərasim keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə burada 300-dən çox sənətkarlıq nümunəsinin nümayiş olunduğu sərgiyə baxmışlar. Rayonun Müdrü kəndindən olan sənətkar Əlican Cavadovun kənddə təsadüfi qazıntı zamanı tapılan və mütəxəssislər tərəfindən eramızdan əvvəl III minilliyə aid edilən bunqar çalğı alətində ifa etdiyi xalq mahnıları qonaqlarda da xoş təəssürat yaratmışdır.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov, Milli Məclisin deputatları Novruzəli Aslanov, Ərəstun Cavadov və başqaları çıxış etmişlər.

Mərasim rayon mədəniyyət evinin "Niyal" instrumental ansamblının konsert proqramının çıxışı ilə başa çatmışdır.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2011.- 12 aprel.- S. 10.