Yunanıstan Prezidentinin Azərbaycana
rəsmi səfəri iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin
genişlənməsinə təkan verəcək
Bu səfər həmçinin
ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin
inkişafı baxımından faydalıdır
Azərbaycan son bir neçə
ildə sürətlə Avropaya inteqrasiya olunur. Bu
yaxınlaşma həm siyasi, həm də iqtisadi sahədə
uğurla həyata keçirilir. Artıq Azərbaycan Avropa
üçün mühüm tərəfdaş ölkəyə
çevrilib. Bunun başlıca səbəbi Avropanın enerji
təhlükəsizliyində ölkəmizin
oynadığı rolla bağlıdır. Hazırda Avropa Azərbaycanı
özünün enerji təhlükəsizliyində qarant
ölkə kimi görür. Bunu cari ilin əvvəlində
Avropa İttifaqı ilə Azərbaycan arasında
imzalanmış memorandum və bəyannamə də sübut
edir.
Yunanıstan Azərbaycan-Avropa
əlaqələrinin inkişafında, eləcə də ikitərəfli
siyasi-iqtisadi münasibətlərdə mühüm əhəmiyyət
daşıyan ölkələrdən biridir. İki ölkə
qarşılıqlı maraq doğuran sahələrdə
uğurla əməkdaşlıq edir. Yunanıstan Prezidenti
Karolos Papulyasın ölkəmizə rəsmi səfəri
çərçivəsində bağlanan müqavilələr
iki ölkə arasında əlaqələrin daha sürətlə
inkişaf etməsinə təkan verəcək. İmzalanan
müqavilələr enerji resurslarından istifadə, ətraf
mühitin mühafizəsi, dəniz nəqliyyatı, elm, təhsil
və mədəniyyət sahələrini əhatə edir.
Lakin Azərbaycanla
Yunanıstan arasında əlaqələr imzalanan müqavilələrlə
məhdudlaşmır. Prezident İlham Əliyev və Prezident
Karolos Papulyasın iştirakı ilə keçirilən IV Azərbaycan-Yunanıstan
biznes forumunda bu əməkdaşlığın geniş
iqtisadi perspektivləri müzakirə olunmuşdur. Tədbirdə
çıxış edən Prezident İlham Əliyev
demişdir: "Biz Yunanıstan şirkətlərini Azərbaycana
dəvət edirik və şadam ki, onlar bizim dəvətimizi
qəbul ediblər. Azərbaycanda iş görmək
üçün yaxşı şərait var, çox
yaxşı investisiya mühiti var, xarici sərmayələr
dövlət tərəfindən lazımınca qorunur.
Adambaşına düşən birbaşa xarici sərmayələrin
həcminə görə Azərbaycan postsovet məkanında,
həmişə olduğu kimi, ön sıradadır. Bizdə
investorlar üçün yaradılmış şəraitdən
xarici və yerli iş adamları bəhrələnirlər. Təkcə
keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə
qoyulmuşdur. Bunun 54 faizi daxili, 46 faizi isə xarici sərmayədir".
Yunanıstan Azərbaycanın
təbii qaz ixrac etdiyi Avropa ölkələrindən biridir.
2007-ci ildən Azərbaycan bu ölkəyə mavi yanacaq ixrac
edir. Enerji resursları nəqli sahəsində əlaqələri
genişləndirmək və bu ölkəyə birbaşa təbii
qaz ixrac etmək üçün sözügedən səfər
çərçivəsində yeni müqavilə
imzalanmışdır. Müqaviləyə əsasən
ölkəmiz Yunanıstana qaz ixracını artırmaqla
yanaşı, eyni zamanda, bu ölkənin tranzit imkanlarından
istifadə etməklə Avropa bazarına
çıxış əldə edəcək. Yeni
razılaşma hər iki ölkənin iqtisadi əlaqələrini
gücləndirməklə bərabər, onlara əlavə mənfəət
də gətirəcək.
Azərbaycan kənd təsərrüfatı
sahəsində də Yunanıstanla əməkdaşlıqda
maraqlıdır. Yunanıstanın aqrar sahədə zəngin
təcrübəsi var. Bu ölkə kənd təsərrüfatı
və emal sənayesində müasir texnologiyalardan istifadə
etməklə yüksək məhsuldarlığa nail olur.
