Vətən tarixinin təəssübkeşi
Azərbaycan müstəqilliyin kəşməkəşli yolları ilə irəlilədikcə, qədim dövlətçilik ənənələrimizin, siyasi varlıq tariximizin araşdırılmasına ehtiyac da durmadan artır. Etiraf edək ki, tarixçi alimlərimiz bu yolda hələ çox iş görməlidirlər, lap çox! Çünki yaxın keçmişdən - totalitarizm dövründən bizə yurdumuzun tarixi keçmişinin bütün dövrlərini hərtərəfli və dərindən əks etdirən zəngin tarixi tədqiqatlar xəzinəsi deyil, başlıca olaraq V.İ.Leninin sosializm qurmaq planının "təntənəsini" nümayiş etdirən mərkəzin göstərişi əsasında xüsusi qəliblər vasitəsiylə ştamplama üsulu ilə nəşr olunmuş tonlarla kitab anbarları miras qalmışdır.
Müstəmləkə əsarəti altında olan millətlərin və xalqların qədim və zəngin tarixi keçmişlərinin unutdurulması, qəsdən saxtalaşdırılması və təhrif olunması, bu xalqlara dostun düşmən, düşmənin isə dost kimi təqdim edilməsi dövlət siyasəti olduğu zamanlar, nə yaxşı ki rəsmi mükafat və təltiflər, yüksək vəzifələr və təriflər dalınca qaçmayıb, təqiblərdən qorxmayıb, ömrünü doğma xalqın həqiqi tarixini, əsl keçmişini araşdırmağa həsr edənlər də tapılırdı. Belələrindən biri də indi ömrünün 85-ci baharını yaşayan Oqtay Əfəndiyev idi.
O.Əfəndiyev ilk təhsilini Bakı şəhərində almış, atasının yolunu seçərək 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Lakin o, burada cəmi bir il təhsil almış, sonrakı təhsilini Moskva Şərqşünaslıq İnstitutunda davam etdirmiş, bu mötəbər elm ocağındakı təhsilini uğurla başa çatdırmışdır. O.Əfəndiyev hələ tələbə ikən Azərbaycanın zəngin qədim və orta əsrlər tarixinə böyük maraq göstərmiş, Şərq və Avropa dillərində olan əski qaynaqları diqqətlə öyrənməyə başlamışdı. Həyatını elmi fəaliyyətlə bağlamaq istəyi 1951-ci ildə onu Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasına gətirdi. Aspiranturaya daxil olmuş O.Əfəndiyev tezliklə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna ezam olundu. Aspiranturada təhsil aldığı müddət ərzində Oqtay Əfəndiyevin başlıca araşdırma obyekti Şərqin (o cümlədən Azərbaycanın) feodal dövlətləri və dövlət birliklərinin təşəkkülü, inkişafı, tənəzzülü və süqutu problemləri ilə bağlı olmuşdur. Səfəvilər dövlətinin (1501-1736-cı illər) tarixi gənc alimin diqqətini daha çox cəlb edirdi. O.Əfəndiyev müxtəlif dillərdə olan qaynaqlar, ilk dəfə aşkara çıxarılmış nadir əlyazmalar üzərində gərgin axtarışları nəticəsində Səfəvilər dövləti haqqında bənzərsiz bir dissertasiya işini yazaraq elmi ictimaiyyətin nəzərinə çatdırdı. O.Əfəndiyevin bu əsəri azərbaycançılığa, Azərbaycan dövlətçiliyinə, milli mənafelərə üzvi bağlılığın gözəl, orijinal nümunəsi idi. Oqtay müəllimin həmin əsəri Səfəvilər dövləti tarixinə əski, ənənəvi baxış tərzinin sonunun başlanğıcı hesab oluna bilər. O.Əfəndiyev bu dissertasiyanı 1955-ci ildə Moskvada böyük uğurla müdafiə etdi, təkzibolunmaz elmi dəlillərlə, dövrün ilkin qaynaqlarında olan faktlarla Səfəvilər dövlətinin İrana məxsus olması haqqında uzun müddət tarixşünaslıqda, şərqşünaslıqda hökm sürmüş müddəanın əsassızlığını sübut etdi, bu dövlətin yaranmasında və inkişafında Azərbaycan xalqının həlledici rolunu müəyyənləşdirdi.
