Dinlərarası dialoq xalqların yaxınlaşmasında və sülhün bərqərar olmasında başlıca amildir

 

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yaz sessiyasının ikinci iş gününün ikinci yarısında qurumun elm, təhsil və mədəniyyət komitəsinin üzvü, lüksemburqlu deputat Anne Brasseurin "Mədəniyyətlərarası dialoqun dini meyarları" mövzusunda məruzəsi dinlənilmişdir.

Məruzə ətrafında müzakirələrdə azərbaycanlı deputatlar xüsusi fəallıq göstərmişlər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov öz çıxışını Avropa Şurasının ünvanına tənqidi ruhda quraraq demişdir: "Bu gün AŞ PA-nın yaz sessiyasında bu məsələnin müzakirə edilməsi yerinə düşmüşdür. Bir neçə gün əvvəl məhz bu istiqamətdə Azərbaycanda da Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Forumda Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar çıxış etmişlər. Forumda bir məsələ xüsusi vurğulanmışdır ki, nəyi isə dəyişdirmək istəyirsənsə, ilk əvvəl, özündən başla.

Mən AŞ PA yığıncağında dinlər və dəyişikliklər barədə çıxışları eşidirəm. Amma çıxış edənlərin özləri dedikləri dəyərləri qoruya bilmirlər. Misal üçün, bu gün burada ermənilər tərəfindən bir neçə çıxış eşitdik. Onlar istər Azərbaycanla bağlı, istərsə də heç ölkəmizlə bağlı olmayan məsələlər barədə istədikləri formada yalan və böhtanları gündəmə gətirdilər. Bu yalanlara mən cavab vermək istəmədim. Nə üçün yalana cavab verim? Ancaq yalan bu zalda, AŞ PA yığıncağında səslənirsə və ona qulaq asılırsa, deməli, bu təşkilatın hansısa böyük problemi vardır. Siz əvvəlcə öz problemlərinizi həll edin, sonra dünyaya dərs deyin".

Deputat Qənirə Paşayeva çıxışında bildirmişdir ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual mövzulardan biridir. Dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş çoxlu sayda konfranslar, forumlar keçirilir. Ancaq bu mövzu tez-tez gündəmə gətirilsə də, əfsuslar olsun ki, mövcud vəziyyətə onun təsiri olduqca azdır. Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərin sayı artır. Özünü din xadimi adlandıran biri müqəddəs "Qurani-Kərim"i oda atıb yandırdı. Harada və kim tərəfindən törədilməsinə baxmayaraq, biz bu cür halları, müqəddəs dini kitabların yandırılmasını, təhqir edilməsini qətiyyətlə pisləməliyik. Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqun vacibliyini böyüyən uşaqlarımıza ailədən, məktəbdən başlayaraq öyrətməliyik. Unutmamalıyıq ki, dözümsüzlük qarşıdurma, münaqişə və ağır fəsadlar doğurur. Dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanın nələrə səbəb olduğunu görməyimiz üçün dünyada bir çox örnəklər var və biz onlardan dərs almalıyıq.

Mənim ölkəm - Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə islam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. Bir neçə gün bundan əvvəl Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gəlmiş 500-ə yaxın din xadimi, siyasətçi, mətbuat və QHT nümayəndələri, elm xadimlərinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Burada mədəniyyətlərarası dialoqa önəmli töhfə verəcək müzakirələr aparıldı, qərarlar qəbul edildi. Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir. Keçən il ölkəmizdə dünya dini liderlərinin Bakı sammiti keçirilib. 2009-cu ildə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və həm də Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilib. 2008-ci ildə bütün qitələri əhatə edən beynəlxalq qadın konfransı keçirilib və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilib.

Bütün bunlar mənim ölkəmin bütün dinlərə və mədəniyyətlərə yüksək ehtiram bəsləməsindən xəbər verir və dövlətimiz bu istiqamətdəki fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir.

Dinlərarası və mədəniyyətlərarası dialoq məsələsinə toxunan deputat Rafael Hüseynov çıxışının əvvəlində Qərb Qərb, Şərq isə Şərq olsa da, bu qənaətin dəyişilməsi arzusunu ifadə edərək demişdir: Şərq və Qərb bir-birilərinə daha da, yaxınlaşmalıdır, əl-ələ verməlidir, bir-birilərində daim daha çox ortaq məqamlar tapmağa can atmalıdır. Elə mədəniyyətlər və dinlərarası dialoqa ardıcıl çağırışlar da bu niyyətdən doğur.

"Qərb" və "Şərq" sözləri həm Şərq, həm Qərb dillərində həmahəng, həmqafiyədir. Demək, bu iki qütbün bir-birinə uyğunlaşma, yaxınlaşma, doğmalaşma zəruriyyəti hətta onları nişan verən sözlərdən, bünövrədən başlanır. Dialoqdan danışıb dialoqun əleyhinə iş görmək, dialoqun aparıldığı meydanın özüllərini uçurmağa çalışmaq yolverilməzdir. Deməli, bu gün dialoqa xələl gətirən hallara qarşı müştərək mübarizədəki qətiyyət bəlkə dialoqun müxtəlif aspektlərinin təşkilindən də vacibdir. Böyük dinlər yalnız inanc sistemləri deyil, həm də tarixin sınaqlarından çıxmış əxlaqi dəyərlər toplusu, ümumbəşəri məna daşıyan mənəvi dəyərlər kompleksidir. Əslində, elə mədəniyyətlər də mahiyyətcə müvafiq dinlərin övladlarıdır. Tarixən dinlər fərqli mədəniyyətlərin yaxınlaşmasına da öz böyük töhfələrini vermişdir.