Ölkəmiz də ərzaq təhlükəsizliyini daxili
resurslar hesabına təmin etmək üçün aqrar sektorun
inkişafına xüsusi önəm verir. Bu səbəbdən
aqrar sektorda əməkdaşlıq ölkəmiz
üçün çox vacibdir.
Azərbaycanın yaxın
bir neçə on illiklərə çatacaq enerji
resursları var. Amma təbii enerji resursları tükənməz
deyil. Bununla əlaqədar Prezident İlham Əliyev uzaqgörənliklə
ölkədə bərpa olunan enerji növlərinin
yaradılması üçün xüsusi sərəncam
imzalayıb. Artıq bu sahədə ilk addımlar atılaraq
müəyyən işlər də görülüb.
Yunanıstan isə bərpa olunan enerjidən istifadə sahəsində
böyük təcrübəyə malikdir. Biznes forumda qeyd
edildi ki, ölkəmiz bu sahədə Yunanıstanla əməkdaşlıqda
maraqlıdır və bu əməkdaşlıq hər iki tərəf
üçün faydalı ola bilər.
Biznes forumdakı çıxışında Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan xarici ölkələrə sərmayə qoyarkən həmin dövlətlərlə olan dostluq və siyasi əlaqələrə xüsusi önəm verir. Yunanıstan Azərbaycanla dost ölkə olduğu üçün bizim şirkətlərimiz bu ölkənin iqtisadiyyatına sərmayə qoymağa başlamışdır. İki ölkə başçılarının qarşılıqlı səfərləri və dostluq münasibətləri iş adamlarının sərmayə qoyuluşuna yaxşı şərait yaradır. Biznes forumda çıxış edən Yunanıstan Prezidenti Karolos Papulyas bu barədə belə demişdir: "Hesab edirəm ki, ikitərəfli iqtisadi və ticari münasibətlər baxımından görüləsi işlər çoxdur. Biz çalışmalıyıq ki, bu əlaqələri daha da gücləndirək. Xüsusən də, Yunanıstan iqtisadiyyatının ixraca işləyən sektorlarının, yəni, ərzaq məhsullarının, tikinti materiallarının, kosmetika və əczaçılıq məhsullarının ixracını daha da təşviq etməklə əməkdaşlığımızı quraq".
Yunanıstan Prezidentinin çıxışından aydın görünür ki, bu ölkə Azərbaycanla hərtərəfli iqtisadi əlaqələr qurmaqda maraqlıdır. Biznes forumda Yunanıstanın müxtəlif sahələri əhatə edən tanınmış 21 şirkətinin iştirakı da göstərir ki, bu ölkə Azərbaycanla qarşılıqlı faydalı əlaqələr qurmağa çalışır.
Yunanıstan tərəfinin ilk növbədə ölkəmizlə enerji sektorunda əməkdaşlığı genişləndirmək istəyini Prezident Karolos Populyas da çıxışında açıq şəkildə qeyd etmişdir. Onun sözlərinə görə, Yunanıstan Azərbaycan qazının idxalından əlavə, birgə neftayırma zavodlarının tikintisinə də maraq göstərir. Azərbaycan tərəfi də bu sahədə maraqlıdır. Xam nefti Avropada emal edib hazır məhsul kimi Avropa bazarında satmaq ölkəmiz üçün daha sərfəlidir.
Yunan iş adamları ölkəmizlə ərzaq sənayesi, tikinti materialları sahələrində də birgə əməkdaşlığa hazırdırlar. Sözsüz ki, hər bir iqtisadi əməkdaşlıq qarşılıqlı olmalıdır. Buna görə də Azərbaycan və yunan iş adamları qarşılıqlı fayda əsasında biznes əlaqələri qurmaq üçün bir sıra niyyət protokolları imzalamışlar. Bunlar isə hər iki ölkə üçün qarşılıqlı investisiya yatırımları tələb edir. Sözsüz ki, hər iki tərəf maliyyə və investisiya qoyuluşu sahəsində də əməkdaşlıq etmək üçün birgə səy göstərəcəklər. Qarşılıqlı əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Nəticədə hər iki ölkə bu əməkdaşlıqdan qarşılıqlı şəkildə faydalanacaq.
Bir sözlə, Yunanıstan Prezidenti Karolos Papulyasın ölkəmizə rəsmi səfəri Azərbaycan-Yunanıstan siyasi-iqtisadi əlaqələrində yeni bir səhifə açacaq. Bu səfər həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına da təkan verəcək.
R.KAMAL
Azərbaycan.- 2011.-14 aprel.- S. 3.