Prezident İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclası keçirilmişdir
Maliyyə naziri Samir ŞƏRİFOV dövlətin məqsədyönlü və kompleks siyasəti nəticəsində 2011-ci ilin 1-ci rübündə də ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasının uğurla davam etdiyini vurğulayaraq dedi:
- Cari ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 2 milyard 768 milyon manat və ya 118,0 faiz yerinə yetirilmiş, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çox olmuşdur.
Vergilər Nazirliyi büdcəyə 1 milyard 161 milyon manat, ötən ilin eyni dövrünə nisbətən 151,0 milyon manat və ya 15,0 faiz çox vəsaitin daxil olmasını təmin etmişdir. Bu vəsaitin 58,7 faizi və ya 681,0 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 132,0 milyon manat və yaxud 24,0 faiz çoxdur.
Qeyri-dövlət sektorunda iqtisadi fəallığın artması və iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin real nəticəsi kimi bu sektor üzrə daxilolmaların həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,9 faiz, vergi daxilolmalarında xüsusi çəkisi isə 2010-cu ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 67,6 faizdən 71,1 faizə çatmışdır.
Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2 faiz əməl olunmaqla büdcəyə 241,0 milyon manat vəsaitin daxil olması təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz çoxdur.
Dövlət
Neft Fondundan büdcəyə 1 milyard 330 milyon manat vəsait
transfert edilmişdir.
Sair daxilolmalar üzrə
büdcəyə 36,0 milyon manat vəsait təmin
edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 32,0 milyon manat çoxdur.
Cari ilin birinci rübündə
dövlət büdcəsinin xərcləri proqnoza nisbətən
87,3 faiz və ya 2 milyard 87 milyon manat,
ötən ilin eyni dövrü ilə müqayisədə isə
108,0 milyon manat və ya 5,5 faiz çox icra olunmuşdur.
2011-ci il dövlət
büdcəsinin gəlirləri üzrə faktiki daxil olan vəsaitdən
səmərəli və məqsədyönlü istifadə
edilməklə dövlətə məxsus əsas sosial vəzifələrin
stabil maliyyələşdirilməsi təmin edilmiş, təşkilatlardan
daxil olan bütün xərc sifarişləri öz maliyyə
təminatını tapmış, əməkhaqqı, pensiya,
müavinət, daxili və xarici borc və digər xərclər
üzrə borc yaranmamışdır.
İqtisadi təsnifata
uyğun olaraq birinci rübdə dövlət büdcəsinə
daxil olan vəsaitin 47,9 faizi və ya 1,0
milyard manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə
yönəldilmişdir ki, bu da 2010-cu ilin eyni dövrü ilə
müqayisədə 129,0 milyon manat və ya 14,9 faiz çox
olmuşdur.
Ötən ilin eyni
dövrü ilə müqayisədə cari ilin 1-ci
rübündə sosial təyinatlı xərclərə aid
olan təqaüdlər və sosial müavinətlərin
ödənişinə 17,2 faiz və ya 57,0 milyon manat
çox, əməyin ödənişi fonduna 14,2 faiz və
ya 70,0 milyon manat çox, ərzaq və dərman xərclərinə
3,8 faiz və ya 1,6 milyon manat çox vəsait sərf
edilmişdir.
Məcburi
köçkünlərə, müavinət və yardım
alan vətəndaşlara nəzərdə tutulan ödənişlər
üzrə öhdəliklərin icrası tam təmin
edilmiş, növbəti rüblər hesabına ayrılan vəsait
də nəzərə alınmaqla cari ilin 1-ci rübündə
sosial müdafiə və sosial təminat xərclərinə
408,0 milyon manat və ya 2010-cu ilin eyni
dövrü ilə müqayisədə 19,2 faiz çox vəsait
ayrılmışdır.
Funksional təsnifata uyğun
olaraq 2011-ci ilin 1-ci rübündə ötən ilin eyni
dövrü ilə müqayisədə müdafiə xərclərinə
21,9 faiz, səhiyyə xərclərinə 21,8 faiz, kənd təsərrüfatı,
meşə təsərrüfatı və
balıqçılıq xərclərinə 18,3 faiz, təhsil
xərclərinə 12,4 faiz, mədəniyyət, incəsənət,
informasiya və bədən tərbiyəsi xərclərinə
11,9 faiz çox vəsait yönəldilmişdir.
Möhtərəm Prezident,
cari ilin birinci rübündə dövlət investisiya xərclərinə
546,0 milyon manat vəsait yönəldilmiş,
əsas investisiya layihələrinin maliyyələşdirilməsi
təmin edilmişdir.
Həmin vəsaitdən 78,0 milyon manat təhsil, səhiyyə, mədəniyyət,
idman və digər sosial-mədəni və məişət
təyinatlı obyektlərin tikintisinə və yenidən
qurulmasına xərclənmişdir. Müharibə əlilləri,
şəhid ailələri üçün yaşayış
evlərinin və bu qəbildən olan digər sosial obyektlərin
tikintisinə 9,4 milyon manat, regionlarda idman
komplekslərinin və digər idman təyinatlı obyektlərin
tikintisi və yenidən qurulmasına 5,5 milyon manat vəsait
yönəldilmişdir.
Ölkənin əsas enerji,
su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya
infrastrukturlarının tikintisi və yenidən qurulması
üçün 363,0 milyon manat, o cümlədən yol-nəqliyyat
infrastrukturunun tikintisi və yenidən qurulması
üçün 144,0 milyon manat, Bakı Metropoliteninin
stansiyalarında tikinti və yenidənqurma işlərinə
24,0 milyon manat, "Bakıelektrikşəbəkə" Səhmdar
Cəmiyyətinin nizamnamə kapitalının
artırılmasına 17,0 milyon manat, regionların içməli
su və suvarma-drenaj infrastrukturunun bərpasına 10,0 milyon
manat, "Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı"nın həyata keçirilməsinə 20,0 milyon
manat, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə
143,0 milyon manat, digər dövlət əhəmiyyətli tədbirlərin
maliyyələşdirilməsinə 5,0 milyon manat vəsait sərf
edilmişdir.
Dövlət büdcəsindən
ayrılmış investisiya xərcləri ilə
yanaşı, ölkəmizdə yol, su təchizatı və
meliorasiya, kənd təsərrüfatı, sosial və digər
infrastrukturların tikintisi və yenidən qurulması
üçün Azərbaycan hökuməti tərəfindən
xaricdən 206,0 milyon manat məbləğində vəsait cəlb
olunmuşdur.
Cari ilin birinci rübündə
dövlət büdcəsindən Naxçıvan Muxtar
Respublikasının büdcəsinə nəzərdə
tutulmuş 63,0 milyon manat, yerli gəlir və xərcləri tənzimləmək
üçün mərkəzləşdirilmiş xərclərdən
rayon və şəhərlərin yerli xərclərinə nəzərdə
tutulmuş 181,0 milyon manat dotasiya tam ayrılmışdır.
2011-ci ilin birinci
rübündə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan həlli vacib hesab edilən bir sıra sosial və
infrastruktur layihələrin həyata keçirilməsi,
abadlıq və quruculuq işlərinin davam etdirilməsi
üçün 31,0 milyon manat vəsaitin ayrılmasına
dair ölkə Prezidenti tərəfindən müvafiq sərəncamlar
imzalanmışdır.
