“Gömrük
tarifi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2011-ci il 4 mart tarixli 81-IVQD nömrəli
Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 81-IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının “Gömrük tarifi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. həmin Qanundan irəli
gələn digər məsələləri həll etsin.
2. Müəyyən
edilsin ki, “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikası Qanununun 30-cu maddəsinin 5-ci bəndinin ikinci
cümləsində nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2011-ci il.
Azərbaycan.- 2011.- 15 aprel.- S. 4.