AzərTAc-ın Kiyevdəki xüsusi müxbirinin "Azərbaycan. XX əsr. Soyqırımı" məqaləsi Ukrayna portalında dərc edilmişdir

 

AzərTAc-ın Ukraynadakı xüsusi müxbirinin "Azərbaycan. XX əsr. Soyqırımı" adlı məqaləsi Ukraynadakı "Strategiya" siyasi təhlil mərkəzinin "Xvılya" ("Dalğa", http://hvlyya.org) portalında dərc edilmişdir.

Materialda vurğulanır ki, Azərbaycan tarixinin bir sıra faktları uzun illər boyu ictimaiyyətdən gizlədilmiş və siyasi konyunktur nəzərə alınmaqla müəyyən rakursda şərh edilmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra isə tarixin müəyyən dövrlərini obyektiv təhlil etmək imkanı yaranmışdır, çünki əvvəllər məxfi saxlanılan faktların çoxu indi əlyetərli olmuşdur. Bu faktlar sübut edir ki, Azərbaycan xalqı dəfələrlə soyqırımına məruz qalmışdır.

Məqalə müəllifi tarixə nəzər salaraq qeyd edir ki, 1813-cü və 1828-ci illərdə imzalanmış məlum müqavilələr Azərbaycan xalqının tarixinə faciəli təsir göstərmişdir. Bu sənədlər Azərbaycan millətini və onun tarixi torpaqlarını parçalamaqla bərabər, həm də Azərbaycan ərazilərinə ermənilərin kütləvi köçürülməsi nəticəsində bu torpaqların planlaşdırılmış şəkildə işğalının əsasını qoymuşdur.

Materialda daha sonra vurğulanır ki, Azərbaycana köçürülmüş ermənilərin sayı artdıqca bu gəlmələr həmin torpaqlara öz mülkiyyəti kimi iddia etməyə, yerli əhalini hər vasitə ilə sıxışdırmağa başlamışlar. Nəticədə regionda kəskin ziddiyyətlər yaranmışdır. Rus çarizminin bu siyasəti ucbatından həmin ziddiyyətlər dəfələrlə ermənilərin özünün təhrik etdiyi silahlı münaqişələrə gətirib çıxarmışdır. Ukrayna nəşri 1905-1907-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar keçirilməsi ilə bağlı statistik məlumatları da təqdim edir. Göstərilir ki, Bakıda başlanmış bu aksiyalar tədricən bütün Azərbaycanı, o cümlədən indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini də bürümüşdür. Yüzlərlə kənd darmadağın edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə öldürülmüşdür. Bütün bunlara rəğmən, həmin hadisələrin təşkilatçıları azərbaycanlıların neqativ obrazını yaradır, həmin cinayətlərin açılmasına hər vasitə ilə mane olurdular.

Ermənilər özlərinin növbəti planını həyata keçirmək üçün Birinci dünya müharibəsindən, Rusiyada fevral və oktyabr çevrilişlərindən və bu hadisələri müşayiət edən ümumi hərc-mərclikdən, habelə siyasi qarmaqarışıqlıqdan istifadə edirdilər. 1918-ci ilin mart ayında Stepan Şaumyanın rəhbərliyi ilə Bakıda hakimiyyəti ələ keçirmiş daşnaklar Azərbaycan xalqına qarşı soyqırımı törətmiş, nəticədə həmin ilin mart və aprel aylarında Bakıda, Şamaxıda və Azərbaycanın digər bölgələrində heç bir günahı olmayan dinc sakinlər qətlə yetirilmişdir.

Hər kəsi hiddətləndirən kütləvi qətllər, repressiyalar, azərbaycanlıların öz doğma yerlərindən qovulması faktları XX əsrdə dünya tarixinin ən faciəli səhifələrindən biri sayıla bilər. Azərbaycan xalqının tarixinin bu qanlı mərhələlərində "Dənizdən dənizə Böyük Ermənistan" yaratmaq barədə sərsəm ideyanı gerçəkləşdirmək üçün ən iyrənc vasitələrdən istifadə etməkdən çəkinməyən erməni şovinizminin izləri görünür.

Məqalədə daha sonra göstərilir ki, həmin illərdə baş vermiş faciəli hadisələrə ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanda siyasi-hüquqi qiymət verilmişdir. Həmin fərmana əsasən, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

 

 

Azərbaycan.- 2011.- 14 aprel.- S. 6.