Prezident İlham Əliyev Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunda aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuşdur

 

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunda aparılan tikinti və yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısı yeni yolun tikildiyi əraziyə gəldi.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, 2009-cu ilin martında inşasına başlanılan Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu əvvəllər 243 kilometr olmuşdur. Layihələndirmə zamanı daha optimal marşrutlar seçilmiş və yenidənqurma nəticəsində yol 38 kilometr qısaldılaraq 205 kilometr olacaqdır. Ələt yaxınlığında salınan yeni yolun eni 27,5 metr, hərəkət hissəsi dördzolaqlıdır. Burada iki yolötürücünün tikintisi başa çatmaq üzrədir. Hər biri dördzolaqlı olmaqla, yolötürücülərin birinin uzunluğu 86,6 metr, digərinin uzunluğu isə 101 metrdir. İndiyədək layihə üzrə tikinti-quraşdırma işləri 87 faiz yerinə yetirilmişdir. Tikinti işlərinin 2011-ci ilin sonunda tamamlanması planlaşdırılmışdır.

Yolun geniş olması avtomobillərin paytaxta və əks istiqamətə sərbəst və maneəsiz hərəkətinə imkan yaradacaqdır.

Prezident İlham Əliyev tikinti və yenidənqurma işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması, həmçinin magistralın keçdiyi ərazilərdə abadlıq işlərinə diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 15 aprel.- S., 3.