Hesabat dövründə
dövlət büdcəsinin Ehtiyat Fondundan büdcədə əvvəlcədən
nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli
tədbirlərin maliyyələşdirilməsinə 14,3 milyon manat vəsait ayrılmış, ondan
7,0 milyon manat vəsait artıq istifadə olunmuşdur.
Dövlətin xarici və
daxili borclarının idarə olunması, beynəlxalq səviyyədə
və ölkə daxilində borc öhdəliklərinin yerinə
yetirilməsi diqqətdə saxlanılmış, cari ilin
birinci rübündə həmin məqsədə büdcədən
154,0 milyon manat vəsait yönəldilmişdir.
2011-ci ilin birinci
rübündə Azərbaycan Respublikasının xaricdə
olan diplomatik nümayəndəliklərinin fəaliyyəti
üçün dövlət büdcəsindən 15,0 milyon manat, ölkəmizdə
keçirilmiş bir sıra beynəlxalq və respublika səviyyəli
tədbirlərin maliyyələşdirilməsinə 3,5 milyon
manat vəsait yönəldilmişdir.
Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət tərəfindən
maliyyə dəstəyinin verilməsi işi davam
etdirilmiş, hesabat dövründə "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı"nın icrası üçün 25,0 milyon manat vəsait yönəldilmişdir.
Sahibkarlığın
inkişaf etdirilməsi üçün cari ilin 1-ci
rübündə iqtisadiyyatın müxtəlif sahələri
üzrə 322 sahibkara 27,5 milyon manat güzəştli kredit
verilmişdir ki, bunun da 10,0 milyon manatını dövlət
büdcəsindən sahibkarlığın inkişafı ilə
bağlı ayrılmış vəsait təşkil
etmişdir.
İnvestisiya layihələrinin
sayı ötən ilin müvafiq dövrü ilə
müqayisədə 1,7 dəfə, verilmiş
güzəştli kreditlərin məbləği isə 1,4 dəfə
artmışdır.
Güzəştli kreditlər
hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan
25 böyük və irihəcmli layihə, o cümlədən
tutumu 29,5 min ton olan 5 müasir soyuducu anbar kompleksinin, illik
istehsal gücü 78,1 min ton olan 5 müasir çörək
istehsalı müəssisəsinin, illik istehsal gücü 13
milyon ədəd damazlıq yumurta və 0,6 min ton quş əti
olan 3 quşçuluq (broyler) təsərrüfatının,
illik istehsal gücü 19,8 min ton olan 2 ət kəsimi
fabrikinin, 500 başlıq südlük istiqamətli cins
iribuynuzlu heyvandarlıq kompleksinin və digər müəssisələrin
yaradılması və ya yenidən qurulması üzrə
investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
Cənab Prezident, Bakı qəsəbələrində
əhalinin məşğulluğunun daha da
yaxşılaşdırılması sahəsində verdiyiniz
tapşırıqların icrası ilə əlaqədar
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına qəsəbələrdə 24 sahibkara
üst-üstə 2,2 milyon manat kredit verilmişdir. Bu güzəştli
kreditlər hesabına Bakı qəsəbələrində
yeni iş yerlərinin yaradılması nəzərdə
tutulur.
Sahibkarlıq subyektlərinin
formalaşması üçün yaradılmış
münbit mühit, o cümlədən sahibkarlıq fəaliyyətinə
başlama üçün sərf edilən müddətin,
prosedurların və sənəd sayının
azaldılması nəticəsində "bir pəncərə"
sistemi üzrə cari ilin birinci rübü ərzində 14
mindən çox sahibkar dövlət qeydiyyatına
alınmışdır ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə qeydiyyatdan keçənlərin
sayının 46,1 faiz artması deməkdir. Xüsusilə qeyd
etmək lazımdır ki, Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata
keçirilməsinin nəticəsi olaraq 2011-ci ilin 1-ci
rübündə qeydiyyata alınmış sahibkarların 61,2 faizi regionların payına
düşmüşdür.
Aqrar sektora dövlət
qayğısının daha da artırılması məqsədi
ilə fermer təsərrüfatlarına kreditlərin verilməsi,
lizinq xidmətinin yaxşılaşdırılması, kənd
təsərrüfatı texnikasının və aqrokimyəvi
maddələrin alınması üçün
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə
14,0 milyon manat, kənd təsərrüfatı məhsulları
istehsalçılarına kreditlərin verilməsi
üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri
üzrə Dövlət Agentliyinə 4,5 milyon manat vəsait
yönəldilmişdir.
Möhtərəm cənab
Prezident!
Məlum olduğu kimi, 2011-ci
il dövlət və icmal büdcələrinin
gəlirlərinin hesablamalarında bir barrel xam neftin ixrac qiyməti
60 ABŞ dolları səviyyəsində
götürülmüşdür.
Dünya neft
bazarlarında Azərbaycan neftinin bir barrelinin qiyməti 2011-ci
ilin dövlət büdcəsində nəzərdə tutulan
qiyməti xeyli müddətdir 80 faizdən artıq üstələyir.
Xam neftin qiymətinin
artması cari ilin 1-ci rübündə dövlət və
icmal büdcə gəlirlərinin, o cümlədən
Dövlət Neft Fondunun gəlirlərinin artmasına şərait
yaradıb.
Bu, sözsüz ki, icmal
büdcənin tərkib hissəsi olan dövlət büdcəsinə
və Dövlət Neft Fondunun 2011-ci il
büdcəsinə proqnozlaşdırıldığından
daha çox gəlirin daxil olacağını şərtləndirir.
Eyni zamanda, qeyd
olunmalıdır ki, dünya bazarlarında xam neftin qiymətinin
yüksək olması, habelə, 2008-2009-cu illər dünyada
yaşanan maliyyə-iqtisadi böhran zamanı bir çox iri
dövlətlər tərəfindən həyata
keçirilmiş liberal pul-kredit və faiz dərəcəsi
siyasəti dünya miqyasında inflyasiya meyillərini kəskin
artırmışdır.
Bu, ölkəmizə
idxal olunan qeyri-neft məhsullarının da qiymətinin
artmasına təsir göstərir. Mühüm xammal və
materialların, maşın və avadanlıqların, gündəlik
tələbat mallarının, əsasən də ərzaq məhsullarının
qiymətinin artmasına səbəb olmuşdur.
Yaranmış
meyillər nəzərə alınmaqla əhalinin real gəlirlərinin
qorunması və rifah halının daha da
yaxşılaşdırılması məqsədi ilə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən dövlət
və icmal büdcələrinin gəlirlərinə yenidən
baxılaraq əlavə maliyyə təminatının
yaradılması tapşırığı verilmişdir.
Cənab Prezident,
tapşırığınıza uyğun olaraq Maliyyə
Nazirliyi tərəfindən əlaqədar dövlət
qurumları ilə birlikdə dövlət və icmal büdcələrinin
dəqiqləşdirilməsi işlərinə
başlanılmışdır.
Dövlət
büdcəsinin əlavə gəlirləri hesabına əhalinin
sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin,
ilk növbədə, əmək haqlarının
artımının həyata keçirilməsi nəzərdə
tutulur.
