İstanbulda XIV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir

 

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində XIV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir.

Zirvə toplantısını açan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver bildirmişdir ki, bu tədbirdə 50-dən çox ölkədən 150 nümayəndə iştirak edir.

Ölkəmizin hər il olduğu kimi, cari ildə də bu mötəbər tədbirdə fəal iştirak etdiyini vurğulayan A.Suver demişdir ki, Azərbaycan dünyada gedən iqtisadi və maliyyə böhranına baxmayaraq, güclü iqtisadi inkişafını, Cənubi Qafqaz və MDB regionunda liderliyini davam etdirir. Cari ili "Turizm ili" elan edən Azərbaycanın bütün sahələrdə tərəqqisi bizi sevindirir. Bu il də Prezident İlham Əliyev zirvə toplantısının işinə diqqətini əsirgəməyərək, onun iştirakçılarına təbrik məktubu göndərmişdir.

Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin zirvə görüşünün iştirakçılarına təbrikinin mətnini oxumuşdur.

Azərbaycanın Avrasiya İqtisadi Forumunun təşkilinə verdiyi töhfəyə görə, Akkan Suver Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova, Milli Məclisin sədr müavini Valeh Ələsgərova və sənaye və energetika naziri Natiq Əliyevə vəqfin adından xatirə hədiyyəsi təqdim etdi.

Toplantının enerji məsələlərinin müzakirəsinə həsr olunmuş sessiyasında çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirdilər ki, 2006-cı ildən etibarən Azərbaycan iqtisadi yüksəliş dövrünü yaşayır. Bu müddət ərzində ölkəmiz iqtisadiyyatın bütün sahələrində, xüsusilə, enerji sektorunda böyük nailiyyətlər əldə etmişdir. Ümumi daxili məhsulun həcmi hər il orta hesabla 20-30 faiz artmış, keçən il 51,8 milyard dollara çatmışdır. Bu artımın 52 faizi sənayenin payına düşür. Bu gün Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin fəaliyyəti nəticəsində ölkəmiz regional inkişaf göstəricilərinə görə liderdir və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir. 2010-cu ildə Azərbaycanda neft hasilatı 50 milyon 800 min ton təşkil etmişdir ki, bu da 2009-cu ildəkinə nisbətən 0,4 milyon ton çoxdur. Təbii qaz hasilatının həcmi isə 26,3 milyard kubmetrə çatmışdır.

Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə ilə enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini vurğulamış, gələcəkdə də bu istiqamətdə işlərin davam edəcəyini söyləmişlər.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl, maliyyə naziri Məhmət Şimşək, müxtəlif ölkələrdən gəlmiş nazirlər və iş adamları Avrasiya məkanında iqtisadi sahədə əməkdaşlığın perspektivləri, yoxsulluğun azaldılması, digər məsələlərdən ətraflı bəhs etmişlər.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov zirvə toplantısının aprelin 14-də keçiriləcək sessiyasında çıxış edərək diaspor təşkilatlarının xalqların yaxınlaşması, milli dəyərlərin təbliği və digər sahələrdə rolundan danışacaqdır.

Siyasətçilər, iş adamları və jurnalistlər terrorizmlə mübarizə və təhlükəsizlik, gender bərabərliyi və digər məsələlər üzrə müzakirələrdə iştirak edəcəklər.

Zirvə toplantısının sessiyalarında Makedoniyanın, Albaniyanın prezidentləri, Türkiyənin və bir sıra ölkələrin nazirləri, deputatları iştirak edəcəklər.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan.- 2011.- 14 aprel.- S. 3.