Sivilizasiyalararası ünsiyyətin məkanı

 

Fərəh doğuran amildir. Bu gün Azərbaycan iqtisadi, siyasi, elmi, mədəni inkişafı ilə elə bir zirvəyə yüksəlib ki, ölkəmiz sadəcə coğrafi mövqeyinə görə deyil, həm də qloballaşan dünyada tutduğu əzəmətli yerinə görə Şərqlə Qərb, Şimalla Cənub arasında körpüdən çox təmas nöqtəsi, görüş yeri, dialoq məkanı, ünsiyyət ünvanıdır. Azərbaycan ortaq mənəvi dəyərləri, mədəni irsi ilə ənənəvi olaraq Şərqə bağlıdır. İntellektual potensialı, modernləşməyə güclü meyilliliyi, nümunəsi, elmi-texniki tərəqqiyə bağlılığı və bu sahəyə verdiyi töhfələri ilə də bir o qədər Qərbə istiqamətlidir.

Azərbaycan mədəniyyəti həm də ona görə daha çox uğur və nailiyyət qazanır ki, onun əsasında millilik dayanır, inkişafında, ucalığında müasirlik əsas aparıcı qüvvədir. Azərbaycan həm də elə bir tolerant məkandır ki, dünyanın bir çox ölkəsindən dinindən, irqindən, millətindən asılı olmayaraq buraya gələn hər kəs özünü rahat hiss edir. İstər uzun illər Azərbaycanda çalışmış diplomat, iş adamı olsun, istərsə də üç-beş günlüyə hər hansı tədbirə, konfransa gələn əcnəbi qonaq, yaxud da adi turist, fərq etməz. YUNESKO-nun sabiq baş direktoru Koişiro Matsuuranın söylədiyi kimi: "Azərbaycana dördüncü dəfə səfər etməyimə çox məmnunam. Hər dəfə ölkəni dəyişən, daha da gözəlləşən görürəm. Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələr durmadan artır".

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi bir daha sübut etdi ki, xalqları bir-birinə yaxınlaşdıran mədəniyyətdir və bu ünsiyyətin qurulmasında da ən yaxşı məkan Azərbaycandır.

Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə yaranan sabitlik respublikamızın dünyaya inteqrasiya etməsinə şərait yaratdı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şərqlə Qərbin qovuşmasında əsas rol oynayan bir sıra layihələrin gerçəkləşdirilməsi bu əlaqələrin bərqərar olunmasında mühüm əhəmiyyət daşıdı. Son illərdə istər paytaxtımızın, istərsə də ayrı-ayrı bölgələrimizin beynəlxalq mədəni tədbirlərə, simpoziumlara, konfranslara, festivallara ev sahibliyi etməsi, çox hallarda isə belə mərasimlərin həm də təşkilatçısı olması Azərbaycanın sivilizasiyalar arasında oynadığı mühüm rolu şərtləndirdi.

İstər ölkə başçısı İlham Əliyevin, istərsə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədə gördükləri işlər, təşəbbüsləri ilə həyata keçirilən müxtəlif layihələr həm Azərbaycan mədəniyyətinin təbliğinə, həm də onun inkişafında yeni mərhələnin yaranmasına öz töhfələrini verdi.

2005-ci ildə Parisdə keçirilən "Sivilizasiyalararası dialoq" həftəsində ölkəmizin birinci xanımı Mehriban Əliyeva çıxış edərək Azərbaycanın mədəniyyətlərin və sivilizasiyaların ünsiyyətinə verə biləcək köməkdən və konkret töhfədən söz açdı. Elə bunun nəticəsi olaraq üç il sonra Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi" mövzusunda beynəlxalq forum keçirildi. Həmin tədbirdə Mehriban xanım Əliyeva çıxış edərək müxtəlif mədəniyyətlərin bir araya gəlməsində qarşıda duran əsas vəzifələrə toxundu. Təbii ki, ölkəmizin birinci xanımı anlaşmaya mane olan səbəbləri də göstərdi, birləşməyə aparan yolları da şərh etdi. Onu da bildirdi ki, bütün fərqli baxışların, mədəniyyətlərin, münasibət və düşüncələrin bir məcrada qovuşaraq anlaşma yaratmasına yalnız bir məsələ - dialoq kömək edə bilər.

