Azərbaycanın Baş naziri
İordaniyanın nümayəndə heyəti ilə
görüşmüşdür
Aprelin 12-də Azərbaycanın Baş naziri Artur Rasizadə İordaniya Haşimilər Krallığının sənaye və ticarət naziri Hani Əl-Mülkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
İordaniyanın Azərbaycana dost ölkə olduğunu diqqətə çatdıran Artur Rasizadə bildirmişdir ki, ölkələrimiz arasında çoxşaxəli əlaqələr mövcuddur və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün hazırda böyük imkanlar mövcuddur. Son vaxtlar İordaniya ilə bütün sahələrdə, o cümlədən iqtisadi sahədə də əməkdaşlığın intensivləşdiyini deyən Baş nazir bu gün Bakıda keçirilmiş Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının 2-ci iclasının buna əyani sübut olduğunu vurğulamışdır.
Hani Əl-Mülki Azərbaycana ilk dəfə səfər etdiyini bildirmiş, ölkəsinin Baş nazirinin salamını Artur Rasizadəyə çatdırmışdır. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin onu qəbul etdiyini, iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi üçün Azərbaycan Prezidentindən tövsiyələr aldığını diqqətə çatdırmışdır. Yaxın Şərqdəki siyasi hadisələrə toxunan Hani Əl-Mülki İordaniyada vəziyyətin sabit olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 13 aprel.- S. 4.