Bu artım dövlət
büdcəsindən maliyyələşən və maliyyə
yardımı alan təşkilatlarda, o
cümlədən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət,
kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin
mühafizəsi sferasında çalışanların, hərbi
qulluqçuların, xüsusi rütbəli əməkdaşların
və digər işçilərin əmək
haqlarının artımına imkan verəcəkdir.
Dəqiqləşmə
zamanı zəruri sosial tədbirlərdən olan sosial
müavinətlərin və təqaüdlərin, o cümlədən
yaşa, əlilliyə, ailə başçısını
itirməyə, uşağın anadan olmasına görə,
müharibə veteranlarına verilən müavinətlərin,
məcburi köçkünlərə verilən yemək xərcinin,
şəhid ailəsi və müharibə əlilləri
üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
və digər sosial ödənişlərin və müavinətlərin
artırılması təmin ediləcəkdir.
Bundan əlavə, gənc nəslin
aparıcı qüvvələrindən olan ali,
orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə
və şagirdlərə, doktorantlara verilən təqaüdlərin
artırılması nəzərdə tutulur.
Bütövlükdə qeyd
edilən sosial müdafiə tədbirləri təxminən 3,0 milyon nəfərdən çox şəxsə
şamil ediləcəkdir.
Əhalinin sosial vəziyyətinin
daha da yaxşılaşdırılmasına əlavə
stimul olaraq cənab Prezident tərəfindən içməli
su təchizatı və kanalizasiya xidmətlərinə
görə əhalinin 2011-ci il 1 fevral tarixinə qədər
yığılıb qalmış 294,2
milyon manat məbləğində borcu silinmişdir. Bununla əlaqədar dövlət büdcəsində
də müəyyən dəqiqləşmələr
aparılacaqdır.
Əhalinin
sosial müdafiəsində xüsusi əhəmiyyət kəsb
edən bir sıra sosial və infrastruktur layihələrin
maliyyə təminatı üçün də dövlət
büdcəsinin dəqiqləşməsi nəticəsində
formalaşacaq əlavə gəlirlərdən vəsait
ayrılacaqdır.
Öncə bu
mənbədən qəza vəziyyətində olan bir
sıra məktəblərdə əsaslı təmir, tikinti
və bərpa-gücləndirmə işlərinin yerinə
yetirilməsinə, tələbələr üçün
müasir yataqxanaların tikintisinə vəsait
ayrılacaqdır.
Respublikanın
şəhər və rayonlarında qazlaşma
proqramının həyata keçirilməsi və bu işlərin
sürətləndirilməsi, elektrik enerjisi təchizatı
sisteminin yaxşılaşdırılması, su təchizatı
və kanalizasiya sistemlərinin tikintisi və yenidən
qurulmasına vəsaitin ayrılması da dəqiqləşmə
zamanı diqqətdən kənarda qalmayacaqdır.
Bakı kəndlərinin
sosial-iqtisadi inkişafı üzrə Dövlət
Proqramının həyata keçirilməsi və yeni
proqramın hazırlanması, o cümlədən Bakı kəndlərinin
yollarının tikintisi, respublikanın digər
regionlarında kəndlərarası yolların tikintisi və əsaslı
təmiri üçün də nəzərəçarpacaq
məbləğdə vəsait ayrılacaqdır.
Hazırda həyata
keçirilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi
Azərbaycanın nəqliyyat sisteminin, o cümlədən
quru və dəniz nəqliyyatı sisteminin tranzit
potensialının artırılmasını şərtləndirəcəkdir. Bunu nəzərə alan cənab Prezidentimizin
tapşırığına uyğun olaraq, Ələt qəsəbəsində
dünya standartlarına uyğun beynəlxalq dəniz
limanının tikintisinə başlanması üçün
vəsait ayrılmış və dəqiqləşmə
zamanı əlavə vəsaitin də ayrılması nəzərdə
tutulur.
Hörmətli cənab
Prezident!
Bütövlükdə
2011-ci il dövlət və icmal büdcələrində
aparılan dəqiqləşdirmə əhalinin sosial
müdafiəsinin yaxşılaşdırılması,
iqtisadiyyatın stimullaşdırılması, 2012-ci il və
sonrakı üç ildə dövlət və icmal büdcələri
üçün daha böyük bazanın yaradılması
yolunda öz müsbət rolunu oynayacaqdır.
Çıxışımın
sonunda icazə verin, möhtərəm Prezident, Sizi əmin
edim ki, bugünkü müşavirədə verəcəyiniz
tapşırıqlar da nəzərə alınmaqla, 2011-ci
büdcə ilinin uğurla başa çatdırılması
və müəyyən etdiyiniz strateji inkişaf xəttinin həyata
keçirilməsi üçün Maliyyə Nazirliyinin
kollektivi səylərini əsirgəməyəcək, bundan
sonra da əzmlə çalışacaqdır.
***
Dövlət Gömrük
Komitəsinin sədri Aydın ƏLİYEV
Azərbaycanın iqtisadi inkişaf modelinin uğurla
reallaşmasının yüksək inkişaf tempinin təmin
edilməsinə, eləcə də beynəlxalq maliyyə
böhranının ölkə iqtisadiyyatına təsirini
minimuma endirməyə imkan verdiyini bildirərək dedi:
- Zati-alinizin diqqət və
qayğısı nəticəsində bazar iqtisadiyyatına
keçid dövrünün başa çatdığı
ölkəmizdə sahibkarlıq və biznes mühitinin əlverişliliyinin
təmin olunmasında gömrük xidmətinin də
özünəməxsus rolu vardır. Ötən illərdə
olduğu kimi, 2011-ci il dövlət büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dövlət
Gömrük Komitəsi üçün 1 milyard 120 milyon manat
büdcə öhdəliyi
proqnozlaşdırılmışdır. Cari ilin birinci
rübündə Dövlət Gömrük Komitəsi üzrə
proqnozlaşdırılan 240 milyon manata qarşı
aparılan idxal-ixrac əməliyyatlarından 240,6 milyon manat
gömrük ödənişləri toplanaraq dövlət
büdcəsinə köçürülməsi təmin
olunmuş, proqnoza 100,2 faiz əməl edilmişdir. Ölkənin
tərəqqisinə mane ola biləcək
mənfi halların aradan qaldırılması məqsədilə
son illər korrupsiya və rüşvətxorluğa
qarşı mübarizənin yeni mərhələsinə
başlanılmışdır. Ölkəmizdə
bu qəbildən olan problemlərin birdəfəlik aradan
qaldırılması cənab Prezidentin həyata keçirdiyi
inkişaf strategiyasının əsas məqsədidir.
Şəffaflıq
amili ulu öndər Heydər Əliyevin dövlət
quruculuğu və siyasətində də daim diqqət mərkəzində
saxlanılmış, bu istiqamətdə bir sıra
mühüm normativ hüquqi aktlar qəbul edilmişdir. Yeri gəlmişkən, qeyd
etmək istərdim ki, şəffaflığın
artırılması və nəzarətin təkmilləşdirilməsi
cənab Prezidentin imzaladığı "Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərmanda,
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan
Respublikasının Qanununda, Korrupsiyaya qarşı mübarizə
üzrə Dövlət Proqramında, Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiyada və bir sıra digər hüquqi
normativ aktlarda da təsbit olunmuşdur. Bu baxımdan, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının
sosial müdafiəsinin gücləndirilməsi, gömrük
işi sahəsində prosedurların sadələşdirilməsi
və şəffaflığın artırılması ilə
əlaqədar bəzi tədbirlər haqqında 25 fevral
2011-ci il tarixli və Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun
tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin imzaladığı 3 mart 2011-ci il tarixli fərmanlarına
əsasən, Dövlət Gömrük Komitəsi və digər
müvafiq icra orqanlarına bir sıra tədbirlərin
görülməsi tapşırılmışdır.