İndi - təbii və siyasi kataklizmlərin tüğyan etdiyi gərgin dövrlərdə dinlərin də, mədəniyyətlərin də rolu əvvəlki zamanlardan daha artıqdır. Bu isə məsuliyyət deməkdir - dinin və mədəniyyətin məsuliyyəti, din və mədəniyyət xadimlərinin məsuliyyəti. Dinlər və mədəniyyətlər mürəkkəb siyasətlərin yandırdığı şər ocaqlarını söndürə biləcəkmi? Biz haçansa "Şərq Şərqdir, Qərb də Qərbdir" əvəzinə, inamla "Şərq Qərbdir, Qərb Şərqdir" deyə biləcəyikmi?

Bugünkü müzakirəyə bənzəyən dialoqlar davamlı olsa, həm də yalnız söz olaraq qalmasa, həyatda da uğurla reallaşa bilsə, cavab müsbət olacaq: "Bəli!".

Müzakirələrdə iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva demişdir: "Muasir dövrdə terrorun artmasına qörə çox vaxt islama və müsəlmanlara qarşı mənfi münasibətlə qarşılaşırıq. Müəyyən insanların hərəkətlərinə qörə dinə qarşı münasıbət dəyişir. Unutmayaq ki, islam - terror deyil və müsəlmanlar terrorçu deyillər.

Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardır. Ölkəmizdə müsəlman olmayan, başqa dinə mənsub olan xalqların nümayəndələri də yaşayırlar. Dini ayrı-seçkiliyə yol verilmir. Bir kimsə dini baxışına görə təqib edilmir. Müxtəlif dinlərin nümayəndələri azərbaycanlılarla sülh və dostluq şəraitində yaşayırlar. Hətta baxmayaraq ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, hazırda ölkəmizdə minlərlə erməni yaşayır.

Bir neçə gün öncə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdi. Forumda maraqlı fikir mübadiləsi aparılmışdı. Bu isə özlüyündə Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa necə önəm verdiyinə əyani sübutdur.

Biz diqqətdə saxlayaq ki, mədəniyyətlərarası dialoq hər dinə, millətə, mədəniyyətə və tarixə qarşı hörmət və tolerantlıq əsasında qurulur.

Əgər biz mövcud münaqişələri dayandırmaq və qələcəkdə əmələ gələnlərin qarşısını almaq istəyiriksə, özümüz öyrənməklə yanaşı, gələcək nəslə digər millətlərə və din nümayəndələrinə hörmətlə yanaşmağı, onları eşidib və dinləmək, qiymət vermək, dunyanı təkçə öz gözü ilə deyil, başqasının gözü ilə də görmək bacarığı öyrətməliyik".

Digər deputatımız Sahibə Qafarova bildirmişdir ki, Şərqlə Qərbin qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan dünya mədəniyyətlərarası dialoqa öz töhfələrini verməkdədir. Bu günə qədər Azərbaycan dövlətinin təşəbbüsü və təşkilatçılığı ilə mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı bir çox mühüm tədbirlər keçirilmiş və keçirilməkdədir. Aprelin 7-9-da Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha göstərdi ki, Azərbaycan belə forumlar təşkil etməklə xalqları bir-birinə yaxınlaşdırmağa və sülhün qorunub saxlanmasına səy göstərir.

Mədəniyyətlərarası dialoqdan danışarkən müxtəlif amillər, o cümlədən dinin rolu mütləq şəkildə qeyd edilməlidir. Doğrudur, bu gün bəzi qüvvələr müxtəlif məkrli niyyətlərini həyata keçirmək üçün dünya dinləri arasında mövcud fərqlərə əsaslanan "sivilizasiyaların toqquşması" kimi təxribat ideyalar irəli sürür, bəzi separatçı qruplar isə öz çirkin fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə bir çox hallarda dini amillərdən istifadə etməyə başlamışlar.

Bu gün mədəniyyətlərarası və dinlərarası dialoqdan danışan hər kəs belə hallara qarşı barışmaz mübarizə aparmalıdır.

Azərbaycanda bu gün müxtəlif dini icmalar mövcuddur. Azlıq təşkil edən bu qurumlar dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunmuşdur və onların dini məbədləri etibarlı şəkildə qorunur. Roma papası ll İhonn Pavel 2002-ci ildə Azərbaycana tarixi səfəri zamanı ölkəmizdə dinlərə qarşı tolerantlığı yüksək qiymətləndirmiş və digər dövlətlərə nümunə göstərmişdir.

Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin yaşaması heç də xalqlar arasında qarşıdurma yaratmır, əksinə, bundan istifadə etməklə biz mədəni dəyərlərimizi daha da zənginləşdiririk. Azərbaycanda bu gün müxtəlif dinlərə qarşı mövcud dözümlülük Avropa Şurasının bir çöx üzv ölkələrinə nümunə ola bilər.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2011.- 14 aprel.- S. 3.