Qara Dəniz Ticarət və
İnkişaf Bankının nümayəndələri azərbaycanlı
iş adamları ilə görüşmüşlər
Aprelin 13-də Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Andrey Kondakovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə yerli sahibkarlarla işgüzar görüş keçirilmişdir.
Tədbirdə İİN-in, Qara Dəniz Ticarət və İnkişaf Bankının nümayəndələri, eləcə də Azərbaycanda bank, maliyyə və konsaltinq sahəsində fəaliyyət göstərən iş adamları iştirak etmişlər.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, məqsəd beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı daha da inkişaf etdirmək, eləcə də Azərbaycan sahibkarlarının investisiya layihələri ilə yaxından tanış olmaq və banka təklif ediləcək layihələrin maliyyələşdirilməsi imkanları ilə bağlı müzakirələr aparmaqdır.
İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycanın beynəlxalq maliyyə institutları ilə, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycanın Qara Dəniz Ticarət və İnkişaf Bankının nizamnamə kapitalındakı payı 5 faiz təşkil edir. Bank Azərbaycan iqtisadiyyatının özəl sektorunda fəal iştirak edən beynəlxalq maliyyə institutlarındandır və bu günədək ölkəmizdə bir sıra layihələri maliyyələşdirmişdir. Beynəlxalq maliyyə institutları ilə sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsinin əlaqələrin genişləndirilməsi və özəl sektorda yeni layihələrin reallaşması baxımından əhəmiyyətli olduğunu vurğulayan Samir Vəliyev, iş adamlarını bankla işgüzar əlaqələrdə fəal iştiraka dəvət etmişdir.
Andrey Kondakov təmsil etdiyi qurumun dinamik inkişaf edən Azərbaycanda həyata keçirilən layihələrdə iştirakından məmnunluğunu ifadə etmiş, bankın fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes və investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev təmsil etdiyi qurumun fəaliyyəti və qeyri-neft sektorunda həyata keçirilən layihələr barədə təqdimatlarla çıxış etmişlər.
İşgüzar görüşdə bankın nümayəndələri tərəfindən QDTİB-in digər beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı, bankın Azərbaycan şirkətlərinə təqdim etdiyi maliyyə xidmətləri ilə bağlı təqdimatlar da keçirilmişdir.
Tədbir çərçivəsində Azərbaycan haqqında film nümayiş olunmuşdur.
Tədbir
yerli sahibkarlarla Qara Dəniz Ticarət və İnkişaf
Bankının nümayəndələri arasında ikitərəfli
görüşlərlə davam etmişdir.
Azərbaycan.- 2011.- 14 aprel.- S. 5.