Bütün tədqiqatçı ömrünü Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu ilə bağlayan və hazırda bu elmi araşdırma ocağında "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinə rəhbərlik edən tarix elmləri doktoru, professor O.Əfəndiyev ölkəmizin görkəmli ortaəsrşünaslarından biridir, sanballı əsərlərinə və elmi nəticələrinə görə dünya elmində seçilən-sayılan səfəvişünasdır.
Oqtay Əfəndiyevin Azərbaycanın tarix elminə, bu gün ayaq tutub yeriməyə başlayan dirçəlişimizə ən böyük töhfəsi onun Səfəvi tarixinə dair araşdırmalarıdır. Orta əsrlərin bu qüdrətli feodal imperiyasının əsl tarixinin nadir əlyazmaları, təkzibolunmaz tarixi sənədlər əsasında üzə çıxarılması və onun doğma xalqa - Azərbaycan xalqına qaytarılması O.Əfəndiyevin yaradıcılığının mayasını təşkil edir. Zənnimizcə, ortaəsrşünas həmkarımın on illər boyunca çəkdiyi ağır zəhmətin, onun "doğma" və yad meydanlarda qeyri-bərabər çarpışmalarının, Vətən və milli qeyrət ruhunun məhsulu olan bu elmi nəticə totalitarizm dövrünün ən yüksək rəsmi mükafatlarından, təltiflərindən daha qiymətli nailiyyətdir.
Görkəmli tarixçi alimimiz O.Əfəndiyev geniş oxucu kütləsinə, Azərbaycanın və yaxın-uzaq ölkələrin tarixçi alimlərinə, hər şeydən əvvəl, iki qiymətli monoqrafiyası ilə tanışdır - "XVI əsrin əvvəlində Azərbaycan Səfəvi dövlətinin meydana gəlməsi" və "XVI əsrdə Azərbaycan Səfəvi dövləti". Müəllifin birinci kitabı 1961-ci ildə nəşr olunmuşdur. O vaxtlar - müstəqillik tariximizin, qüdrətli tarixi keçmişə malik olmağımızın dilə gətirilməsi yasaq olduğu bir zamanda O.Əfəndiyevin pantürkizm vahiməsindən qorxmayaraq ilk dəfə Azərbaycanda Səfəvi tarixinə ayrıca bir monoqrafiya həsr etməsi, həm də sovet, İran, eləcə də bir çox xarici ölkə tarixçilərinin ümumi axınına qarşı gedərək tarixi həqiqəti üzə çıxarması və bu dövləti Azərbaycan dövləti kimi təqdim etməsi böyük cəsarət idi. O.Əfəndiyevin bu əsərinin o vaxtlar milli ruhlu ziyalılar və geniş oxucu kütləsi tərəfindən necə rəğbətlə qarşılandığı yaxşı yadımdadır. Bundan 20 il sonra - 1981-ci ildə tarixşünaslığımıza Səfəvi dövlətinin bütün 16-cı yüzillik tarixini işıqlandıran daha bir sanballı monoqrafiya bəxş etməklə, O.Əfəndiyev tarix elmimizdə Səfəvi dövlətinin yerini Azərbaycan dövləti kimi daha da möhkəmləndirdi. Etiraf etmək lazımdır ki, müəllifin bu iki monoqrafiyası ötən onilliklər ərzində Azərbaycan tarixşünaslığının ən mühüm nailiyyətlərindən biridir.