Məlumat
üçün bildirmək istəyirəm ki, fərmanın
icrası ilə əlaqədar tərəfimizdən bir
sıra müvafiq tədbirlər artıq
görülmüşdür. Belə ki, Dövlət
Gömrük Komitəsinin strukturuna daxil olan bütün
gömrük idarələrində pos-terminallar
quraşdırılmış, qanunvericilikdə müəyyən
edilmiş bütün gömrük ödənişlərinin
bank və plastik kart vasitəsilə aparılmasına
başlanılmış, gömrük orqanlarında göstərilən
xidmətlərin operativliyinin və şəffaflığın
artırılması məqsədilə müraciət edən
şəxslərin qəbul edilməsi
ardıcıllığının müəyyən
olunması üçün Bakıda Baş Gömrük
İdarəsi və Astara gömrük idarələrində
elektron idarəetmə sisteminin tətbiqinə
başlanılmış, qısa müddət ərzində
digər gömrük orqanlarında da bu sistemin tətbiqi tam təmin
olunacaqdır. Gömrük əməkdaşları tərəfindən
qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə
riayət edilməsinə nəzarət gücləndirilmiş,
gətirilməsi və aparılmasına yol verilməyən əşyaların
siyahısı, Azərbaycan Respublikasının ərazisində
dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış
və nəzarət edilən narkotik vasitələrin, psixotrop
maddələrin, habelə Azərbaycan Respublikasına gətirilməsi
qadağan edilən və ya məhdudlaşdırılan əşyaların
siyahısı və aidiyyəti üzrə digər normativ
hüquqi sənədlər tərtib olunmuş, lövhələrə
vurularaq dövlət sərhədinin buraxılış məntəqələrində,
o cümlədən gömrük idarələrində hər
kəsin yaxşı görə biləcəyi yerlərdə
yerləşdirilməsi təmin olunmuşdur.
Azərbaycan
Respublikasının ərazisinə gətirilən mallar
üzrə gömrük idxal rüsumlarının dərəcələrini
və ixrac gömrük rüsumuna cəlb olunan malların
siyahısı və ixrac rüsumlarının dərəcələrini
göstərməklə həm adlar, həm də kodlar
üzrə axtarışın həyata keçirilməsinə,
qanunla nəzərdə tutulmuş digər gömrük
ödənişlərinin ödənilməsinə imkan verən
elektron avadanlıqlar sifariş edilmiş və tez bir zamanda sərhəd
buraxılış məntəqələrində yerləşdiriləcəkdir.
Eyni zamanda, Azərbaycan
Respublikasının ərazisinə idxal edilən nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsi,
dövlət qeydiyyatının aparılması, uçota
alınması, nəqliyyat vasitələrinə dövlət
qeydiyyat şəhadətnaməsinin və qeydiyyat
nişanının verilməsi və digər prosedurları
"bir pəncərə" prinsipi əsasında sadələşdirilməsi
məqsədilə müvafiq icra orqanları ilə birgə
vahid mexanizmin işlənib hazırlanması istiqamətində
aidiyyəti tədbirlər görülür və məlum fərmanda
qeyd olunduğu kimi, 3 ay müddətində icrası təmin
olunacaqdır.
Cənab Prezident!
Hörmətli müşavirə
iştirakçıları!
Şəffaflığın
təmin olunması, vergidən yayınmanın,
qaçaqmalçılığın
qarşısının alınması və hüquqpozmalara
qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi
ilə Dövlət Gömrük Komitəsində bir sıra
mühüm tədbirlər həyata keçirilmişdir. 4 nəfəri
gömrük əməkdaşı olmaqla 11 nəfərdən
ibarət böyük cinayətkar qrup sənədlərin
saxtalaşdırılması, korrupsiya və digər qanunsuz hərəkətlərinə
görə həbs olunaraq məhkəmənin hökmü ilə
layiqli cəzalarını almışlar.
2011-ci ilin yanvar-mart
aylarında Azərbaycan Respublikasının gömrük
orqanları tərəfindən qaçaqmalçılığa
və gömrük işi sahəsində digər
hüquqpozmalara qarşı aparılan mübarizə nəticəsində
4665 hüquqpozma faktı aşkar edilmişdir ki, bu
faktların 60-ı cinayət xarakterli olmuşdur. Görülən
tədbirlər nəticəsində narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə əlaqədar 33 fakt aşkar
edilmiş, həmin faktlar üzrə 40,7 kiloqram narkotik, o
cümlədən 5,6 kiloqram heroin, 1,2 kiloqram tiryək, 29,3
kiloqram həşiş və digər narkotik vasitələr
tutulmuşdur.
Cari ilin üç ayı ərzində
aşkar olunmuş 4605 gömrük qaydaları əleyhinə
inzibati xəta faktları üzrə 118 hüquqi və 4487
fiziki şəxs inzibati məsuliyyətə cəlb
edilmişdir. Bu faktlar üzrə qeyd olunan şəxslərə
254 min manat cərimə tətbiq edilmişdir. Hesabat
dövründə gömrük orqanlarında aparılan
idxal-ixrac əməliyyatlarına mərkəzləşmiş
qaydada nəzarətin həyata keçirilməsi məqsədilə
Dövlət Gömrük Komitəsində əməliyyat mərkəzi
yaradılmış, sərhəd buraxılış məntəqələrindən
keçirilən mal və nəqliyyat vasitələrinə
videomüşahidə sistemi və nəqliyyat vasitələrinin
ölkəyə daxilində hərəkətin izlənməsinə
imkan verən izləmə sistemi istismara verilmiş,
gömrük xidmətinin vahid
avtomatlaşdırılmış idarə sistemi və yeni
servis mərkəzi yaradılmışdır.
Cari ilin fevral
ayında zati-alinizin xeyir-duası ilə Tovuz Gömrük
İdarəsinin Sınıqkörpü sərhəd
buraxılış məntəqəsinin yeni inzibati binası
istifadəyə verilmiş, Astara Gömrük İdarəsinin
yeni inzibati binası isə xidməti istifadəyə tam
hazırdır.
Hesabat
dövründə beynəlxalq gömrük əməkdaşlığının
inkişafı istiqamətində də bir sıra
mühüm əhəmiyyət kəsb edən tədbirlər
həyata keçirilmişdir. Belə ki, cənab Prezident, Sizin
müvafiq tapşırığınıza əsasən, cari
ilin fevral ayında Argentinanın Buenos-Ayres şəhərində
Azərbaycan Respublikası və Argentina Respublikası
gömrük xidmətləri arasında əməkdaşlığın
inkişaf etdirilməsi, ölkələrimizin
iqtisadiyyatının yüksəldilməsində
gömrük orqanlarının rolu və bu sahədə
qarşılıqlı maraq doğuran bir sıra məsələlərin
müzakirəsi məqsədi ilə görüşlər
keçirilmiş, Azərbaycan Respublikası hökuməti və
Argentina Respublikası hökuməti arasında gömrük
işi sahəsində əməkdaşlıq və
qarşılıqlı yardım haqqında saziş
imzalanmışdır.
