Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Xarici İşlər Nazirliyinə
çağırılmışdır
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia aprelin 11-də Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunmuşdur.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari il aprelin 7-də Avropa İttifaqının ATƏT-in Daimi Şurasının iclasında səsləndirilmiş "Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə" dair bəyanatı ilə əlaqədar Azərbaycan hökumətinin narazılığı və təəssüfü qarşı tərəfə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, bu bəyanat qeyri-obyektiv, yanlış məlumatlar əsasında tərtib olunmuş, yerlərdə olan reallıqları əks etmədən qərəzli səciyyə daşıyır. Bu bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud ruhuna ziddir və qəbuledilməzdir.
Qarşı tərəfin diqqətinə çatdırılmışdır ki, Azərbaycan hökuməti demokratik inkişaf prinsiplərinə sadiq qalaraq üzvü olduğu beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü müvafiq öhdəlikləri yerinə yetirir və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.
Azərbaycan.- 2011.- 13 aprel.- S. 4.