Hər kəsin üzünə açılan qapı

 

Azərbaycan Televiziyası və Radiosunun əməkdaşları Həmkarlar İttifaqı Komitəsinin sədri Sərhəd Qasımovu təkcə hüquqlarının müdafiəçisi, mədəni kütləvi tədbirlərin təşkilatçısı kimi deyil, özlərinin yaxın dostu, təəssübkeşi, sirdaşı kimi də tanıyır, xətrini əziz tuturlar. Sərhəd müəllim bu kollektivdə nə az, nə çox - düz 50 ildir ki, fəaliyyət göstərir. Yarım əsrlik əmək bioqrafiyası çox zəngindir. 1961-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indiki Azərbaycan Televiziya və Radio Verilişləri QSC) elektromexanik kimi işə başlayıb. Sonralar studiyadankənar işıq sexinin rəisi vəzifəsinə irəli çəkilib. 1967-ci ildə Radio-Televiziya Mərkəzində ictimai əsaslarla həmkarlar ittifaqı təşkilatının sədri seçilib. 1974-cü ildən indiyədək isə Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik edir.

Sərhəd Qasımov 1975-ci ildə Moskvada Ali Həmkarlar Hərəkatı İnstitutunu bitirib. Gözəl ailə başçısıdır, 4 övladı, 7 nəvəsi var. 70 yaşlı əmək veteranı radio və televiziyada işləyən gənc əməkdaşlara doğma övlad münasibəti bəsləyir. İndi bu kollektivdə çalışan yüzlərlə jurnalist, rejissor, operator və digər peşə sahibi, eləcə də fəaliyyətlərini digər kollektivlərdə davam etdirən insanlar Sərhəd müəllimin qayğıkeşliyi, səmimi münasibəti ilə bağlı saysız-hesabsız faktlar gətirə bilərlər. Əsl camaat adamıdır. Xeyirdə-şərdə, toyda-bayramda həmişə birincidir. Çalışır ki, sədrlik vəzifəsi bir yana, ilk növbədə ağsaqqal borcundan çıxsın. Xasiyyətini yaxşı bilirlər. Ona görə də heç kim ürəyindən keçəni, yaşadığı narahatlığı ondan gizlətmir. İş otağının qapısı günün bütün vaxtlarında açıqdır. Əlbəttə, bu, onun ürəkaçıqlığından, fəaliyyətinin şəffaflığından irəli gəlir. Ona üz tutan hər kəsə nəvaziş göstərir, probleminin həllinə çalışır. Səhmdar cəmiyyətdə keçirilən cürbəcür tədbirlərin təşkilində, ad günləri və yubileylərdə uzun illərin təcrübəsini, enerjisini əsirgəmir. Hər kəslə öz dilində danışmağı, rəhbərliklə əməkdaşlar arasında körpü yaratmağı bacarır. Sərhəd Qasımovla bircə görüş kifayətdir ki, onunla ömürlük dost olasan.

Artıq neçə illərdir ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC Qax rayonunda məskunlaşan məcburi köçkünlərə hərtərəfli himayədarlığı öz üzərinə götürüb. İlin bütün fəsillərində, bayramlarda teleradio əməkdaşlarının bir qrupu bu rayona gedir, öz yurdlarından didərgin düşmüş soydaşlarımızla görüşür, onların sosial problemlərinin həllinə çalışır. Təbii ki, əliboş getmirlər, bayram sovqatı aparır, incəsənət xadimlərinin konsertlərini təşkil edirlər. Sərhəd Qasımov həmişə səhmdar cəmiyyətin yüksək vəzifəli şəxsləri ilə birlikdə bu səfərlərin təşkilində nümunə göstərir, həmkarlar ittifaqlarının fondundan müəyyən vəsait də ayırır. Təsadüfi deyil ki, indi Qax rayonunda bu nəcib insanı yaxşı tanıyır, yolunu həmişə gözləyirlər.

Sərhəd Qasımovu AHİK sistemində də bacarıqlı həmkarlar ittifaqı işçisi, təşəbbüskar, mehriban insan kimi tanıyırlar. O, uzun illərdir ki, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kollegiya üzvüdür. Sərhəd müəllimin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. 2006-cı ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. Belə bir söz var ki, qocalar xatirə ilə yaşayır, cavanlar ümidlə. Sərhəd müəllim 70 yaşında da özünü gənclikdə olduğu kimi hiss edir, əsl cavanlıq həvəsi ilə yaşayır, işləyir. Bu gün yüzlərlə teleradio işçisinin əvvəlki illərdə olduğu kimi, yenə də Sərhəd müəllimin məsləhətinə, qayğısına böyük ehtiyacı var. Onun yanında olmaq, söhbətlərinə qulaq asmaq, məsləhətlərini eşitmək hər birimizdə xoş ovqat yaradır. Sərhəd müəllimi əlamətdar yubileyi münasibəti ilə təbrik edir, ona tükənməz həyat eşqi, yeni nailiyyətlər arzulayırıq!

 

 

Mirzə YUSİF,

"Ekran-efir" qəzeti

baş redaktorunun müavini

 

Azərbaycan.- 2011.- 12 aprel.- S. 10.