Azərbaycanın ictimai həyatında,
eləcə də YAP-ın fəaliyyətində gənclərin
rolu böyükdür
Aprelin 12-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında partiyanın şəhər və rayon təşkilatları gənclər birliklərinin rəhbərləri ilə görüş keçirilmişdir.
YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə yaradılmış partiyanın bu illər ərzində qazandığı uğurlar barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də dövlətin xüsusi diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir. Bunu yüksək qiymətləndirən ölkə gəncləri Azərbaycan Prezidentinin ətrafında sıx birləşmişlər, onlara göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışır və bu istiqamətdə səylərini davam etdirirlər. Bu gün YAP sıralarında 530 mindən çox üzv vardır və onların da 40 faizindən çoxunu gənclər təşkil edir. Bu da, öz növbəsində, gənclərin həm dövlətimizin başçısına, həm də onun sədrlik etdiyi partiyaya etimadının təzahürüdür.
Ə.Əhmədov demişdir ki, bu gün Azərbaycanın ictimai həyatında, eləcə də YAP-ın fəaliyyətində gənclərin rolu böyükdür. Bugünkü görüşün əsas məqsədi gənclərin fikirlərini dinləmək, hazırladıqları və həyata keçirdikləri layihələrlə bağlı fikir mübadiləsi aparmaqdır. Biz gənclərin cəmiyyətdəki rolunu daha da artırmaq istəyirik və bunun üçün xüsusi dövlət proqramı da hazırlanır.
Ə.Əhmədov bəzi gənclərin ölkəmizin inkişafını istəməyən qüvvələrin təsiri altına düşməsini təəssüf hissi ilə qeyd etmiş, YAP üzvü olan gəncləri həmyaşıdlarının düzgün yola dönmələrinə köməklik göstərməyə çağırmışdır.
Görüşdən sonra gənclər təşkilatlarının rəhbərləri onlar üçün təşkil olunmuş treninqlərdə iştirak etmişlər.
İki gün davam edəcək treninqlərin məqsədi gənclər arasında dialoqu inkişaf etdirmək, birgə layihələr hazırlamaqdır.
AzərTAc
Azərbaycan.- 2011.-13 aprel.- S. 4.