Prezident İlham Əliyev
Masallıda yenidən qurulmuş Nizami Gəncəvi parkı
ilə tanış olmuşdur
Aprelin 14-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Masallı şəhərinin
Talışxanov küçəsində yenidən qurulmuş
Nizami Gəncəvi parkı ilə tanış olmuşdur. Rayon
ictimaiyyətinin nümayəndələri dövlətimizin
başçısını hərarətlə
qarşıladılar.
İstirahət mərkəzi
ilə tanış olan dövlətimizin
başçısına məlumat verildi ki, Nizami Gəncəvi
parkı 1967-ci ildə salınmışdır. Ümumi sahəsi
4500 kvatratmetr olan park uzun illər baxımsız vəziyyətdə
olduğundan yararsız hala düşmüşdur. 2011-ci ilin əvvəlindən
parkda yenidənqurma və genişləndirmə işlərinə
başlanılmışdır. Parkda müasir
işıqlandırma sistemi quraşdırılmış və
yeni fəvvarə inşa olunmuşdur. Park tamamilə
abadlaşdırılmış və 500 kvadratmetr sahədə
yeni yaşıllıq zolaqları salınmışdır.
Bildirildi ki, parkın ətrafında
milli memarlıq üslubunda 280 metr uzunluğunda hasar
tikilmişdir. İstirahət mərkəzində mədəni-kütləvi
tədbirlərin keçirilməsi üçün səhnə
qurulmuş və digər müvafiq işlər
görülmüşdür. Parkın ərazisində yerləşən
rayon Mədəniyyət evinin fasadı da yenilənmişdir.
İdeoloji Mərkəzdə də yenidənqurma işləri
aparılmışdır. Parkın
yaxınlığındakı binaların fasadlarında
aparılan təmir işləri tamamlanmaq üzrədir.
Yenidənqurma tədbirləri
zamanı bu istirahət ocağı ilə ətrafın
ümumi ansambl təşkil etməsinə xüsusi diqqət
yetirilmişdir.
Prezident İlham Əliyev burada Masallı şəhərinin və rayonun qaz təchizatı sxemlərinə baxdı. Məlumat verildi ki, dövlət proqramına əsasən rayon mərkəzində əvvəllər qaz almayan kommunal binalar da daxil olmaqla, şəhərin bütün yaşayış massivlərində birpilləli sistem üzrə qaz təsərrüfatının yenidən qurulması işləri aparılır. İndi Masallı şəhərində qazdan istifadə edən abonentlərin sayı 3300-ə çatır. Cari ilin sonunadək aparılan təmir-bərpa işlərinin tam başa çatdırılması və bununla da Masallı şəhərində 6 minədək abonentin qazla təmin olunması nəzərdə tutulmuşdur. Dövlət proqramı əsasında rayonun Muğan zonasında yerləşən 22 yaşayış məntəqəsində 6176 abonentin qazla təmin olunması məqsədilə birpilləli sistem üzrə həmin yaşayış məntəqələrinin layihə-smeta sənədləri hazırlanmışdır.
Həmin kəndləri təbii qazla təmin edəcək 55 kilometr uzunluğunda daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılmışdır. Hazırda daşıyıcı kəmərin 3,5 kilometrlik hissəsi çəkilmişdir. İşlər tam başa çatdırıldıqdan sonra rayon üzrə abonentlərin sayı daha 9 minədək artacaqdır.
Prezident İlham Əliyev Masallı şəhərinin planı, su təchizatı və kanalizasiya şəbəkələrinin, şəhərin içməli və çirkab sutəmizləyici qurğularının planları, eləcə də şəhərdə aparılacaq tikinti-abadlıq işləri zamanı istifadə olunacaq materiallar və avadanlıqların nümunələri ilə tanış oldu.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, illərdən bəri Masallı şəhərində mövcud olan içməli su və kanalizasiya problemlərinin həlli bu layihənin həyata keçirilməsi ilə aradan qalxacaqdır. Masallı şəhərinə içməli su nəqli 10 kilometrə yaxın məsafədən diametri 630 millimetr olan daşıyıcı xətt vasitəsilə həyata keçiriləcək və şəhər daxilində müxtəlif diametrli borularla paylanacaqdır. Su xətlərinin ümumi uzunluğu 125 kilometr, kanalizasiya xətlərinin ümumi uzunluğu isə 120 kilometr olacaqdır.
Prezident İlham Əliyev Masallı şəhərinin abadlaşdırılması planına da baxdı.
Məlumat verildi ki, şəhərdə 19 min 200 kvadratmetr sahənin abadlaşdırılması nəzərdə tutulmuşdur. O cümlədən Heydər Əliyev prospektinin yenidən qurulması planlaşdırılmışdır. Prospektin hər iki tərəfindəki tikililər sökülərək yol genişləndiriləcək, yaşıllıq zolaqları salınacaqdır. 8 min 400 kvadratmetr sahədə çəmənlik salınacaqdır. Dörd fontan qurulacaqdır. Prospekt müasir işıqlandırma sistemi ilə təchiz olunacaqdır. Bundan əlavə, prospekt boyu kommunal binaların fasadları müasir səviyyədə təmir olunacaqdır.
Prezident İlham Əliyev parkda Nizami Gəncəvinin yeni abidəsinin açılışında iştirak etdi.
Nizami Gəncəvinin parkdakı heykəli yenisi ilə əvəzlənmişdir. Tuncdan hazırlanan heykəlin hündürlüyü 3,6 metrdir. Abidə kompleksinin arxa tərəfində dahi mütəfəkkirin əsərlərinin motivlərindən ibarət kompozisiya yaradılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 15 aprel.- S. 1, 2.