Ətraf mühitin mühafizəsi
ilə bağlı jurnalistlər üçün müsabiqə
elan edilmişdir
5 iyun - Ümumdünya Ətraf Mühit Günü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək" layihəsi üzrə yazı müsabiqəsi elan etmişlər.
Aprelin 13-də ETSN-də bununla bağlı keçirilən mətbuat konfransında ekologoya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdir ki, hazırda ətraf mühitin qorunması, ekoloji problemlərin həlli dünyada çox aktual bir mövzudur. Azərbaycanda bu sahədə xeyli işlər görülmüşdür. Ekologiyanın qorunması cəmiyyətin ətraf mühitə münasibətindən çox asılıdır. Bunun üçün də insanların maarifləndirilməsi çox vacibdir. Belə ki, ekoloji problemlərin 70 faizi həyat tərzi, ənənələrlə bağlıdır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov ətraf mühitin qorunmasında, insanların maarifləndirilməsində media nümayəndələrinin rolundan danışmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli məlumat vermişdir ki, müsabiqənin məqsədi ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılmasının təbliği və əhalinin maarifləndirilməsidir. Müsabiqənin 5 istiqamət üzrə və hər istiqamət üzrə 3 mövzu olmaqla keçirilməsi nəzərdə tutulmuşdur. Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər və yalnız bir mövzu ilə qatıla bilərlər.
Təqdim olunan mövzular oxucu üçün maarifləndirici, jurnalist araşdırması, əsaslandırma və obyektiv olmalıdır.
Yazılar və telesüjetlər aprelin 15-dən mayın 27-dək təqdim olunmalıdır.
Qaliblərə pul mükafatı və diplomlar təqdim olunacaqdır.
AzərTAc
Azərbaycan.- 2011.- 14 aprel.- S. 5.