Martda Avstriyanın Vyana şəhərində
Birləşmiş Millətlər Təşkilatının
İqtisadi və Sosial Şurasının narkotik vasitələr
üzrə komissiyasının 54-cü sessiyasında Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə
heyəti iştirak etmiş, Vyana beynəlxalq mərkəzinin
əsas foyesində narkotiklərin qanunsuz dövriyyəsinə
qarşı mübarizəyə həsr olunmuş plakat, foto və
digər incəsənət əsərlərindən ibarət
"Narkotiklərə yox deyək!" adlı sərgi təşkil
edilmişdir. Lüksemburq şəhərində
Ümumdünya Gömrük Təşkilatının Avropa
regionunun gömrük xidməti rəhbərlərinin
konfransında iştirak etməklə yanaşı, konfrans
zamanı Avropa regionunda digər təmsilçilərlə bərabər,
Azərbaycan Gömrük Xidmətinin Ümumdünya
Gömrük Təşkilatının Maliyyə Komitəsinə
namizədliyi dəstəklənmişdir.
Möhtərəm cənab
Prezident!
Qürur hissi
ilə qeyd etmək istəyirəm ki, gömrük sisteminin
dünya standartlarına uyğun qurulması və inkişaf
etdirilməsi sizin diqqət və qayğınız nəticəsində
mümkün olmuşdur. Cari ilin yanvar ayında Sizin imzaladığınız sərəncamlarla
gömrük əməkdaşlarından 3 nəfərinə ali xüsusi rütbənin verilməsi və
gömrük komitəsinin şəxsi heyətinin orden və
medallarla təltif edilməsini ölkəmizin
bütövlükdə gömrük sisteminin qiymətləndirilməsi
kimi qəbul edirik. Eyni zamanda, son məlum fərmanınızla
xüsusi rütbəsi olan gömrük əməkdaşlarının
və mülki işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi məqsədi ilə Azərbaycan
Respublikası gömrük sisteminin büdcədənkənar
inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin aylıq vəzifə
maaşlarına əlavənin verilməsi üçün
istifadə edilməsi gömrük əməkdaşlarının
yüksək dövlət qayğısı ilə əhatə
olunmasını bir daha təsdiq edir.
Gömrük Komitəsinin əməkdaşlarına
göstərdiyiniz böyük etimada, yüksək diqqət və
qayğıya görə bütün gömrük xidməti əməkdaşları
adından dərin təşəkkürümü və minnətdarlığımı
bildirərək, cənab Prezident, Sizi və bugünkü
müşavirə iştirakçılarını əmin
etmək istəyirəm ki, ölkəmizin uğurlu
inkişafı naminə funksiya və vəzifələrimizin
ləyaqətlə yerinə yetirilməsi istiqamətində
daha zəruri tədbirlər həyata keçirəcəyik.
***
Dövlət Sosial Müdafiə
Fondunun sədri Səlim
MÜSLÜMOV əsaslı sosial müdafiə tədbirlərinin
ölkə vətəndaşlarının yaşayış
səviyyəsinin daha da yüksəldilməsini təmin etdiyini
vurğulayaraq dedi:
- İqtisadiyyatın
bütün sahələrində sistemli islahatların davam
etdirilməsi nəticəsində cari ilin yanvar-mart
aylarında əhalinin pul gəlirlərinin keçən ilin
müvafiq dövrünə nisbətən 16,8 faiz, orta
aylıq əməkhaqqının 11,7 faiz artması, əhalinin
adambaşına düşən gəlirlərinin
inflyasiyanın səviyyəsini 7,7 faiz üstələməsi,
büdcə və qeyri-büdcə sektorunda stabil durumun
mövcudluğu sığorta-pensiya sisteminin dayanıqlı
inkişafına öz müsbət təsirini göstərmişdir.
İlkin məlumatlara
əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2011-ci
ilin birinci rübündə gəlirləri keçən ilin
müvafiq dövrünə nisbətən 19 faiz və ya 83
milyon manat artaraq 521 milyon manat təşkil etmişdir.
Sosial
sığorta haqları üzrə daxilolmalar əvvəlki
ilin birinci rübünə nisbətən 15 faiz və ya 35
milyon manat artaraq 270 milyon manat olmuşdur. Sosial sığorta
daxilolmalarının 58,2 faizi qeyri-büdcə
təşkilatlarının payına düşmüş,
onların ödədiyi sosial sığorta haqlarının məbləği
keçən ilin müvafiq dövrünə nisbətən
17,3 faiz və ya 23 milyon manat artmışdır. Sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin
və torpaq mülkiyyətçilərinin sosial
sığortaya cəlb edilməsi daha da gücləndirilmiş,
fiziki şəxslərdən daxilolmalar 24 faiz, torpaq mülkiyyətçilərinin
ödəmələri isə 40 faiz artmışdır.
Rüb ərzində
dövlət büdcəsinin transferti kimi fondun xəzinə
hesabına 250 milyon manat vəsait daxil olmuşdur. Fondun gəlirlərinin
miqdarı xərclərin vaxtında maliyyələşdirilməsinə
imkan vermişdir.
Cari ilin yanvar və
fevral aylarında pensiyaların maliyyələşdirilməsi
qrafik üzrə vaxtında yekunlaşdırılmış,
mart ayı üzrə isə Novruz bayramınadək tam
başa çatdırılmışdır. Bu məqsədlə aprel
üçün transfertin 57,4 milyon
manatlıq məbləğindən istifadə olunmuşdur.
2011-ci ilin
birinci rübündə Dövlət Sosial Müdafiə
Fondunun xərcləri 466 milyon manat olmuşdur. Pensiya və müavinətlərin
maliyyələşdirilməsinə fond tərəfindən
457 milyon manat xərclənmişdir ki, bu da əvvəlki ilin
I rübünə nisbətən 46 milyon manat və ya 11,2 faiz çoxdur. Bu məbləğin
97 faizi və ya 444 milyon manatı bilavasitə pensiyaların,
13 milyon manatı isə müavinətlərin ödənişinə
sərf olunmuşdur. Hazırda əhaliyə
aylıq ödənişlərin məbləği təqribən
200 milyon ABŞ dolları həcmindədir.
620 min nəfər əmək
pensiyaçısının pensiyasının sığorta
hissəsinin Azərbaycan Respublikası Prezidentinin 15 fevral
2011-ci il tarixli sərəncamına əsasən əvvəlki
ilin istehlak qiymətləri indeksi, yəni 5,7
faiz indeksləşdirilərək artırılmasına
rüb ərzində 4,2 milyon manat vəsait xərclənmişdir.
Rübün
sonuna əmək pensiyalarının orta aylıq məbləği
114 manata çatmış və ya keçən ilin aprelin
1-nə olan vəziyyətlə müqayisədə 14 faiz
artmışdır. Bu artıma təsir edən əsas amillər Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları ilə
keçən ilin sentyabr ayından etibarən əmək pensiyalarının
baza hissəsinin 13,3 faiz artırılaraq 85 manata
çatdırılması, pensiyaların sığorta hissəsinin
indeksləşdirilməsi, həmçinin yeni pensiya təyin
olunan şəxslərin pensiyalarının orta aylıq məbləğinin
sistemi tərk edənlərin pensiyalarından təqribən 50
manat yuxarı olmasıdır.
