Əbdüləziz əl-Tüveycri: Hər iki ildən bir Bakıda keçiriləcək Forum mədəniyyətlərarası dialoqun genişləndirilməsinə böyük töhfə verəcəkdir

 

Bakı Forumu müasir dünyanın mədəni həyatında son dərəcə mühüm hadisə oldu. Forumun mədəniyyətlərarası dialoq mövzusunu daim diqqət mərkəzində saxlayan, bu problemlərlə maraqlanan, dialoqa stimul verən və dünyada sülhün bərqərar olunması yolunda səylərini əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu Bakıda keçirilməsi xüsusilə əlamətdar hadisədir.

Bu sözləri Bakıda öz işini uğurla başa çatdırmış Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, beynəlxalq tədbirin təşkilatçılarından biri olan İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri AzərTAc-a müsahibəsində demişdir.

Qonaq bildirmişdir ki, İSESKO İslam Konfransı Təşkilatı çərçivəsində mədəniyyət sahəsində ixtisaslaşmış təşkilat olaraq bu Forumun keçirilməsində fəal iştirak etmişdir. Rəhbərlik etdiyi qurumun xalqlar arasında qarşılıqlı etimad mühitinin yaradılmasında, beynəlxalq təhlükəsizliyin və sülhün yayılmasında maraqlı olduğunu deyən İSESKO-nun baş direktoru bu baxımdan Bakı Forumunun rolunu yüksək qiymətləndirmişdir.

Biz inanırıq ki, Bakı Forumu qarşısına qoyduğu məqsədlərə çatacaqdır. Hər iki ildən bir Bakıda keçiriləcək bu Forum mədəniyyətlərarası dialoqun genişləndirilməsinə böyük töhfə verəcəkdir. Mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşən, İslam sivilizasiyasına böyük töhfələr vermiş Azərbaycan xalqına tərəqqi və çiçəklənmə arzulayıram.

Baş direktor xüsusilə vurğulamışdır ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dünyada layiqli yer tutmuşdur. Azərbaycan xalqının təbiətində tolerantlıq, açıqfikirlilik və başqalarına sevgi vardır. Azərbaycan bu gün həyatın müxtəlif sahələrində tərəqqi edir .

 

 

Azərbaycan.- 2011.- 14 aprel.- S. 2.