85 illik gərgin tədqiqatçı ömrü yaşamış professor O.Əfəndiyevin tarix elmimiz qarşısında ən mühüm xidmətlərindən biri onun Səfəvi dövlətini məhz Azərbaycan dövləti kimi qəbul etdirmək üçün geniş meydanda, necə deyərlər, külüng vurmasıdır. 1950-ci ildə Moskvada Şərqşünaslıq İnstitutunu bitirən, elə orada da aspiranturada saxlanan O.Əfəndiyev məşhur şərqşünas-iranşünas B.N.Zaxoderin məktəbini bitirmiş, onun rəhbərliyi ilə "XVI əsrin əvvəlində Səfəvi dövlətinin meydana gəlməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1960-cı ildən başlayraq, ardıcıl şəkildə SSRİ EA Şərqşünaslıq İnstitutunun "Qısa xəbərləri", "Yaxın və Orta Şərq toplusu", "Bartold oxucunun materialları", "Sovetskoe vostokovedenie" kimi mərkəzi nəşrlərdə çap etdirdiyi elmi məqalələrində Səfəvi dövlətinin Azərbaycan mənşəyinə həsr olunmuş qiymətli məqalələrlə çıxış etmişdir. Bu sıradan O.Əfəndiyevin 12 cildlik "SSRİ tarixi" və "Sovet Tarix Ensiklopediyası"nın müəlliflərindən biri olmasını, bu sanballı nəşrlərdə Azərbaycan ortaəsrşünaslığının mənafeyini müdafiə etməsini xüsusi qeyd etmək lazımdır. Müəllif Səfəvi dövlətinin Azərbaycan dövləti olması barədə tarixi həqiqəti dünya elminə qəbul etdirmək üçün Moskva, Leninqrad, Ankara, İstanbul, Paris, Strasburq, Alma-Ata, Tbilisi, Kabul və başqa tanınmış elm mərkəzlərində, həmçinin Amerikada, İngiltərədə, Yaponiyada və başqa ölkələrdə nəşr olunmuş jurnallarda, toplularda, keçirilmiş simpoziumlarda öz yazıları və çıxışları ilə dünya səfəvişünaslığının ayrı-ayrı problemlərinin müzakirələri zamanı elmi həqiqəti üzə çıxarmış Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir. Alimin məşhur şərqşünaslar İ.P.Petruşevski və V.F.Minorski ilə elmi əlaqələri, yazışmaları da Azərbaycanın tarix elminə az xeyir verməmişdir.
Azərbaycan tarix elminin orta əsrlər dövrü, xüsusilə, vətən səfəvişünaslığı professor O.Əfəndiyevin adı ilə qırılmaz surətdə bağlıdır. 1957-ci ildə - Azərbaycan EA Tarix İnstitutunun "Əsərləri"ndə "I Şah İsmayılın daxili və xarici siyasətinin bəzi məsələlərinə dair" adlı ilk məqaləsi çapdan çıxandan bu günədək O.Əfəndiyev şərqşünaslığımızın inkişafı üçün çox iş görmüşdür. Müəllifin çoxcildlik "Azərbaycan tarixi" və Azərbaycan ensiklopediyası materiallarının, XV-XVII əsrlərə aid Azərbaycan tarixi xəritələrinin hazırlanmasındakı mühüm əməyini ayrıca qeyd etmək lazımdır.
O.Əfəndiyev namizədlik dissertasiyasını uğurla müdafiə etdikdən sonra taleyini Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu ilə bağlamış, bu elm ocağında kiçik elmi işçidən şöbə müdiri vəzifəsinədək ucalmışdır. O, doktorluq dissertasiyasını 1969-cu ildə müdafiə etmiş, Azərbaycan Səfəvilər dövləti tarixinin mühüm problemlərinin daha dərindən araşdırılması faktını ortaya qoymuşdur. Keçən əsrin 70-ci illərindən indiyə qədər Azərbaycan MEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinə rəhbərlik edən O.Əfəndiyevin milli ruhlu tarixçi kadrların yetişməsində həlledici rolu vardır. Respublikada Azərbaycan tarixinin orta çağlarının tədqiqi ilə məşğul olan alimlərin əksəriyyəti Oqtay müəllimin xeyirxah münasibətini görmüş, onun zəngin elmi təcrübəsindən faydalanmışdır.
Bütün bu müddət ərzində O.Əfəndiyev Azərbaycan dövlətinin orta əsr qüdrətini bugünkü nəsillərə çatdırmaq və öz elmi prinsiplərini sübuta yetirmək üçün Azərbaycanın və İranın tarixinə dair onlarla yeni əlyazmaları, ilk mənbələr aşkar etmiş və onları geniş oxucu və tədqiqatçıların ixtiyarına vermişdir.