Orta aylıq
pensiya məbləğinin artımına təsir edən digər
əsas amil isə, möhtərəm cənab Prezident, Sizin
"2009-2015-ci illərdə Azərbaycan Respublikasının
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı" ilə müəyyən etdiyiniz pensiya təyinatı
üçün müraciət edən şəxslərin əvvəllər
qazandığı pensiya hüququ göstəricilərinin
yeni sistemə inteqrasiyası barədəki
tapşırığınızın icrasından irəli gəlmişdir. Sığortaolunanlara yeni
sistemin tətbiqindən əvvəl işlədikləri
dövrə görə də pensiya kapitalının təyin
edilməsi və bu əsasda yeni sadələşdirilmiş
qaydanın tətbiqi elm, təhsil, səhiyyə, mədəniyyət
və digər sahələrdə uzun müddət əmək
stajına malik şəxslərin əməkhaqqı və
sosial sığorta göstəricilərinin aşağı
olması səbəbindən əksər hallarda üzləşdikləri
minimum pensiya təyin olunması hallarını tamamilə
aradan qaldırmış və sosial ədalətin bərpa
edilməsinə gətirib çıxarmışdır. Hazırda ölkə üzrə pensiyanın orta
aylıq məbləği 114 manat təşkil etdiyi halda, bu
qaydanın tətbiqindən sonra təyin olunan pensiyalar üzrə
orta aylıq məbləğ 150 manatı
ötmüşdür.
Pensiyaçıların
sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi
ilə Dövlət Proqramı ilə müəyyən
etdiyiniz digər tapşırıqlara uyğun olaraq əvvəlki
pensiya sistemində təyin olunmuş pensiyalarla yeni təyin
olunan pensiyaların məbləği arasındakı fərqin
aradan qaldırılması, pensiyaların təsdiq olunmuş
qrafik üzrə ödənişi üçün
ehtiyatın yaradılması, könüllü
sığortalanma, sosial sığortalanmada yığım
komponentinin tətbiqi, sistemin gələcək inkişafı
üzrə aktuar tədqiqatların təşkili istiqamətində
Dünya Bankı və BMT-nin İnkişaf Proqramı ilə
imzalanmış sazişlər çərçivəsində
müvafiq tədbirlər davam etdirilir.
Möhtərəm cənab
Prezident!
Dövlət nəzarətinin
səmərəliliyinin artırılması və korrupsiyaya
şərait yarada biləcək halların aradan
qaldırılması istiqamətində verdiyiniz
tapşırıqlara uyğun olaraq fondun əhali ilə
bilavasitə təmasda olan yerli orqanlarının işi üzərində
inzibati nəzarət tədbirləri daha da gücləndirilmişdir. Aşkar olunan
nöqsanlar üzrə qəti ölçülərin
götürülməsi, yol verilmiş hüquqpozmalarla
bağlı hüquq-mühafizə orqanlarının məlumatlandırılması
davam etdirilir. Qeyd olunan sahədə qarşıya
qoyduğumuz vəzifələrə tam nail
olmaq məqsədi ilə inzibati nəzarətin ictimai nəzarətlə
dəstəklənməsi və bu əsasda daha şəffaf
idarəetmə mexanizmlərinin tətbiqi əsas hədəf
kimi seçilmişdir. Bu yanaşma fondun fəaliyyətinin
bütün istiqamətləri üzrə, yəni sosial
sığorta haqlarının toplanması, pensiya və
müavinətlərin təyinatı, pensiyaların ödənişi
sahələrində iş üsullarının yenidən
qurulmasına yönəldilmişdir.
Sosial
sığorta sahəsində fərdi uçotun tətbiqi bu
sferada müasir idarəetmə mexanizminin yaradılmasına
imkan vermişdir. Fərdi uçot sistemində qeydiyyata
alınmış hər bir işləyən şəxs
öz gələcək pensiya təminatı üçün
sosial sığorta haqlarının ödənilməsində
maraqlı olduğundan inzibati nəzarət daha səmərəli
ictimai nəzarətlə əvəzlənir, nəticədə,
subyektiv amillərin yaranma səbəbləri aradan
qaldırılır.
Cari ilin birinci
rübündə fond tərəfindən əlavə olaraq
24800 sığortaolunana fərdi şəxsi hesab
açılmış və belə şəxslərin
sayı 1 milyon 825 min nəfərə
çatmışdır. Hazırda
sığortaolunanlar üzrə ödənilmiş sosial
sığorta haqları barədə məlumatların qəbulu
prosesi yekunlaşmaqdadır. Bu məlumatların
fondun internet səhifəsində yerləşdirilməsi hər
bir sığortaolunan şəxsə öz fərdi şəxsi
hesabına daimi nəzarət etmə imkanı verəcəkdir.
Hazırda
pensiya və müavinət təyinatının
avtomatlaşdırılması üzrə işlər
Dövlət Proqramı ilə müəyyən olunmuş
qrafikə uyğun davam etdirilir. Bu gün istər əmək
pensiyalarının baza hissəsinin artımı, istərsə
də sığorta hissəsinin indeksləşdirilməsi
avtomatlaşdırılmış qaydada həyata
keçirilir və müvafiq vəsaitlər birbaşa
pensiyaçıların hesabına
köçürülür. Qanunvericiliyə
edilən son dəyişikliklərlə pensiya təyinatında
yeni sadələşmiş qaydanın tətbiqi subyektiv
halların bir çox yaranma səbəblərini, o cümlədən
çoxsaylı sənədlərin və əməkhaqqı
arayışlarının tələb olunması kimi
halları da aradan qaldırmışdır.
Şəffaflığın
artırılması məqsədi ilə fondun saytında
"pensiya kalkulyatoru" yerləşdirilmişdir ki, istənilən
vətəndaş pensiya təyinatı üçün fonda müraciət etməzdən əvvəl
həmin kalkulyator vasitəsilə özünün
pensiyasını hesablamaq imkanına malikdir. Bu
kalkulyatordan istifadə qaydalarının əhaliyə
çatdırılması məqsədi ilə xüsusi
sosial çarx iki ay ərzində telekanallarda
yayımlanmışdır.
Fondun fəaliyyətinin
digər əsas istiqaməti, yəni əhaliyə ödənişlərin
avtomatlaşdırılması sferası genişləndirilmişdir. Hazırda şəhərlərdə
yaşayan pensiyaçıların 100 faizinin, kəndlərdə
isə 98 faizinin, ümumilikdə ödəniş aparılan
pensiyaçıların 99 faizinin pensiyasının plastik
kartlarla ödənilməsi təmin edilmişdir. Bu məqsədlə cəmi 497, o cümlədən
kənd və qəsəbələrdə 113 bankomatın
istifadəsi təmin edilmişdir.
Fond tərəfindən
pensiyaçılara göstərilən ödəniş xidmətlərinin
səviyyəsini artırmaq məqsədilə müvafiq
banklarla müzakirələr aparılmış və hər
bir ödəniş barədə pensiyaçıların
mobil telefonlarına SMS məlumatın göndərilməsi
barədə qərar qəbul olunmuşdur.
