Naxçıvanda təhsilin ensiklopedik tədqiqi
Yeni nəşrlər
Millətin, hətta
bir bölgənin də tarixdə yaşamasının əbədiliyini
şərtləndirən başlıca amillərdən biri təhsil
və onun inkişaf səviyyəsidir. Bu baxımdan tarix elmləri
doktoru, professor Həmzə Cəfərovun
yaxın günlərdə çapdan çıxmış
"Naxçıvanda təhsil: inkişaf yolu və
imkanları" adlı monoqrafiyası Azərbaycanda təhsil
tarixinin tədqiqində mühüm hadisə hesab edilməlidir.
Kitabın mühüm məziyyətlərindən
biri XIX və XX əsrlərdə Naxçıvanda təhsilin
inkişafına təsir edən amillərin düzgün və
ətraflı şəkildə açılıb göstərilməsidir.
Müəllif çoxsaylı mənbələrə istinad edərək
vurğulayır ki, uzun illər görkəmli
ziyalılarımız Naxçıvanda təhsilin
inkişafına xüsusi əhəmiyyət vermiş, xeyriyyəçilik
fəaliyyəti ilə təhsilin maddi bazasını möhkəmləndirmiş,
məktəblər açmış, xalqın savadlanması
naminə mühüm xidmətlər göstərmişlər.
Buna görə professor H.Cəfərov yeni faktlar, mənbələr
əsasında Naxçıvanda XX əsrdə maarifçilik
hərəkatının yüksək səviyyədə
olduğunu, bir çox uğurlara imza
atıldığını inandırıcı şəkildə
qeyd etmişdir.
Kitabda XIX əsrdə
Naxçıvanda dünyəvi təhsilin vəziyyətinə
xüsusi diqqət yetirilmiş, əsrin sonlarında meydana
çıxan yeni tipli şəhər və qəza təhsil
ocaqlarının meydana gəlməsi prosesinin anatomiyası
verilmişdir. Müəllifin qeyd olunan məsələlərlə
əlaqədar elmi mülahizələri diqqət çəkir.
Kitaba ilk dəfə daxil edilən sənədlər
mühüm əhəmiyyət kəsb edir. Professorun Ordubadda
"Əxtər"(1892), Naxçıvanda "Tərbiyə"(1894)
məktəblərinin fəaliyyətinə dair gətirdiyi
faktlar maarifçilik hərəkatının səciyyəvi
cəhətlərini işıqlandırmaqla yanaşı,
xüsusilə öz dövrünün görkəmli məktəbşünas-pedaqoqu
Məhəmmədtağı Sidqinin xidmətlərini də
geniş oxucu kütləsinə çatdırmağa imkan
vermişdir.
Tədqiqatçı təhsilin
tarixinə dair indiyədək daha ciddi araşdırmaların
aparılmadığını da düzgün qeyd edir. Son
vaxtlara qədər regionun təhsil tarixi barədə
sanballı bir tədqiqat işi ortaya
çıxarılmamışdır. Ədalət naminə
qeyd etməliyik ki, bu kitab Naxçıvanda təhsilin
inkişaf tarixinə aid ümumiləşdirilmiş əsər
hesab edilə bilər.
Bəşər mədəniyyətinin
ən qədim məskənlərindən biri, Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarı zəngin
maarifçilik ənənələrinə malik olmuşdur.
Müəllifin orta əsr qaynaqlarına əsasən gəldiyi
nəticə ondan ibarətdir ki, Yaxın Şərqin qədim
mədəniyyət mərkəzlərindən olan
Naxçıvan şəhəri elmin, təhsilin inkişaf
etdiyi, yeni üsullu ilk məktəblərin və mədrəsələrin
yarandığı yaşayış məskənlərindəndir.