Həyat göstərdi ki, müdrikcəsinə söylənilən bu fikirlərdə böyük həqiqətlər var. 2009-cu ildə dialoqlararası münasibətlərin qurulub inkişaf etməsinə töhfə verən iki mühüm tədbir də yaddaşlarda iz saldı. 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmiş Bakıda sivilizasiyalararası dialoqa kömək edən bir sıra tədbirlərin həyata keçirilməsi, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizdə olması təsdiqlədi ki, Azərbaycan tolerant və dialoq məkanı kimi dünya tarixində böyük əhəmiyyətə malik bir ölkədir və burada bütün bəşəriyyət üçün maraqlı olan qlobal platformanın əsası qoyulub. Həmin ilin noyabrında paytaxtımızda keçirilən "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusundakı beynəlxalq konfrans təsdiqlədi ki, Azərbaycan belə məclislərə çox məharətlə ev sahibliyi edə bilir.

Nəhayət, bu ilin aprelində ölkəmizin paytaxtı yeni möhtəşəm beynəlxalq tədbirə - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Belə bir əhəmiyyətli və genişmiqyaslı tədbirin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuza malik olmasından, eləcə də Azərbaycan rəhbərliyinin sülh və əməkdaşlığa, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa verdiyi böyük töhfənin əks-sədasıdır. Dünyanın 80-dən çox ölkəsinin təmsil olunduğu beynəlxalq forumda siyasi liderlər, ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri, deputatlar, diplomatlar, mədəniyyət ekspertləri, media mənsubları, tanınmış ziyalılar - 400-dən çox qonaq iştirak edirdi.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun birinci sessiyası "Sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik" mövzusuna həsr edildi. Bu forumda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri ətraflı müzakirə olundu. Azərbaycan Prezidenti İlham Əliyev forumda geniş nitq söylədi. Forum iştirakçılarını səmimiyyətlə salamlayan dövlətimizin başçı Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsini dəyərləndirərək dedi: "Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır, bütün tarixi və dini abidələr qorunur. Azərbaycanda din azadlığı, vicdan azadlığı tam şəkildə bərqərar olunubdur. Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə - məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilmişdir və bu proses indi də davam edir".

Prezident əmin olmaq istədi ki, ölkəmizdə yaranmış müsbət təcrübələr başqa dövlətlər üçün də maraq doğuracaq. Doğrudan da, Azərbaycanda yaşayan hər bir kəs milli və dini mənsubiyyətindən asılı olmayaraq dövlət üçün dəyərli vətəndaşdır. Azərbaycanın iqtisadi cəhətdən sürətlə inkişafı, sabitliyin və təhlükəsizliyin qorunması, yaşayış səviyyəsinin yüksəlməsi üçün hazırlanan islahatların uğurla həyata keçirilməsi, yoxsulluğun azalması, işsizliyin demək olar ki, aradan götürülməsi - bütün bunlar birlikdə müstəqil Azərbaycanın müasir portretini yaradır. Doğrudan da, fəxr ediləcək amildir ki, bu gün bizim ölkəmiz öz ənənələrini yaşadan, özəllikləri ilə seçilən, müasirliyə bağlı dünyəvi dövlətdir. Bakıda keçirilən və yəqin ki, gələcəkdə də nəzərdə tutulan belə mötəbər tədbirlərin ənənəvi xarakter alması üçün ölkə Prezidenti bir şərti xüsusilə qeyd etdi: "Burada müzakirə edilən və ediləcək məsələlər müsbət nəticəyə gətirib çıxarsın".