Hazırda pensiyaçıların
mobil telefon nömrələri barədə məlumat
bazası formalaşdırılır və aprel-may
aylarından artıq bu xidmət növünə start veriləcəkdir.
Möhtərəm cənab
Prezident!
Sizin həyata
keçirdiyiniz islahatlar ölkəmizdə sosial müdafiə
sisteminin beynəlxalq standartlar əsasında keyfiyyətcə
yenidən qurulmasına, ilk növbədə keçmiş
sovet dönəmindən qalmış pensiya sisteminin bazar
iqtisadiyyatı ilə uyğunsuzluğunun yaratdığı
çoxsaylı problemlərin aradan qaldırılmasına
imkan vermişdir. Sosial müdafiənin Azərbaycan modelinin əsas cəhəti
ondan ibarətdir ki, bu proses, digər keçid dövrü
ölkələrində olduğu kimi, "şok" effekti
ilə deyil, əvvəlki sistemlə əhatə olunmuş
insanların davamlı sosial müdafiə tədbirləri
vasitəsilə yeni şəraitə mərhələlərlə
tam inteqrasiyası yolu ilə reallaşdırılmışdır.
Məhz buna
görə də müvafiq beynəlxalq təşkilatlar tərəfindən
ölkəmizin bu sahədəki təcrübəsi analoji
islahatlar aparmaq istəyən digər ölkələr
üçün model kimi tövsiyə edilir. Artıq Monqolustan, Əfqanıstan,
Türkmənistan və İordaniyanın müvafiq
qurumları Azərbaycan təcrübəsini öyrənmək
üçün Dövlət Sosial Müdafiə Fonduna rəsmi
müraciət etmişdir.
Cari ilin əvvəlində
BMT İnkişaf Proqramının Avropa və MDB üzrə
Regional bürosu Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin islahatları üzrə layihəni,
həmin büronun xətti ilə gerçəkləşdirilən
layihələr arasında birinci yerə layiq
görüldüyünü açıqlamışdır.
Beynəlxalq Sosial Təminat
Assosiasiyasının Avropa şəbəkəsi Rəhbər
Komitəsinin mart ayında Cenevrə şəhərində
keçirilən sonuncu iclasında Azərbaycanın növbəti
üç il üzrə də Rəhbər Komitəyə
üzv seçilməsi, Assosiasiyasının Avrasiya üzrə
Regional əlaqələndirmə mərkəzinin Bakıda
açılması barədə qərar qəbul
olunmuşdur.
Bütün
bunlar Sizin böyük səyləriniz nəticəsində
gerçəkləşdirilən sosial-iqtisadi islahatların
yüksək nəticələri, Azərbaycanın regionun
aparıcı dövləti missiyasını uğurla həyata
keçirməsinin bilavasitə nümunəsidir. Dövlət Sosial Müdafiə
Fondunun kollektivi bu siyasətin uğurlu davamı
üçün bütün
tapşırıqlarınızı vaxtında və yüksək
səmərə ilə yerinə yetirəcəkdir!
***
Dövlət Miqrasiya Xidmətinin
rəisi Arzu RƏHİMOV həyata
keçirilən kompleks tədbirləri diqqətə
çatdıraraq dedi:
- Ulu öndər Heydər Əliyevin
müəllifi olduğu "Əsrin müqaviləsi"
imzalandıqdan sonra neft layihələrinin gerçəkləşməsi,
yeni neft və qaz kəmərlərinin çəkilişinə
başlanılması ərəfəsində ölkəmizə
xarici investisiyalarla bərabər əcnəbi mütəxəssislərin
və işçi qüvvələrinin miqrasiyası bir qədər
ehtiyatla qarşılanırdı. Məhz həmin dövrdə
ümummilli lider öz müdrikliyi və uzaqgörənliyi ilə
bu prosesin mahiyyətini açıqlayaraq demişdir:
"Miqrasiya təbii prosesdir, onun qarşısını almaq
olmaz, almaq da lazım deyil və ümumən müsbət
xarakter daşıyır. Dünyada miqrasiya
prosesi bütün ölkələrə, xalqlara aiddir".
Cənab Prezident! Sizin, ümummilli liderimizin milli dövlətçilik
konsepsiyasını inamla və uğurla davam etdirməyinizin nəticəsidir
ki, son illər ölkəmizdə ictimai-siyasi sabitliyə və
sürətli sosial-iqtisadi inkişafa nail olunmuşdur. Bu da Azərbaycan Respublikasını əcnəbilər
üçün daha cəlbedici bir ölkəyə
çevirmiş, respublikamıza miqrasiya axınının ildən-ilə
artmasına səbəb olmuşdur. Ölkəmizin
davamlı inkişafı və təhlükəsizliyinin təmin
edilməsi milli maraqlara uyğun miqrasiya siyasətinin həyata
keçirilməsini, onun əsasında miqrasiya proseslərinin
tənzimlənməsi sisteminin təkmilləşdirilməsini
və inkişaf etdirilməsini, dövlət
orqanlarının fəaliyyətinin əlaqələndirilməsini
və bu sahədə beynəlxalq əməkdaşlığı
zəruri etmişdir.
Cənab Prezident! Sizin, 19 mart
2007-ci il tarixli fərmanınızla miqrasiya
sahəsində mövcud olan problemlərin mərkəzləşdirilmiş
və operativ qaydada həll olunması məqsədilə bu
sahədə vahid dövlət siyasətini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanı olan
Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Bununla da miqrasiya proseslərinin idarəedilməsinə
nəzarətin gücləndirilməsi, o cümlədən
miqrasiya proseslərinin təhlili,
proqnozlaşdırılması və monitorinqinin təşkili,
vaxtaşırı hesabatların və statistik məlumatların
hazırlanması Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidmətinə bir vəzifə olaraq
tapşırılmışdır.
Sizin rəhbərliyiniz
və nəzarətiniz altında Dövlət Miqrasiya Xidməti
tərəfindən bir sıra institusional və təşkilati
tədbirlər həyata keçirilmiş, miqrasiya siyasətinin
müasir dövrün tələblərinə uyğun
formalaşdırılması istiqamətində mühüm
işlər görülmüşdür. 2007-ci il 14 may tarixli sərəncamınızla
Dövlət Miqrasiya Xidmətinin strukturu və işçilərinin
say həddi müəyyənləşdirildikdən sonra Xidmətin
aparatının və strukturuna daxil olan qurumların fəaliyyətini
təşkil etmək məqsədi ilə kadr potensialı
yaradılmış, Xidmət əməkdaşlarının
peşə hazırlığının
artırılması, eləcə də beynəlxalq təcrübənin
öyrənilməsi məqsədi ilə onların ölkə
daxilində və xaricində keçirilən tədbirlərdə,
həmçinin, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının ixtisasartırma kurslarında
iştirakları təmin edilmişdir.
Dövlət
Miqrasiya Xidməti beynəlxalq əməkdaşlıq sahəsində
də əlaqələr qurmuş, iki və çoxtərəfli
əsaslar üzrə münasibətlər inkişaf
etdirilmişdir. Beynəlxalq təcrübəni öyrənməklə
mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi,
o cümlədən bir sıra qanunvericilik aktlarına əlavə
və dəyişikliklər edilməsi istiqamətində
mühüm tədbirlər həyata keçirilmişdir.