Fəzlullah ibn Ruzbihan Xuncinin "Tarixi-aləmarayi Əmini" əsərinin 1987-ci ildə Azərbaycan tədqiqatçılarının, oxucularının ixtiyarına verilməsində O.Əfəndiyevin böyük rolu olmuşdur. Sultan Yaqub Ağqoyunlunun (1478-1490) hakimiyyəti tarixi üzrə nadir mənbə olan bu əsərdə Şirvanda, Qarabağda, Cənubi Azərbaycanda baş vermiş tarixi hadisələr haqqında mühüm məlumatlar vardır. O.Əfəndiyev 1988-ci ildə A.Fərzəliyevlə birgə mənşəcə azərbaycanlı olan Oruc bəy Bayatın mənbə səciyyəsi daşıyan əsərini ingilis dilindən ruscaya tərcümə etmiş, onu kitab şəklində elmi ictimaiyyətə təqdim etmişlər. 2005-ci ildə O.Əfəndiyev "Venesiyalılar Şah I Təhmasibin sarayında" adlı daha bir kitab nəşr etdirmişdir. Bu kitabda XVI əsrdə Azərbaycanda olmuş italyan səyyahları M.Membrenin və V.Alessandrinin vətənimizlə bağlı olan məlumatları araşdırıcıların, oxucuların nəzərinə çatdırılır.
Vətənimizin, qonşu ölkələrin və bir sıra digər Yaxın və Orta Şərq ölkələrinin tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyan görkəmli tarixçi İsgəndər bəy Münşinin (1560-1634) "Tarix-i aləmara-yi Abbasi" ("Dünyanı bəzəyən Abbas tarixi") əsərinin I cildini gənc tədqiqatçı N.Musalı ilə birgə farscadan Azərbaycan dilinə tərcümə etmişdir. Tarixi araşdırmalar üçün dəyərli qaynaq olan həmin əsərin I cildi (792 s.) 2009-cu ildə Bakıda nəşr olunmuşdur.
O.Əfəndiyev AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən hazırlanaraq nəşr olunmuş 7 cildlik "Azərbaycan tarixi"nin baş redaksiya şurasının üzvü, həmin nəşrin II cildinin redaksiya heyətinin üzvü, III cildinin isə məsul redaktorudur. O, 1993-cü və 1995-ci illərdə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən nəşr olunmuş "Azərbaycan tarixi" (qədim zamanlardan XX əsrin əvvəllərinə qədər) adlı kollektiv əsərlərin əsas müəlliflərindəndir.
O.Əfəndiyev Azərbaycan tarixinə dair xəritələrin tərtib olunması işinə xüsusi əhəmiyyət verir. O, 1987-ci ildə nəşr olunmuş "Azərbaycan tarixi coğrafiyası" adlı əsərin (rus dilində) əsas müəlliflərindən biridir. 1994-cü ildə "Azərbaycan Ensiklopediyası" nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycan tarixi xəritələri" adlı xəritələr toplusunda O.Əfəndiyevin tərtib etdiyi 3 xəritə də var. Oqtay müəllim yeni əsrin əvvəlində Azərbaycanın tarixi xəritələr toplusunun yenidən tərtib olunması və çapa hazırlanması işində də fəal iştirak etmişdir.
10 cilddən ibarət olan "Azərbaycan Sovet Ensiklopediyası"nda da (1976-1987-ci illərdə nəşr olunmuşdur) O.Əfəndiyevin elmi fəaliyyətinin nəticələri aydın nəzərə çarpır. Bu ensiklopedik nəşrdə mövcud olan, Azərbaycanın XV -XVII yüzilliklər tarixi ilə bağlı məqalələrin əksəriyyətinin müəllifi məhz O.Əfəndiyevdir.