Gətirilən faktlar
Naxçıvan Muxtar Respublikasında təhsilin
dinamikasını izləməyə imkan verir. Kitabda qeyd edilir
ki, 1939-cu ildə muxtar respublikada əhalinin hər 10 min nəfərinə
77 nəfər ali təhsilli düşürdüsə,
1989-cu ildə bu rəqəm 223, 1995-ci ildə 554, 2008-ci ildə
isə 685 nəfər olmuşdur. Bütün bu gerçəkliklər
təhsil sahəsindəki uğurların göstəricisidir.
Naxçıvan bir çox
Azərbaycan alim və mütəfəkkirlərinin vətəni
olmuşdur. Monoqrafiyada Naxçıvanda maarif sisteminin təşəkkül
tapmasına dair verilən məlumatlar Azərbaycan həqiqətlərinin
təbliğində və dünyaya
çatdırılmasında mühüm əhəmiyyət
kəsb edir. Müəllif XX əsrin 20-30-cu illərində
Naxçıvan MSSR-də təhsilin inkişafı ilə
bağlı yeni arxiv materiallarından istifadə etmişdir
ki, bu da təhsil sistemində olan dəyişikliklərin, əldə
edilən uğurların tam şəkildə əks
olunmasına geniş imkanlar yaratmışdır. Kitabdan
aydın görünür ki, Naxçıvan Muxtar
Respublikasında təhsilə ayrılan xərclərin ilbəil
artması sayəsində mədəni-maarif müəssisələrinin,
məktəblərin tikintisinə və əsaslı bərpasına
ciddi diqqət yetirilir.
Tədqiqatın ən mühüm məziyyətlərindən biri də təhsil sisteminə "unutsaq unudularıq" bucağı altından baxılmasıdır. Ona görə də bu sahə ilə bağlı elmi-tədqiqat əsərində heç nə unudulmamışdır, desək, daha ədalətli olar. Bu kitab gələcək tədqiqatçılar üçün mühüm mənbəyə çevriləcəkdir. 1991-2001-ci illərdə inşa edilmiş və əsaslı təmir olunmuş təhsil müəssisələri, tikilən və əsaslı təmir olunan uşaq bağçaları, yeni yaradılan musiqi məktəbləri, kompüter tədris mərkəzləri, istifadəyə verilmiş redaksiya-nəşriyyat və poliqrafiya müəssisələri, ali məktəblərə, muzeylərə, teatrlara aid zəngin faktlar əsərin tutumunu və əhəmiyyətini daha da artırır.
"Müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı" adlanan fəsildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə gənclərin Naxçıvandan Türkiyəyə təhsil almağa göndərilməsi ilə əlaqədar yeni faktlar oxuculara təqdim olunur. Qeyd edilir ki, Heydər Əliyevin siyasi təcrübəsi və qətiyyəti sayəsində muxtar respublikada sabitlik təmin olunmuş, demokratik, hüquqi dövlət quruculuğuna başlanmış, xalqla muxtar respublika rəhbərliyi arasında həmrəylik və birlik yaradılmışdır.
Kitabda 2003-2010-cu illər Naxçıvanda təhsilin intibah dövrü hesab edilir və buna dair çox maraqlı faktlar və nəticələr təqdim olunur. Monoqrafiyada muxtar respublikada işləmiş təhsil nazirləri haqqında yazılar verilmiş, təhsil müəssisələrinin şəkilləri, bunlarla yanaşı, təhsilin bütün göstəriciləri barədə geniş məlumatlar öz əksini tapmışdır. Bütün bunlar isə kitabın daha da oxunaqlı olmasına dəlalət edir.
Təhsilin inkişafının bu şəkildə ardıcıllıqla, yüksək elmi səviyyədə ətraflı tədqiq edilməsi əsərin ensiklopedik səciyyə daşıdığına sübutdur. Bu kitab hamıya lazımdır. Ona görə ki, belə tədqiqatlar insanları aydınlıq xəzinəsinə - Günəşə yolçuluğa dəvət edir.
Həsənbala SADIQOV,
Gəncə Dövlət
Universitetinin professoru
Azərbaycan.- 2011.- 14 aprel.- S. 7.