Miqrasiya sahəsindəki
qanunvericilik aktlarına əlavə və dəyişikliklərin
edilməsi ilə bağlı 20-dən artıq fərman və
sərəncamın imzalanması ölkə rəhbərliyi
tərəfindən miqrasiya proseslərinin daim diqqət mərkəzində
saxlanılmasının, həmçinin Dövlət Miqrasiya
Xidmətinə göstərilən qayğının bariz
nümunəsidir. Məruzə edirəm ki, miqrasiya sahəsində
qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində
işlər bu gün də fəal şəkildə davam
etdirilir. Hazırda miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi
və vahid bazanın formalaşdırılması məqsədi
ilə Xidmət tərəfindən "Miqrasiya Məcəlləsi"nin layihəsi digər dövlət
orqanlarının yekun rəyləri də nəzərə
alınmaqla yenidən işlənilərək hökumətə
təqdim olunmuşdur. Möhtərəm cənab Prezident,
miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi istiqamətində
atılan ciddi addımlardan biri də Sizin tərəfinizdən
imzalanmış "Miqrasiya proseslərinin idarəolunmasında
"bir pəncərə" prinsipinin tətbiqi
haqqında" 4 mart 2009-cu il tarixli fərmandır. Bildirmək
istəyirəm ki, Dövlət Miqrasiya Xidməti tərəfindən
2009-cu ilin iyul ayının 1-dən "bir pəncərə"
prinsipinin tətbiqinə başlanılmış və ötən
dövr ərzində miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmiş,
ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla
yaşamaları, onlara müvafiq icazələrin verilməsi və
onların yaşayış yeri üzrə qeydiyyata
alınmaları prosedurları sadələşdirilmiş, nəticədə
bu sahədə şəffaflığın tam təmin edilməsinə
nail olunmuşdur.
Möhtərəm cənab
Prezident! Ötən dövr ərzində Xidmətin
infrastrukturu inkişaf etdirilmiş, maddi-texniki bazası
möhkəmləndirilmiş, Sizin
iştirakınızla 2010-cu il mayın 25-də Dövlət
Miqrasiya Xidmətinin müasir tələblərə cavab verən
yeni inzibati binası istifadəyə verilmişdir. Miqrasiya idarəetmə
sisteminin təkmilləşdirilməsi, əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
göstərilən xidmətlərin səviyyəsinin
yaxşılaşdırılması məqsədi ilə Xidmətin
beş regional idarəsinin, Heydər Əliyev
Beynəlxalq Aeroportunda miqrasiya şöbəsinin fəaliyyəti
təmin edilmişdir.
Yevlax şəhərində
qanunsuz miqrantların saxlanılması mərkəzinin
tikintisi başa çatdırılmış, Bakı şəhərində
isə analoji mərkəzin inşasında tamamlama işləri
aparılır.
Sizin, 4 iyun 2010-cu il tarixli fərmanınızın tələblərindən
irəli gələn məsələlərin həll edilməsi
istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş,
o cümlədən Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi
yaradılmış və digər dövlət
orqanlarının müvafiq sistemləri ilə inteqrasiyası
təmin edilmişdir.
Yeni fəaliyyətə
başlamış Heydər Əliyev Beynəlxalq Aeroportunun
miqrasiya şöbəsində, həmçinin Bakı şəhərində
yerləşən mehmanxanaların bir qismində əcnəbilər
barədə qeydə alınan məlumatların Vahid Miqrasiya
Məlumat Sisteminə daxil edilməsi üçün proqram təminatı
həyata keçirilmiş, Naxçıvan Muxtar
Respublikası Dövlət Miqrasiya Xidmətində Vahid
Miqrasiya Məlumat Sistemi quraşdırılmış, mərkəzi
baza ilə real vaxt rejimində əlaqə təmin
olunmuşdur.
Cənab Prezident! 2008-ci ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına dair Nazirlər Kabinetinin həmin il
avqustun 5-də keçirilən iclasında Siz demişdiniz:
"Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik,
çox ciddi sistem yaratmalıyıq. Hər bir
gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir.
Qanunsuz bir adam da burada işləməməlidir.
Biz istənilən anda bilməliyik ki, hansı
xarici vətəndaş hansı gündə haradadır və
nə ilə, hansı işlə məşğuldur".
Bu fikirlər göstərdiyiniz böyük diqqət
və qayğı sayəsində bu gün gerçəkləşmişdir.
Belə ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən
edilmişdir ki, cari il aprelin 1-dək Azərbaycan
Respublikasında olan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin ümumi sayı 452 475 nəfərdir.
Həmçinin müəyyən olunmuşdur ki, Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinə müvafiq
icazələrin alınması ilə bağlı müraciət
etmiş əcnəbilərin 25 faizini fərdi əmək fəaliyyəti
ilə məşğul olanlar, 20 faizini təhsil müəssisələrində
əyani təhsil alanlar, 18 faizini Azərbaycan Respublikası vətəndaşları
ilə nikahda olanlar, 13 faizini Azərbaycan Respublikası vətəndaşları
ilə yaxın qohumluq münasibətində olanlar və s. təşkil
edir.
Cənab Prezident!
Bu gün qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində işlək mexanizm yaradılmış, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər gücləndirilmiş, Dövlət Miqrasiya Xidməti ilə Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında birgə tədbirlər planı hazırlanmışdır. Bu istiqamətdə görülən tədbirlər ötən illərlə müqayisədə daha da gücləndirilmiş və nəticədə Dövlət Miqrasiya Xidməti tərəfindən 2010-cu ildə 16680 əcnəbinin sənədləri yoxlanılmış və 12094 qanun pozuntusu aşkar edilmişdir. Hər bir halda qanunvericiliyin tələbinə uyğun olaraq əcnəbilər barəsində müvafiq qərarlar qəbul olunmuşdur. 2010-cu il ərzində qanunvericiliyin tələbinə uyğun olaraq alınmış rüsum və tətbiq edilmiş cərimələrdən dövlət büdcəsinə 14 210 808 manat vəsait daxil olmuşdur.
Miqrasiya sahəsində baş verən yeniliklərin və mühüm tədbirlərin ictimaiyyətə çatdırılması işində daim operativlik təmin olunmuş, vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə müvafiq tədbirlər təşkil olunaraq həyata keçirilmişdir.
Möhtərəm cənab Prezident!
Sizin tərəfinizdən ölkəmizin hərtərəfli inkişafı üçün müəyyənləşdirilmiş daxili və xarici siyasət kursunun yeni mərhələyə keçməsi qarşımıza daha ciddi vəzifələr qoymuşdur. Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti adından Sizi əmin edirəm ki, Azərbaycan Respublikasının miqrasiya siyasətinin uğurla davam etdirilməsi, qarşımıza qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədi ilə bundan sonra da bütün imkanlarımızı səfərbər edəcəyik.
İcazə verin, fürsətdən istifadə edərək bu sahəyə göstərdiyiniz diqqət və qayğıya görə miqrasiya orqanları işçiləri adından, eləcə də öz adımdan Sizə minnətdarlığımızı bildirim.
Azərbaycan.- 2011.-13 aprel.- S. 2, 3.