Hazırda Azərbaycanın
XV-XVII əsrlər tarixini araşdıran tədqiqatçıların
sayı artmış, bu sahədə ayrıca alimlər nəsli
yetişmişdir. Onların hər birinin elmi
uğurlarında tarix elmləri doktoru, professor O.Əfəndiyevin
mühüm payı var - elmi rəhbər və opponent kimi,
redaktor və rəyçi kimi, nəhayət, müdafiə
şurasının üzvü kimi, milli ruh və Vətən
təəssübkeşliyi O.Əfəndiyev yaradıcılığı
üçün təsadüfi deyil. O, məşhur
Qori seminariyasını bitirmiş və Göyçayın
ilk maarifçilərindən biri olan Əbdül Əfəndiyevlə
Azərbaycan səhiyyəsinin inkişafında mühüm
xidmətləri olan əməkdar həkim Kübra xanım Əfəndiyevanın
ailəsində dünyaya göz açmışdır. 30-cu
illər repressiyasının qurbanı olmuş
böyük türkoloq B.Çobanzadənin
başçılıq etdiyi "əksinqilabçı-millətçi"
təşkilatın üzvü olan atası - maarifçi Ə.Əfəndiyev
və böyük mütəfəkkirimiz Rəsul Rza (O.Əfəndiyevin
anası Kübra xanım Əfəndiyeva sevimli şairin
bacısı idi - Y.M.) O.Əfəndiyevin
dünyagörüşünün formalaşmasında
mühüm rol oynamışdılar. Əbəs yerə
deyilməmişdir ki, "ot kökü üstə bitər".
O.Əfəndiyev yalnız tədqiqat işi ilə məhdudlaşmamış, Azərbaycan tarixinin tədrisi sahəsində də fəallıq göstərmişdir. O, uzun müddət ərzində Azərbaycan Dövlət Universitetində, ölkənin digər ali məktəblərində yüksək səviyyəli ixtisas kursları aparmış, Azərbaycanın orta əsrlər tarixinə aid maraqlı, dərin məzmunlu mühazirələr oxumuşdur. O.Əfəndiyev dəfələrlə Azərbaycan Dövlət Universitetində və Azərbaycan Pedaqoji Universitetində dövlət imtahan komissiyasına rəhbərlik etmiş, diplom işlərinin müdafiəsində böyük alim olduğunu nümayiş etdirməklə yanaşı, həssas və qayğıkeş, prinsipial insan olduğunu da göstərmişdir. Onun müxtəlif vaxtlarda Türkiyə Cümhuriyyəti universitetlərində Azərbaycan tarixi üzrə oxuduğu mühazirələr də diqqət və maraqla dinlənilmişdir. O.Əfəndiyevin elmi-pedaqoji fəaliyyətinin müəyyən dövrü (keçən əsrin 90-cı illəri) Xəzər Universiteti ilə bağlı olmuşdur. Alim onlarla aspirant və dissertantın elmi rəhbəri olmuş, onların Azərbaycan tarix elminə uğurlu inteqrasiyasını təmin etmişdir.
Ömrünün 85-ci baharını yaşayan Oqtay müəllimin gərgin, çoxcəhətli elmi, pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir çox medallarla, "Şöhrət" ordeni ilə təltif edilmişdir. Zəhmətkeş, prinsipial alim, qayğıkeş və həssas müəllim, gözəl insan nümunəsi olan Oqtay Əbdül oğlu Əfəndiyev Azərbaycan tarix elmində, Vətən tarixşünaslığında və mənbəşünaslığında müstəsna mövqe qazanmış simadır. O, XX yüzilliyin ortalarında Azərbaycan tarix elminin müasir, yeni təkamül mərhələsinə yüksəldilməsində böyük rolu olmuş alimlərimizdəndir.
Hər ilin payızında "1501-ci il" tarixinin Azərbaycan Səfəvilər dövlətinin yaranışı məqamının, Şah İsmayıl Xətainin təvəllüd tarixinin ölkə miqyasında qeyd olunmasına can atan Oqtay müəllim yorulmadan çalışan, əzm və fədakarlıqla fəaliyyət göstərən vətənpərvər alim nümunəsidir.
Mənalı həyatının 85-ci baharını yola salmaqda olan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor O.Əfəndiyev ömrünün müdriklik dövrünü yaşayır. Çoxsaylı tarixçilərimiz, qədirbilən oxucularımız, bir sözlə, vətən ruhlu bütün yurddaşlarımız adından görkəmli alimə cansağlığı və yeni-yeni yaradıcılıq sevincləri arzulayırıq.
Yaqub MAHMUDOV,
əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü
Azərbaycan.- 2011.- 14 aprel.- S. 7.