Azərbaycan və İordaniya
iş adamları arasında işgüzar görüş
keçirilmişdir
Aprelin 12-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) və İordaniya Sahibkarlığın İnkişafı Cəmiyyətinin (JEDCO) təşkilatçılığı ilə Azərbaycan və İordaniya iş adamları arasında işgüzar görüş keçirilmişdir.
Tədbirdə Azərbaycan və İordaniya tərəfdən rəsmi şəxslərlə yanaşı, 50-yə yaxın sahibkar iştirak etmişdir.
Qonaqlar Bakı Biznes Mərkəzində ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri əks etdirən sərgi ilə tanış olmuşlar. Sərgi, eləcə də videosüjet, interaktiv məlumat lövhəsi, Azərbaycan məhsullarının elektron kataloqu, ölkəmizin investisiya mühiti və biznes imkanlarına həsr olunmuş xüsusi məlumat toplusu maraqla qarşılanmışdır.
Sonra Azərbaycan və İordaniya iş adamları arasında işgüzar görüş keçirilmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat vermişdir. Azərbaycan və İordaniya arasında işgüzar əməkdaşlığın inkişaf etdiyini deyən nazir əlaqələrin daha da genişlənməsi üçün potensial imkanların olduğunu diqqətə çatdırmışdır. Ş.Mustafayev demişdir ki, bugünkü görüşdə aparılan müzakirələr Azərbaycan ilə İordaniya arasında iqtisadi inkişafa öz töhfəsini verəcəkdir. İmzalanmış protokollar ölkələrimiz arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə şərait yaradacaqdır.
Azərbaycan ilə İordaniya arasında bir çox sahələrə dair sazişlərdən danışan nazir demişdir ki, növbəti sazişləri hökumətlərarası komissiya yaxın vaxtlarda hazırlayacaqdır.
İordaniyanın sənaye və ticarət naziri Hani Əl-Mulki ölkələrimizin iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etmiş, bu görüşün əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verəcəyini vurğulamışdır. İordaniyanın iqtisadi inkişafından danışan nazir məlumat vermişdir ki, 2001-2009-cu illər ərzində ölkənin xarici ticarəti 16,9 dəfə artmışdır.
AzPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizdə biznes və investisiya imkanları barədə məlumat vermiş, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev isə təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirilən layihələr barədə danışmışdır.
İordaniya Sahibkarlığın İnkişafı Cəmiyyətinin (JEDCO) icraçı direktoru Yarub Qudah iordaniyalı iş adamlarının Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiyini vurğulamış, sahibkarlar arasında əlaqələrin genişləndirilməsində işgüzar görüşlərin əhəmiyyətini qeyd etmişdir.
İşgüzar görüş çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İordaniya Haşimilər Krallığının Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Tədbir iş adamları arasında mövcud iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 13 aprel.- S. 5.