Azərbaycanda belə bir mühüm tədbirin baş tutması ölkəmizin dünyada sülh və əməkdaşlığa verdiyi töhfə kimi dəyərləndirilə bilər. Bu tədbir həm də xalqımızın necə mədəni və sülhsevər olduğunu dünyaya nümayiş etdirmək imkanı yaratdı. Şəhərimizin qonaqları sakinlərin mehribanlığından vəcdə gəlirdi. Dünyanın beş qitəsindən gələn insanların bir məcrada birləşməsi həm də Azərbaycan xalqının xoşməramlı niyyətindən xəbər verirdi.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü "Qadınlar mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusuna həsr olunmuş sessiya ilə başladı. Forumda çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyətdə oynadığı rola öz münasibətini bildirdi. Çıxışı zamanı ölkəmizin birinci xanımı söylədi: "...Hər birimiz çox yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyük və ümumi bir məkanın sakinlərinə çeviribdir. Bu məkanda insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik, normal, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır". Həqiqətən də, bu gün dünyada ən aktual, gündəmdə olan mövzulardan biri məhz mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun baş tutmasıdır. Çünki belə görüşlər zamanı bir sıra problemlərin müzakirəsinin nəticəsində tapılan çıxış yolları xalqları bir-birinə yaxınlaşdırır. Sivilizasiyalararası mövcud olan ayrı-seçkiliyə, ziddiyyətlərə, qarşıdurmaya nöqtə qoymağın birinci yolu dialoqun baş tutmasından keçir. O yerdə ki ünsiyyət qurulmursa, söhbət alınmırsa, dialoq yoxa çıxırsa, deməli, cəmiyyətin perspektivi də yoxdur. Dünyada qarşıdurmaya yol verməmək üçün demokratiya və azadlıq ideyaları yaşam səviyyəsinin əsas aparıcı qüvvəsinə çevrilməli, mütərəqqi bir mövqedə dayanmalıdır. Amma təəssüf ki, bu cür humanitar mövqe bəzən də ən çox ədalətdən, azadlıqdan, insan hüquqlarından danışan Qərb ölkələrində pozulur. Bu cür yanaşma isə münasibətlərə kölgə salır. Məhz bu ziddiyyətli məqamlara və insanlar arasında təhlükə yaradan siyasi ambisiyalara toxunan Mehriban xanım Əliyeva söylədi: "Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlər də tapılır. Bizim hər birimiz müxtəlif dinə mənsubuq və bu dinlərin dəyər sistemləri olduqca yaxındır. Biz müxtəlif dinlərdə bir Tanrıya dua edirik və dualarımızın mahiyyəti də eynidir. Lakin biz bu gün insanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşirik. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - Qurani-Kərimi oda atıb yandırır. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi?" Mehriban xanım Əliyevanın bu məntiqli sualının cavabı hamını dərindən düşündürməlidir. Bu məntiqli "niyə"nin ahəngindəki cavab elə bir ittihamdır ki, ancaq vicdan qarşısında onun ədalətli olduğunu şərh etmək mümkündür. Zəmanəmizin ən böyük təhlükələrindən biri dinin siyasiləşdirilməsidir. Xalqlar arasında fərqlər, müxtəlifliklər o demək deyil ki, insanlar bir-birinin dini etiqadlarına iradla yanaşmalı, onun müqəddəs kitabını lağa qoymalı, cırmalı, yaxud da yandırmalıdır. Mehriban xanımın söylədiyi kimi, dini kitablar müxtəlif ola bilər, ayrı-ayrı dinlər də mövcuddur. Amma Allah ki birdir. Bu bir olan Allahın bəndələrinə qarşı dini ayrı-seçkiliyə görə göstərilən qeyri-insani münasibət bağışlanmazdır.

Uğurla başa çatan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təsdiqlədi ki, həqiqətən, bu gün bəşəriyyətin tərəqqisində hər iki mədəniyyətin - Şərq və Qərb sivilizasiyalarının qoşa dayanması nəinki vacibdir, əslində, həyati zərurətdir. Fərqli sivilizasiyaların, dinlərin, mədəniyyətlərin arasında yaranan anlaşma sadəcə ünsiyyət deyil. Qloballaşma prosesində sivilizasiyalararası dialoqun Bakıda belə möhtəşəm şəkildə baş tutması həm də ölkələr arasında əməkdaşlığın yeni formalarını üzə çıxarmaqla yanaşı, bir məsələni də qətiyyətlə müəyyənləşdirdi: dünyanın nicat yolu belə dialoqdan keçir.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 14 aprel.- S. 2.